“Vaxt gələcək, onlar da cavab verəcək” - Millət vəkili

vaxt-gelecek-onlar-da-cavab-verecek
Oxunma sayı: 1550

"Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan, antiazərbaycan xarakterli bəyanatlarla çıxış edən Aleksandr Lapşinin ekstradisiyası beynəlxalq hüquq normalarına uyğundur".

Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Əliyev deyib. Onun sözlərinə görə, A.Lapşin Azərbaycan qanunlarını pozub, qeyri-qanuni hərəkətlər edib: "O, Azərbaycana qarşı qanunvericilikdə cinayət təqibi nəzərdə tutulan çağırışlar edib. Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı materialları Belarus tərəfinə təqdim edib. Belarusda məsələyə qanun çərçivəsində baxılaraq müəyyən edilib ki, Lapşin cinayət əməli törədib və bu əməllərin istintaqının aparılması üçün dövlətlərarası sazişə və beynəlxalq hüquq normalarına uyğun olaraq, o, Azərbaycana ekstradisiya olunmalıdır. Azərbaycanda Lapşin ədalət məhkəməsi qarşısında cavab verəcək. Məhkəmə müəyyən edəcək ki, Lapşin hansı cinayət əməlini törədib və buna uyğun da qərar qəbul ediləcək".

Millət vəkili deyib ki, bu prosesdə heç bir qanun pozuntusu yoxdur və Azərbaycan daim beynəlxalq hüquq normalarına əməl edir: "Amma Azərbaycandan fərqli olaraq, Ermənistan və onun himayədarları hər zaman beynəlxalq hüquq normalarını pozurlar. Ermənistan insanlığa qarşı cinayət əməlləri, etnik təmizləmələr və soyqırımlar həyata keçirib. Vaxt gələcək, onlar bu cinayət əməllərinə görə cavab verəcəklər, cinayət əməllərini törədən şəxslər ölkəmizə ekstradisiya ediləcək və Azərbaycanın ədalət mühakiməsi qarşısına çıxarılacaq".

B.Əliyev deyir ki, A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi Azərbaycan prezidentinin siyasi iradəsinin bir təzahürüdür.