Referendum üzrə “Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupu Nərimanov rayonunda növbəti tədbir keçirib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə referendum üzrə “Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi, “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud və referendum üzrə “Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupun vəkili, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiyasının sədri Nurəddin Mehdiyev iştirak ediblər.
Tədbiri giriş sözü ilə “Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupun vəkili, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiyasının sədri Nurəddin Mehdiyev 26 sentyabrda keçiriləcək referendumla əlaqədar Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və 24 QHT tərəfindən Referendum üzrə “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupunun 4 avqust tarixində təsis edildiyini və referendumda konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin vətəndaş cəmiyyəti tərəfindən dəstəkləndiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Referendumda konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər ilə bağlı məruzə ilə çıxış edən Elməddin Behbud sentyabrın 26-da reallaşacaq referendum aktının mahiyyəti haqqında rayon ictimaiyyətinə geniş məlumat verib. O bildirib ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasından keçən 21 il ərzində reallaşacaq bu referendum sayca keçiriləcək üçüncü referendumdur. Yəni, bu 21 il ərzində 2002-ci il avqustun 24-də, daha sonra 2009-cu il martın 18-də keçirilmiş referendumların əhəmiyyəti və mahiyyəti haqqında, eləcə də hazırkı keçiriləcək referendum aktının 29 maddədən, yəni, 23 maddəsinə təklif olunan dəyişiklik və əlavə 6 maddənin mahiyyəti barədə danışıb. Elməddin Behbud həmçinin konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin 3 blokda cəmləşdiyinin mahiyyəti üzrə izahat verib.
Yekunda Nurəddin Mehdiyev çıxış edərək müstəqilliyimiz, təhlükəsizliyimiz, dünyada gedən qlobal proseslərdə Azərbaycanın maraqlarının müdafiəsi, ölkə prezidenti İlham Əliyev tərəfindən aparılan milli, bəşəri və mütərəqqi siyasətin mahiyyəti, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, vətəndaş cəmiyyətinin inkişafı və referendumda konstitusiyaya təklif edilən dəyişikliklər və əlavələr və daha sonra Azərbaycan dövlətinin inkişafı ilə əlaqədar məsələlərə kompleks münasibət bildirərək tədbiri yekunlaşdırıb.
Sonra səlahiyyətli nümayəndələr əlavə və dəyişiklilər barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Müzakirələrdə tədbir iştirakılarının sualları cavablandırılıb, izahatlar verilib.
Nurəddin Mehdiyev və Elməddin Behbud tədbir iştirakçılarını referendumda fəal iştirak etməyə çağırıblar.



Son xəbərlər
Son Xəbərlər