Tələbələrə töhmət verildi - YAP-ın iclasına görə + Açıqlama

telebelere-tohmet-verildi-
Oxunma sayı: 8777

Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsinə Yeni Azərbaycan Partiyasının iclasında iştirak etmədiyi üçün töhmət verilməsi məsələsi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Qafqazinfo” xəbər verir ki, universitet dekanın partiya iclasında iştirak etməyən tələbələrə töhmət verməsi birmənalı qəbul edilmir. Belə ki, filologiya və jurnalistika fakültəsinin III kurs tələbələri YAP-ın may ayının 26-da keçirilən iclasına göndərildiyi halda orada iştirak etməyiblər. Buna görə də sözügedən fakültənin dekanı Sevda Vahabova tərəfindən 14 nəfər tələbəyə töhmət verilib.

Qafqazinfo” məsələ ilə əlaqədar Dillər Universitetinin Mətbuat Xidmətinin rəhbəri Şəfaqət Kazımova ilə əlaqə saxlayıb. O bildirib ki, məsələdən nə universitet rəhbərliyinin, nə də İdarə Heyətinin məlumatı var: “Bu gün məsələ ilə bağlı iclas çağırılıb. İclasda fakültə dekanı ilə bağlı müvafiq ölçü götürüləcək”.

***

Universitetdən “Qafqazinfo”ya bildirilib ki, sözügedən məsələ araşdırılıb. Məlum olub ki, həmin sənəd saxtadır: “Heç bir tələbəyə iclasda iştirak etmədiyi üçün töhmət verilməyib. Dekan Sevda Vahabova da bundan xəbərsizdir. Hazırda kimin hansı məqsədlə belə bir saxta sənəd yayması araşdırılır”.

Günel Türksoy