“Prezidentin sərəncamı Ermənistana ciddi mesajdır”

prezidentin-serencami-ermenistana-ciddi-mesajdir
Oxunma sayı: 991

“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası Ermənistana çox ciddi bir mesajdır”.

Qafqazinfo” xəbər verir ki, bunu TrendMilli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bununla Ermənistana bir daha açıq şəkildə bəyan edilir ki, Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi mövqeyindən heç bir zaman geri çəkilməyəcək:

"Azərbaycan bundan sonra da bütün səylərini torpaqlarının erməni işğalından azad olunmasına, həmin ərazilərdə əhalisinin məskunlaşmasına və vətəndaşlarının təhlükəsizliyinin təmininə yönəldəcək. Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamı çox tarixi bir sənəddir. Dövlət başçısı tərəfindən Ermənistanın işğalından azad edilmiş ərazimizin bərpa edilməsi və yerli əhalinin oraya köçürülməsi barədə sənəd imzalandı. Bununla da Azərbaycan işğaldakı torpaqlarını azad etmək uğrunda əzmini göstərir. Torpaqlar işğaldan azad edildikdən sonra həmin ərazilərin infrastrukturunun yenilənəcəyi, vətəndaşlarımız üçün evlərin tikiləcəyi, normal yaşayışın təmin edilməsi istiqamətində hər zaman deyilmiş fikirlər artıq öz təsdiqini tapır. Bu, ilk növbədə Azərbaycan dövlətinin inkişafının, ölkə rəhbərliyinin xalq qarşısında götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirməsinin nəticəsidir".

Deputat qeyd edib ki, ötən ilin aprel hadisələri Azərbaycan Silahlı Qüvvələrinin və dövlətimizin gücünü göstərdi. Qələbəmizdən sonra aparılan siyasət isə ilk növbədə Azərbaycanın işğal altındakı torpaqlarının işğaldan azad olunması uğrunda bir ciddi xəttə çevrildi: "İndi isə bir kəndin timsalında Azərbaycan özünün suverenliyini təsdiq etməyin yeni bir addımını atdı. Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin edildiyinə görə yeni mənzillərin salınması, kommunikasiya xətlərinin yenilənməsi, məktəbin tikilməsi kənd əhalisinin oraya köçürülməsinə, normal həyata qayıtmasına şərait yaradır. İşğaldan azad olunmuş kəndlərimizdə əhalinin məskunlaşması, iş yerlərinin yaradılması, Azərbaycan bazarında kənd təsərrüfatı məhsullarının daha da çoxalması, ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan addımdır".

Xatırladaq ki, prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılır.