“Rusiyada çörək qazanmağımız iqtidarın günahıdır” - Razi Nurullayev

rusiyada-corek-qazanmagimiz-iqtidarin-gunahidir
Oxunma sayı: 1365

“Uzaq qohumdan yaxın qonşu yaxşıdır. Rusiya ilə bağlı da düşüncələrim belədir. Bununla bərabər, Rusiyanın iki onillikdir ki, Dağlıq-Qarabağ münaqişəsinin həllində öz geostrateji maraqlarını önə çəkərək bədnam Ermənistanı da müdafiə etməsini unutmuş deyiləm. Rusiyada çox həmvətənlərimiz yaşayır və onların göndərdikləri pul ilə də yüz minlərlə ailə güzəranını qurur. Buna görə də, Rusiyaya yaxın və xoş qonşu kimi baxmağın tərəfdarıyam və bu belə də qalacaq”.

Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan-Rusiya münasibətlərini dəyərləndirən yeni yaradılmış AXCP sədri Razi Nurullayev deyib. Sədir bildirib ki, Rusiya hökuməti bu gün bir çox nailiyyətlərinə görə Azərbaycana minnətdar olmalıdır: “Azərbaycan nefti sayəsində Rusiya Almaniya üzərində qələbə qazanıb. Rus tankları və təyyarələri 85 %-in üzərində bizim neftimizlə yeriyib və uçub. Biz olmasaydıq, Rusiyanın da qələbəsi olmazdı. 70 il ərzində Azərbaycan nefti sovet xalqlarının rifahına xidmət edib. Varlı respublika olmağımıza, gecə-gündüz taxıl və pambıq tarlalarında işləməyimizə baxmayaraq ən kasıb yaşayanlar arasında olmuşuq. Bizim hesabımıza Rusiya daxil, çoxları yaxşı yaşayıb. Elə buna görə də, bu gün azərbaycanlıların Rusiyada işləməsinə, pul qazanmasına, ora gəlməsinə, yaşamasına da Rusiya hökuməti və rus milləti pis baxmamlıdır. Bu bizim haqqımızdır”.

“Başqa məsələ ki, şəxsən istəməzdim ki, həmyerlilərimiz gedib kiminsə torpağında qorxa-qorxa işləyib çörək qazansınlar. Müstəqil Azərbaycanda yaşayan 10 milyonluq xalqımızı rifah içində yaşada bilməmək, iş və bizneslə təmin etməmək hazırkı iqtidarın günahıdır. Bunu hər gün deyirik və deyəcəyik, ona görə də əsas mövzuya qayıdıram”, deyən AXCP sədiri, Azərbaycan - Rusiya münasibətlərinə xələl gətirə biləcək, azərbaycanlıların heysiyyatına toxunacaq bəzi məqamları vurğulayıb:
“Azərbaycan pasportu dünyada tanınan və qəbul edilən bir pasportdur. Rusiyada sərhəd keçid məntəqəsində soruşurlar ki, rus dilinə tərcüməsi və notarial qaydada təsdiqi var? Bu nə deməkdir? Pasportda Azərbaycan və ingilis dillərində yazılıb və biz bütün dünyanı belə gəzirik. Deyirlər ki, rus şrifti ilə daxil edirik və bəzən düz gəlmir. Nə olsun ki. Yapon, koreyalı, çinli də, hindistanlı da latın hərfləri ilə yazmır. İndi o ölkələrə gedənlər pasportlarını çin, yapon, koreya, hindu dillərinə tərcümə edirlər? Qonşu Gürcüstanda da latın qrafikası yoxdur, məgər biz pasportumuzu gürcü dilinə tərcümə edirik?

Valyuta dəyişmə məntəqəsində, banklarda da pasportun tərcüməsini istəyirlər. Hansı turist pis münasibət görəndən sonra o ölkəyə bir də gəlmək istəyər? Ümumiyyətlə, Rusiyada xidmət və turizm mədəniyyəti çox aşağı səviyyədədir. Elə ona görə də, ruslar özləri də başqa ölkələrə üz tuturlar. Halbuki, Rusiyanın saysız-hesabsız istirahət mərkəzləri var, xidmət isə sıfırdır”.

Bütün bu məqamlara toxunan Razi Nurullayev, problemlərin səbəbindən də danışıb: “Səbəb isə birdir. Rusiya millətçilik və yerli-yersiz milli qürur xəstəliyinə tutulub. İmperiya abi-havası başında qalıb. Dünya dəyişib, mütərəqqiləşib, insana, cəmiyyətə, dinə qarşı bəlli mövqeyə sahib olub, amma Rusiyada sanki hər yenidən başlayır. Digər ölkələrin keçdiyi yola baxaraq daha öndən başlamaq istəmir. Yəni, imkan var ki, yeni texnologiyalar əxz etməklə birinci sinifdən birbaşa 8-ci sinfə keçəsən, amma Rusiya köhnə qayda ilə 10 il orta məktəbdə oxumaq istəyir. Həm də köhnə kitab, köhnə uçuq məktəb binası və sınıq-sökük parta və yazı taxtası”.