Yeni deputatın ilk açıqlaması qalmaqal yaratdı - Məhkəməyə verilir

-yeni-deputatin-ilk-aciqlamasi-qalmaqal-yaratdi-
Oxunma sayı: 13607

Bu il keçirilən parlament seçkilərində millət vəkili statusu qazanan Naqif Həmzəyevin ilk açıqlaması qalmaqal yaradıb.

“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, N. Həmzəyevin “Rəsulzadənın büstünə torba keçirilməsi ilə bağlı son durum haqda nə deyərdiz?” sualına cavabı gözlənilməz olub. “Niyə Rəsulzadının büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram, mənim üçün bircə lider var, o da ümummilli lider. Gəncəli gənclər də mənim bu fikrim ilə razıdırlar” deyən N. Həmzəyev Rəsulzadəni satqın adlandırıb: “O bizim İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycanda qarşı xarici qüvvələrlə sıx əlaqədə olub”.

Məsələyə münasibət bildirən Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin yeni deputatın açıqlamasına münasibəti isə kəskin olub. O, Modern.az saytına açıqlamasında deputatla məhkəmədə görüşəcəyini deyib: “Dediyi sözlərin hamısı onun özünə aiddir. Belə fikir səsləndirməsi həmin adamın tarixi bilməməsindən irəli gəlir.

Təəssüf edirəm ki, belə savadsızlar deputat seçilib. O, Məhəmməd Əmin Rəsulzadəni təhqir edibsə, məhkəmədə cavab verməli olacaq. O kimdir?! Prezidentdən çox bilir tariximizi?! Ona sual etmək lazımdır ki, əldəqayırma deputat ölkə başçısından çox bilir?! Bu savadsız, kimliyi bilinməyən adam Heydər Əliyevə, İlham Əliyevə, alimlərə tarix öyrədəcək?! Dediklərinin hamısı məhkəmə müstəvisində həll ediləcək. Təhqirlərinə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, prezident İlham Əliyev 22 noyabr 2013-cü ildə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş şəxs kimi qiymətləndirilir.