“Televiziyalarda xörək bişirmə verilişlərindənsə...”

televiziyalarda-xorek-bisirme-verilislerindense
Oxunma sayı: 2691

Millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun fəaliyyətini müsbət qiymətləndirib.

Qafqazinfo” nun məlumatına görə, o, bildirib ki, əvvəlki illərlə müqayisədə son illər ölkədə dilənçilərin, dilənçiliyə vadar edilən uşaqların, həmçinin, cəmiyyətdə adları "avtobuslarda pulyığan uşaqlar" kimi tanınan azyaşlıların sayı azalıb:

“Bununla yanaşı, bir vaxtlar Birləşmiş Ərəb Əmirlikləri sözü bizdə başqa assosiasiya doğururdu. Artıq son illər qulağımız bu məsələdə çirkli sözlər eşitməkdən qurtarıb”.

Millət vəkili Fəzail Ağamalı isə azyaşlı, yetkinlik yaşına çatmayan qız uşaqlarının zorla nikaha cəlb edilməsindən narahatlığını bildirib. Millət vəkilinin dediyinə görə, bu, əslində həmin qızların cinsi və fiziki istismarı deməkdir:

"Bu istiqamətdə tədbirlər görülür, bunlar öz yerində, ancaq hesab edirəm ki, bu məsələ ilə bağlı daha sərt addımlar atılmalıdır, mübarizə daha da gücləndirilməlidir".

Siyavuş Novruzov isə qeyd edib ki, dünyada baş verən hadisələr istər-istəməz insan alveri sahəsində Azərbyacana da təsir edir:

“Ona görə də təklif edərdim ki, Milli kordinatorun bu sahədə apardığı işlərdə iştirak edən insanların sayı daha da artırılsın. Gündəlik olaraq uşaqların məcburi əməyə cəlb olunması halları ilə qarşılaşırıq. Təbii ki, hüquq-mühafizə orqanlarının əməkdaşları problemin qarşısını almaq üçün ciddi şəkildə mübarizə aparır. Ancaq reallıq budur ki, hansı sahədə gəlir varsa, orada mütləq mövcud problemlər ortaya çıxır. Bundan başqa, uşaqların reabilitasiyaya cəlb olunması ilə bağlı müvafiq qurumlar da öz güclərini birləşdirməlidir".

S.Novruzov vurğulayıb ki, mətbuatda bu sahədə təbliğat işi olduqca zəif aparılır:

“Mətbuatda bu sahənin problemlərindən bəhs edən yazılar çox az işıqlanır. Həmçinin, televiziyalarda bu tip sosial çarxların sayının artırılmasına ehtiyac var. Televiziyalarda xörək bişirmə verilişlərindən daha çox bu cür məlumatların yayımlanmasına üstünlük verilməlidir”.

Həmçinin Komitə sədri bildirib ki, vaxtilə mətbuatda bir sıra xarici ölkələrdə Ermənistandan əsir düşmüş azərbaycanlıların daxili orqanlarını satılması ilə bağlı məlumatlar dərc olunmuşdu: “Təklif edərdim ki, həmin şəxslərin siyahısı hazırlanıb BMT-yə, İnterpola və digər beynəlxalq təşkilatlara göndərilməlidir ki, onların tapılması məsələsi daha da gücləndirilsin. Düzdür, Azərbaycanda bu işlə məşğul olan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası var. Ancaq yenə də hesab edirəm ki, itkin düşənlərin əksəriyyəti insan alverinin qurbanlarına çevriliblər. Bu baxımdan, beynəlxalq məhkəmədə hər hansı bir cinayət işinin açılması ilə əlaqədar addımlarımızı artırmalıyıq ki, gələcəkdə bu kimi halllar bir də təkrarlanmasın”.