Rəşad Məmmədovun məhkəməsi başladı

resad-memmedovun-mehkemesi-basladi
Oxunma sayı: 1837

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onunla birlikdə tutulan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə hazılıq iclası keçirilib.

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesdə zərərçəkmiş şəxslər iştirak etməyib.

Rəşad Məmmədovun tabeliyində 3, İsfəndiyar İsfəndiyarovun tabeliyində 1, Arzu Məmmədovanın tabeliyində 1 azyaşlı uşağın olduğu bildirilib.

İ. İsfəndiyarovun vəkili İradə Cavadova vəsatət verərək müdafiə etdiyi şəxsin qəfəsdən çıxarılması və onun barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı seçilməsi barədə vəsatət verib.

R. Məmmədovun vəkili Akif Əliyev da vəsatət verərək müdafiə etdiyi şəxs barəsində olan həbs-qətimkan tədbirinin ləğv edilməsi yaxud ev dustaqlığı barəsində qərar verilməsini istəyib. A.Əliyev bildirib ki, Rəşad Məmmədovun qardaşı Ramil Məmmədov zərərçəkənlərə dəyən maddi ziyanı ödəyib.

Dövlət ittihamçısı çıxış edərək deyib ki, təqdim olunan vəsatətlərin heç bir əsası olmadığı üçün qəbul edilməsin.

Məhkəmə yerində müzakirə edərək İ. İsfəndiyarovun qəfəsdən çıxarılması haqda vəsatəti təmin etməyib.

Dövlət ittihamçısı işin məhkəmə baxışına verilməsi barədə vəsatət verib. Həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə və işin baxışa verilməsi barədə vəsatətlər haqda qərar verilməsi üçün hakimlər müşavirəyə gedib.

Müşavirədən qayıdan məhkəmə kollegiyası həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətləri təmin etməyib. İşin baxışa verilməsi barədə vəsatət isə təmin olunub.

Məhkəmə baxışı iyunun 2-nə təyin edilib.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi R.Məmmədov, İ.İsfəndiyarov və A.Məmmədov ötən ilin may ayında həbs ediliblər.

Onların barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həbs edilənlərdən A.Məmmədov bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il ittiham olunurlar.

Murad Əhməd