Spikerdən Zahid Oruca xoş replika - “Yerin görünür...”

spikerden-zahid-oruca-xos-replika
Oxunma sayı: 13365

“Camaat sual edir ki, kreditlər niyə manatla – öz milli valyutamız ilə deyil, dollarla verilir? Bu, qəbuledilməzdir, birbaşa Konstitusiya pozuntusudur”.

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı parlamentin növbədənkənar iclasında səsləndirib.
Onun sözlərinə görə, dollarla kredit, xüsusilə də istehlak kreditləri dollarla verilə bilməz: “Bunu edənlər həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılmalıdır. Hətta, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni müddəa əlavə edilməlidir”.

Spiker Oqtay Əsədov isə millət vəkilinə cavabında deyib ki, heç kimə məcburən dollarla kredit verilmir: “Heç kim məcbur edilmir ki, dollarla kredit götürsün. Dollarla kredit ona verilir ki, sahibkarlar xarici partnyorları ilə münasibətlərində bundan istifadə edə bilsinlər. Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq”.

***

“Energetika Nazirliyi niyə lazımdır ki? Onun səlahiyyətlərini yerinə yetirən SOCAR var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc parlamentin bugünkü iclasında məmurların sayının azaldılması məsələsindən danışarkən deyib.

O qeyd edib ki, elə bil ki bu nazirliyi bir adama görə yaratmışıq: “ Natiq müəllim təcrübəli şəxsdir. Neft strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb. Amma ayrıca bir nazirliyə ehtiyac yoxdur.
Bundan əlavə, “Azərenerji”ni niyə dövlət saxlayır, axı onun səlahiyyətlərini yerinə yetirəcək olan “Azərişıq” adlı qurum var”.

Millət vəkilinin bu çıxışına spiker Oqtay Əsədov “sənin gələcək yerin görünür...”- xoş replikası ilə cavab verib.

Bəzi millət vəkilləri də bu replikanı alqışla qarşılayıb. 

***

“Təkliflərin, islahatların həyata keçirilməsi üçün ictimai-siyasi sabitlik hər şeydən önəmlidir. Burda hansısa baş verən pozuntular vəziyyətdən çıxış yoluna xələl gətirər”.

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva parlamentin növbədənkənar iclasında deyib.
Millət vəkili təklif edib ki, hər bir qurumumuzda qaynar xətlər yaradılmalıdır ki, bölgələrdə hansısa problemlər çıxanda əhali həmin qurumları xəbərdar etsin: “İnsanlar hara müraciət edəcəklərini bilməlidirlər. Sabotaj xarakterli məlumatlara operativ cavab verilməlidir. Kim iş yeri açırsa, ona dəstək olmaq lazımdır. Bundan əlavə, işçi ixtisara salanda rəhbərlər bunu araşdırıb etməlidir. Əgər bir ailədən bir adam işləyirsə, onu ixtisara salmaq olmaz”.

Günel Türksoy