Vəzifədə işləyəndə şir, çıxanda quzu olurlar...

vezifede-isleyende-sir-cixanda-quzu-olurlar
Oxunma sayı: 4672

Seymur Verdizadə

Modern.az saytının əməkdaşı Gülşən Raufqızı maraqlı bir status yazıb: “Həmişə Mirşahin Ağayevə zəng vuranda gözümü yumurdum ki, indi acıqlı cavab verəcək. Bu dəfə telefonu açan kimi “hay can” dedi, səbrli və mehriban danışdı. Qulaqlarıma inanmadım”.

Mirşahin Ağayevlə yollarımız heç vaxt kəsişməyib. O, televiziyada, mən isə mətbuatda çalışdığım üçün bir dəfə də üz-üzə gəlməmişik. Amma yadımdadır ki, üç il əvvəl Mirşahin müəllimi sərt üslubda tənqid etmişdim. Mirşahin Ağayev söz adamı olsa da, o vaxt mənə cavab verməmişdi. Bir müddət sonra biz Xoşqədəm xanımla birlikdə ATV-dən ANS-ə keçəndə də, Mirşahin müəllim mənimlə ədavət aparmadı. Əksinə, mən həmin vaxt ANS-in efirində Mirşahin Ağayevdən çox olurdum...

Bu qısa izahat ondan ötrüdür ki, oxucu sabiq vitse-prezidentlə aramızda hansısa konfliktin olduğunu düşünməsin. Mən həmişə ANS rəhbərliyindən özümə qarşı hörmət görmüşəm. Buna baxmayaraq, Mirşahin Ağayevin hansısa jurnalistə “hay can” dediyini ilk dəfədi eşidirəm. ANS-ə efir məkanındakı fəaliyyətini tezliklə bərpa etməyi arzulamaqla yanaşı, bu telekanalda işləməyin jurnalistlər üçün cəhənnəm əzabından da betər olduğunu yazmaqdan çəkinməməliyik. İstedadlı adam olduğu hətta rəqibləri tərəfindən də qəbul edilən Mirşahin müəllim ANS-in vitse-prezidenti olanda tabeliyində işləyənləri həmişə təhqir edib. Mirşahin Ağayevin hikkəsi üzündən ANS-lə vidalaşan jurnalistlərin dəqiq siyahısını müəyyənləşdirmək istəsək, bizə ən azı iki gün vaxt lazım olacaq. Demək istədiyim odur ki, Mirşahin müəllim ANS-in vitse-prezidenti işləyəndə onu arayan jurnalistə “hay can”, - deyə xitab etsəydi, daha şirin səslənərdi...

Azərbaycanda bəzi insanlar ikili həyat yaşayırlar. Elə adamlar var ki, vəzifədə işləyəndə şir, çıxanda quzu olurlar. Vaxtilə icra başçısı işləmiş üç-dörd nəfərlə indi çox yaxşı münasibətim var. Demək olar ki, hər axşam parkda gəzir, yorulanda isə çay içib, söhbət edirik. Hər dəfə söhbət düşəndə, hamısı bir ağızdan soruşur: “Biz vəzifədə işləyəndə sən harda idin?” Bu adamları heç cür başa sala bilmirəm ki, mən həmişə öz işimlə məşğul olmuşam. Amma vəzifə gözünüzü tutduğu üçün məni görə bilmirdiniz...

Vəzifədən çıxandan sonra onlarda qəribə dəyişikliklər baş verib. Belə demək mümkündürsə, hamısının ürəyi yuxa kimi incə olub. Ötən gün parkda gəzəndə nadinc uşaqlardan biri yaxınlıqdakı pişik balasını hürkütmək üçün ayağını yerə çırpanda, 12 il icra başçısı işləmiş ağsaqqal hamıdan əvvəl reaksiya verdi: “A bala, işin olmasın, Allaha ağır gedər”. Amma mən eşitmişdim ki, ağsaqqal icra başçısı işləyəndə nəinki heyvanlara, heç adamlara da rəhm etmirmiş...

Tanışlarımdan biri əvvəllər Nəqliyyat Nazirliyində müfəttiş işləyirdi. Əlində səlahiyyət olanda zavallı taksi sürücülərinə göz verib, işıq vermirdi. Metronun “Koroğlu”stansiyasının yaxınlığında şapalaqlamadığı sürücü qalmamışdı. İşdən çıxandan sonra quzuya dönüb. Hər dəfə məni görəndə qorxa-qorxa Ziya Məmmədovun nə vaxt istefaya göndəriləcəyini soruşur. Söz deyəndə çiyinlərini qısıb, elə görkəm alır ki, sanki beş-altı ay əvvəl küçədə taksi sürücülərini şapalaqlayan bu deyildi...

Üç-dörd tanışım var. Dərin bilikləri, geniş dünyagörüşləri, üstəlik, zərrə qədər təşkilatçılıq bacarıqları olmasa da, arvad qohumlarının sayəsində hərəsi bir vəzifə tutub. Onlar kürsü sahibi olandan sonra aramızda burdan Amerikaya qədər məsafə əmələ gəlib. Yüz faiz bilirəm ki, işdən çıxandan sonra hamısı bir ağızdan belə deyəcək: “Biz vəzifədə işləyəndə sən harda idin?” Zəhləmgetmiş bu sualı bir daha eşitmək istəmədiyim üçün qısa izahat verməyi özümə borc bilirəm: Cənablar, əgər istəsəniz, məni yenə əvvəlki ünvanda, adama 1 manatdan yığıb çay içdiyimiz parkda tapa bilərsiniz. Əmin olun ki, sizinlə görüşmək üçün ürəyim getmir. Bu sətirləri də ona görə yazıram ki, vəzifədən çıxandan sonra “sən hardaydın?”, - deyib baş-beynimi aparmayasınız...