“Wikileaks”in açıqlamaları...

wikileaksin-aciqlamalari
Oxunma sayı: 663

“Wikileaks”in açıqlamaları Azərbaycan dövlətinə qarşı aparılan çirkin siyasətin tərkib hissəsidir!

“Wikileaks” saytında Azərbaycanla bağlı yerləşdirilmiş məlumatların məqsəd və məramını dərk etməyən bir çoxları yazılan məlumatı həqiqət kimi qəbul etməklə yanıldıqlarını, bəlkə də bir müddət sonra dərk edəcəklər. Görəsən, əsas mayası yalan, böhtan üzərində qurulan və heç bir əsası olmayan belə məlumatları mətbuat səhifələrində oxuyan bizlər bunu siyasi təhlil etmək bacarığına kifayət qədər malikikmi? Bu məlumatların arxasında sadəcə informasiya, yoxsa böyük dövlətlərin çirkin siyasəti durduğunu dərk edir, anlayırıqmı?

Mən qəlbində Vətən, torpaq, dövlət sevgisi olan hər bir Azərbaycan vətəndaşı ilə Azərbaycan haqqında yazılan bu məlumatların əsas hədəfinin nə olması ilə bağlı fikirlərimi bölüşmək istərdim.

Cənubi Qafqazda kifayət qədər nüfuz və söz sahibi olan Azərbaycan güclü iqtisadi potensiala malik bir dövlətdir. Müstəqil siyasi kursa malik Azərbaycan başqa dövlətləri onunla hesablaşmağa, ona hörmət etməyə yönələn bu siyasi kursunu dəyişmir və dəyişmək də istəmir.

Azərbaycan kiçik dövlətdir. Onun dünyada daha çox gücə və əraziyə malik olan dövlətlərlə quru və su sərhədləri vardır və həmsərhəd olduğu bu dövlətlərlə normal qonşuluq siyasəti həyata keçirir. Azərbaycan dünyada baş verən proseslərdə bitərəfliyi qorumaqla heç bir dövlətin siyasi maraqları naminə hərəkətlər etmir və hamı ilə, o cümlədən də qonşu Rusiya, Türkiyə, İranla münasibətlərini saxlamaqda maraqlıdır. Bəs bu maraqlar hamını qane edirmi?

Təbii ki, yox! Heç şübhə etmirəm ki, bu gün bizim bilmədiyimiz, lakin bəzən hiss etdiyimiz formada Azərbaycanın maraqlarına zidd qərarların qəbul edilməsindən tutmuş digər məsələlərə qədər Azərbaycana, onun siyasi kursunu uzaqgörənliklə idarə edən dövlətimizin başçısına müəyyən siyasi təzyiqlər edilir və edilməkdədir.

Bir faktı xatırlatmaq istərdim. Azərbaycan Prezidentinin iki il öncə, daha dəqiq desəm, 2009-cu il aprelin 6-da Türkiyədə İkinci “Mədəniyyətlər İttifaqı” zirvə toplantısına qatılmaması, ABŞ dövlət katibi xanım Hillari Klintonun zəngindən sonra belə mövqeyini dəyişməməsi, təbii ki, “Wikileaks” sahibləri olan dövlətlərin rəhbərlərini razı sala bilməzdi. Həmin toplantıda qərbin Türkiyə-Ermənistan sərhədlərinin açılmasına yönəlmiş niyyətləri həyata keçirilməli idi.

Azərbaycan Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquq normalarına hörmət edilməsini, ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazı olmasını, sözdən və boş bəyanatlardan əməli işə keçmək vaxtının çatdığını Amerika və digər iri Avropa dövlətlərindən, beynəlxalq təşkilatlardan tələb etdiyi bir dövrdə, onlar Azərbaycanı zəiflətmək, daima təzyiq altında saxlamaq, ona yeni-yeni problemlər yaratmaq yollarını arayıb axtarırlar.

Bu dövlətlərin əsas məqsədi ilk növbədə Azərbaycanı qonşularından təcrid etmək, dövlətlər və dövlət başçıları arasında narazılıq, etimadsızlıq yaratmaq, münasibətləri korlamaqdır. Bu Azərbaycan və Azərbaycan xalqına zərər verə biləcək olduqca təhlükəli, düşünülmüş bir siyasətdir.

Doğrudur, bu dövlətlər “Wikileaks”in əlində aciz qaldıqlarını, bu məlumatlardan xəbərsiz olduqlarını göstərməyə çalışırlar. Amma bu heç inandırıcı görünmür. Müqayisə qüsurlu olsa da, burada “Dovşana qaç, tazıya tut” məsəli yada düşür...

Məhz “Wikileaks”in son açıqlamasında Azərbaycan Respublikası Prezidentinin guya Türkiyə, Rusiya, İran dövləti və dövlət başçıları ilə bağlı həqiqətə uyğun olmayan “fikirlərinin” işıqlandırılması, bəzi digər məsələlərlə əlaqədar məqamların Azərbaycanın digər rəhbər şəxslərinin dilindən “açıqlanması”, birmənalı olaraq düşünülmüş böyük və məkrli bir siyasətin tərkib hissəsidir. Bu siyasət Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya, Azərbaycan-İran münasibətlərinin gərginləşməsinə xidmət edir. Daha çox isə Azərbaycan-Türkiyə münasibətlərinin korlanmasına hesablanmış bir siyasətdir.

Bu gün Azərbaycanın Dağlıq Qarabağla bağlı məsələsinin həllində bizə özünün əməli işi ilə dəstək verən yeganə dövlət, Türkiyə dövlətidir. Bu münasibət isə “Wikileaks” in sahibləri olan “Sem dayıları”nı qane etmir. Dedi-qodu, yalan və böhtan mexanizminin siyasi arenada hər zaman sınanılmış vasitə olduğunu bilən bu dövlətlər əllərində olan belə mətbuat vasitələrini işə salmaqda maraqlıdırlar.

Heç şübhə etmirəm ki, “Wikileaks”-in “Sem dayıları”nın Azərbaycana olan “sevgisi”nin arxasında Dağlıq Qarabağ probleminin Ermənistanın xeyrinə həlli durur.

Azərbaycanın isə Dağlıq Qarabağ məsələsində iqtidarlı müxalifətli bir mövqeyi vardır!

Belə ki, Dağlıq Qarabağ ərazisi işğalçı Ermənistan ordusu tərəfindən boşaldılmalı, Azərbaycan vətəndaşları öz torpaqlarına, doğma yurd-yuvalarına qayıtmalı, de-fakto Azərbaycan öz ərazisi olan Dağlıq Qarabağa sahib olmalıdır.

Mən dəfələrlə xarici səfərlərdə, beynəlxalq tədbirlərdə insan haqlarından və demokratiyadan dəm vuran Avropa və digər dövlətlərin bu dəyərlərə göz yumduqlarını, iqtisadi və siyasi maraqlarının hər şeydən üstün olduğunu nümayiş etdirdiklərinin şahidi olmuş, buna etiraz etmiş və onların sözdə bir, əməldə isə başqa mövqe nümayiş etdirdiklərini pisləmişəm.

Biz, Vətənini, torpağını, xalqını sevən Azərbaycan vətəndaşları olaraq “Wikileaks”-də gedən çox dəyərsiz informasiyaların təsiri altında əsas məqamı - Azərbaycan müstəqilliyinə, onun ərazi bütövlüyünə, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə mane olmağa, dövlətlər və dövlət başçıları arasındakı münasibətləri korlamağa yönələn bu məlumatların yalan, böhtan və məqsədyönlü olduğunu unutmamalıyıq!

Biz, dünya dövlətləri ilə Azərbaycanın maraqlarına uyğun əməkdaşlıq münasibətləri qurmuş və bunu inkişaf etdirən, dövlət siyasətini uğurla həyata keçirən, Dağlıq Qarabağ probleminin həllində xalqın istək və arzusuna uyğun dəyişməz mövqe nümayiş etdirən, beynəlxalq hüquq normaları çərçivəsində bu problemin ədalətli həllinə çalışan dövlət rəsmilərinin yanında olmalı, hər an xalqın dəstəyini onlara hiss etdirməliyik!

Tanrı Azərbaycanı və Azərbaycan xalqını qorusun!

P.S. Məncə “Sem dayıları”nın acığına Türkiyə-Azərbaycan arasındakı viza probleminin tezliklə həll edilməsi məsələsinə də baxmağın vaxtı çatmışdır.