Üzr qığılcımından "doğan" partlayış

uzr-qigilcimindan-dogan-partlayis
Oxunma sayı: 1676

İlqar Altay

Ərdoğanın Putindən üzr diləməsi İstanbul aeroportunda partlayışla "nəticələndi". Qardaş Türkiyə yenə qan içindədir, onlarca ölü, daha da çox, yaralı, yenə ölkə təlatümdə, türk dünyası qüssədə. Bəs, üzrlə partlayış arasında əlaqə olarmı? Niyə də ki, yox?! Rusiyanın SU-24 təyyarəsini vurub Putini küsdürüb, hirsləndirəndə partlayışlar oldusa, barışıb əks tərəfə qısqanclıq yaradanda niyə ki, olmasın?

PKK, İŞİD və Hizbullah kimi, onsuz da Türkiyə ilə qanlı dava qovğası yaşayan, dövlət qədər "qüdrətli" terror təşkilatları hazır dururlar. Kim ödənişini etsə, ya "diğər!" maraqlarını təmin etsə böyük məmnunluq hissi ilə Türkiyəni vurmağa hazırdırlar. Özü də, heç fərq etmir, sifariş hansı tərəfdən gəlsin, Şərqdən ya Qərbdən, təki gəlsin...

Maraqlı orasıdır ki, niyə, Türkiyə kimi güclü, qüdrətli yetkin bir dövlət son dövrlər, onunla sözü düz gəlməyib, acıqlanıb ondan heyfini çıxan tərəflərin "partlayış cəzası" hədəfi kimi, zəif halqaya çevrilsin? Buradan da ardıcıl suallar çıxır. Nədən, patlayış və kütləvi insan tələfatı ilə nəticələnən terror hadisəsi eynilə Avropadakı kimi, bütün dünyanın diqqətini çəkən təsirli kütləvi etiraz tədbirləri ilə cavablandırılmasın?

Nədən, çox güclü hərbi kəşfiyyat və əks kəşfiyyatı, möhtəşəm xüsusi xidmət orqanları, xəfiyyəsinə malik bir ölkəyə istənilən terror təşkilatı rahatlıqla daxil olur və ondan da rahat şəkildə öz "işini" görə bilir? Və nəhayət, əvvəllər yalnız öz maraqları üçün, indisə, hətta sifariş-icraçı kimi Türkiyəyə terror basqısı yapan qonşuluqdakı terror bazaları və mərkəzləri nədən birbaşa zərbə ilə məhv edilməsin?

Bu həmin Türkiyə deyilmi, PKK-nı İraq dağlarında kahalarının içində, öz yuvasında məhv edirdi. Türkün qanlı terrorist düşmənlərini bütün dünyanın hər yerində təqib edirdi. PKK lideri Öcalanı uzaq Afrikadan əliqolu bağlı, başında torba tutub gətirib biabır etdi, gücünü göstərdi! İndi nə olub, nə problem var, nə baş verir, nəyə başı qarışıb, Türkiyə dövlətinin?

Artıq, vaxt deyilmi ki, anlaşılmaz 5-10-cu dərəcəli istiqamətlərə xərc edilən “qətiyyətli addımlar” ölkənin milli təhlükəsizliyi kimi həyati vacib tərəfə yönlənsin? Putinin misalında: adicə, Ukraynadakı rusların dilini dövlət dili hesabından çıxarma səbəbindən Ukraynaya silahlı basqı yapan Putin, istənilən qonşu ərazidə Rusiyaya terror basqısı yapan təşkilatları nə günə salardı?

Və bu gedişatla, Türkiyədən, Ərdoğandan hər inciyən-küsən, düymə basıb, Türkiyənin qonşulugundakı 2-3 terror qruplaşmasını hər dəfə hərəkətə gətirib bu yekəlikdə ölkəyə təzyiq edib, qorxuya salacaqsa, bu ölkənin müstəqil siyasətinin, qüdrətinin, adının, nüfuzunun sonu nə olacaq? Türkiyəyə qırılmaz tellərlə bağlı Dünya Türk Toplumunun sonu nə olacaq? Belə olmaz, hərəkətə keçilməli!

Qaldı ki, Ərdoğan Putindən üzr istədimi ya necə istədi, nə məqsədlə istədi, bu məsələ soyuq, düzğün başla təhlilə ehtiyacdır. Burada isə, həm mənfi-itkili, həm müsbət-sərfəli, həm də, maraqlı cəhətlər var. Əsas məsələ bu üzrün arxasındakı məqsəddir. Bu, hansısa növbəti qeyri-müvazinətli, anlaşılmaz, emosional sıçrayışlı addımdırsa, onda heç. Bunun arxasında Türkiyənin və Türk Birliyinin də iri mənafeyi durursa, onda əhsən.

Ancaq, bu saat daha önəmlisi - Türkiyənin, qardaş türk xalqının milli təhlükəsizliyinə qəsd ortadadır. Günahsız qanlar tökülüb, əhali qorxu hissindədir, ölkə silkələnib, ümumi sarsınrı var. Qardaş Türkiyə xalqı və dövlətinin dərdini bölüşüb, keçmiş olsun deyək.