Rəşad Məmmədovun işində MTN izi - Vəkildən açıqlama+Yenilənib

resad-memmedovun-isinde-mtn-izi
Oxunma sayı: 14387

“Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov və onunla birgə həbs olunan digər iki təqsirli, hələ də niyə həbs olunduqlarını bilmirlər”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında iş üzrə təqsirli bilinən İsfəndiyar İsfəndiyarovun vəkili İradə Cavadova deyib. Onun sözlərinə görə, təqsirləndirilən şəxslər hazırda MTN-nin təcridxanasında saxlanılırlar. Vəkil bildirir ki, onların ittiham olunduqları Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə bağlı istintaq işi polis orqanları tərəfindən aparılmalı olsa da, nədənsə iş MTN istintaqı tərəfindən aparılır.

İ.Cavadovanın sözlərinə görə, müstəntiq məhz mayın 12-də şikayətçi Zabil Salmanovun ərizəsindən sonra həmin üç şəxs barəsində cinayət işi açıldığını bildirib. Vəkil bildirir ki, şikayətçi Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun Nizami küçəsi 44 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyət hüquqlarını əldə etmək üçün ona cəmi 600 min manat verdiyini iddia edir:

“Əlimizdə isə Z.Salmanovun öz əli ilə yazdığı ərizə var. Həmin ərizədə özü şəxsən 4 milyon 700 min manat aldığını və başqa tələbinin olmadığını təsdiqləyir. Prokurorluq nə qədər müəmmalı olsa da, işi MTN-ə həvalə edir. Zabil Salmanovun 4 milyon 700 min aldığına dair ərizəsi müstəntiqə təqdim olunsa da, həmin ərizə görünür ki, iş materiallarına əlavə edilmir. Çünki əlavə edilsəydi həmin şəxslər hazırda həbsdə olmamalı idilər.

Mənim hüquqlarını müdafiə etdiyim şəxs İsfəndiyar Sabir oğlu İsfəndiyarovun isə bu işlə ümuiyyətlə əlaqəsi yoxdur. Prosesdə iştirak etməyib, imzası yoxdur. Lakin hələ də MTN təcridxanasında saxlanılır və haqqında çıxan həbs qətimkan tədbiri uzadıla bilər. Müstəntiq özü Zabil Salmanova deyib ki, bu işin yuxarıdan tapşırılıb. Buradan belə nəticəyə gəlmək olar ki, onların həbsi MTN-nin keçmiş nazirinin tapşırığı ilə həyata keçirilib.

Həbs olunan şəxslərə o qədər təzyiqlər edilir ki, həftədə bir dəfə ailələrinə zəng etmək hüquqlarından istifadə edə bilmirlər. Müdafiə etdiyim şəxs həbsdə olduğu 6 ay ərzində 30 kiloqram çəki itirib. Onlar hələ də niyə həbs olunduqlarını bilmirlər”.

Zərərçəkən Zabil Salmanovun vəkili Aslan İsmayılov da İ.İsfəndiyarovun vəkilinin ittihamlarına cavab verib:

“Mən özüm də vəkiləm. Əlbəttə ki, vəkilin borcu müdafiə etdiyi şəxsin haqqını qorumaqdır. Lakin bu o demək deyil ki, digər şəxsə böhtan atmaq lazımdır. Bu, yolverilməzdir. İkincisi, İsfəndiyar həbsdədir, mən isə həbsdə olan heç kim haqqında heç vaxt pis söz deməmişəm və onlara pis heç nə arzulamamışam. Buna baxmayaraq, Zabir Salmanovu o vəziyyətə salan, əmlakının əlindən alınmasını təşkil edən və özünü təkcə Salmanova deyil, onun kimi onlarla şəxsə “makler Azər” kimi təqdim edən həmin İsfəndiyar olub.

Mən şəxsən o proseslərin içində olmuşam. Həmin şəxsi mən də Azər kimi tanımışam. Ancaq həbs olunandan sonra adının İsfəndiyar olduğunu bildim. O, indi də MTN işçilərinin adından istifadə edir. O vaxtlar da onların adından istifadə edib mənə hədə- qorxu göndərirdi. Əgər İsfəndiyar düzgün adam olsaydı, bütün Bakıda “makler Azər” adı ilə tanınmazdı. Rəşad Məmmədov və onunla birgə həbs olunan digər şəxsi də bu işə salan həmin “Azər” olub. İsfəndiyar şirkətin və Azər Əsgərovun adından istifadə edərək “makler Azər” adı ilə insanları aldadıb".

Vəkilin sözlərinə görə, Zabil Salmanov MTN-də ifadəsində də bildirib ki, o “Azİmport” şirkətini, Rəşad Məmmədovu tanımayıb.

Vəkil İradə Cavadova isə qarşı tərəfin ittihamlarına cavab olaraq qeyd edib ki, İ.İsfəndiyarovun "makler Azər" kimi tanınmasına səbəb onun iki adı olmasıdır. Belə ki, rəsmi İsfəndiyar olaraq getsə də, müdafiə etdiyi şəxsə yaxın insanlar, o cümlədən ailəsi  "Azər" deyə müraciət edir.