Prezidentin sərəncamının icrası ilə bağlı müşavirə

prezidentin-serencaminin-icrasi-ile-bagli-musavire-
Oxunma sayı: 2433

Baş Prokurorluqda prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı ilə bağlı müşavirə keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə Baş prokuror Zakir Qaralov çıxış edərək bildirib ki, Sərəncam mükəmməl şəkildə hazırlanmış strateji əhəmiyyətə malik bir sənəd olmaqla ölkənin hüquq sisteminin əsaslı şəkildə yenilənməsinə və müasirləşməsinə imkan yaradacaq. Eyni zamanda bu mühüm sənəd cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini nəzərdə tutmaqla növbəti islahatların həyata keçirilməsinə mühüm təkan verəcək.

Xüsusi vurğulanıb ki, insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edəcək həmin sərəncamın qəbul edilməsi ölkədə cəza siyasətinin həyata keçirilməsi sahəsində mövcud vəziyyətə dair təhlillərə əsaslanır. Aparılmış təhlillər göstərmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur.