“Prezident deyir ki, hər gün bizi qələbəyə yaxınlaşdırır”

prezident-deyir-ki-her-gun-bizi-qelebeye-yaxinlasdirir
Oxunma sayı: 1331

2016-cı ili yola salmağa sayılı günlər qalır. Əbəs yerə deyilmir ki, zaman keçilən yolun düzgün təhlili və dəyərləndirilməsi üçün hakimdir. Uğurlarımıza, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə bir nəzər salaq.

Azərbaycan bu il dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyini qeyd etdi. 25 ilin Azərbaycan tarixinə yazdığı saysız-hesabsız uğurlar keçilən yola nəzər salmağı zərurət kimi ortaya qoyur. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, tarixi paralellər fonunda Azərbaycanın müstəqillik yolunda hansı çətinliklərlə üz-üzə qaldığını, bu günümüzün reallıqlarına qədər keçilən yolu indiki və gələcək nəsillərə çatdırmaq əsas vəzifələrimizdəndir. Bu fikri böyük inam və fəxrlə qeyd edirik ki, Azərbaycan xalqı müstəqilliyin sevincini yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaşadı. Müstəqilliyimizin ilk illərində yaşananlar tariximizin bir ləkəli səhifəsi kimi hər zaman vərəqlənir. Azərbaycan o dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, hakimiyyət hərisliyi ucbatından öz müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedir, iqtisadi böhran hökm sürür, yaşayış məntəqələrimiz biri-birinin ardınca işğal olunurdu. Həmin dövrdə Silahlı Qüvvələrimiz torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Xalqın sabaha ümidi yox idi.

«2003-cü il seçim ili idi» söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, bugünkü reallıq onu göstərir ki, yenə də Azərbaycan xalqı düzgün seçim etmişdir: «2003-cü ildən bu günə qədər Azərbaycanda inkişaf dövrü yaşanır. Heydər Əliyev siyasəti davam etdirilir. Bu, müstəqilliyimizin üçüncü dövrüdür. Bu üçüncü dövr ikinci dövrün məntiqi davamıdır.»

Prezident İlham Əliyevin iqtisadiyyatın inkişafı üçün başlıca şərt olan neft strategiyasını uğurla davam etdirməsi nəticəsində qazanılan uğurlar bu gün beynəlxalq səviyyədə də etiraf olunmaqla Azərbaycana marağı artırır. İlham Əliyev proqram xarakterli çıxışlarında inkişafın yeni mərhələ üzrə istiqamətlərini göstərməklə vurğulayır ki, yalnız düşünülmüş siyasət, qətiyyətli siyasi iradə, xalqla birliyin möhkəmlənməsi sayəsində respublikamızda qarşıya qoyulan möhtəşəm vəzifələrə nail olmaq mümkündür.


2003-cü ildən etibarən yeni keyfiyyətlə davam etdirilən sosial siyasət nəticəsində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən ölkələrdən biri oldu. Azərbaycan həyata keçirilən uğurlu, təkmil sosial-iqtisadi islahatların nəticəsi olaraq özünü dünyaya sosial dövlət kimi təqdim edib. İnkişafın Azərbaycan modeli artıq özünü təsdiqləmiş, müsbət təcrübə kimi öyrənilir. «Bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan beynəlxalq aləmdə də ən böyük zirvələrə çata bilmişdir. Qlobal problemlərin həlli ilə məşğul olan ölkəmizin mövqeyi, qazandığı nüfuz qüdrətli ölkələr üçün belə örnəkdir. Dünya xəritəsində ikinci belə ölkə tapılmaz ki, qısa müddətdə, müharibə şəraitində yaşasa belə ÜDM üç dəfə yüksəlsin, Azərbaycan qədər nailiyyətlər əldə edə bilsin. Aparılan islahatlar, həyata keçirilən 60-dan artıq Dövlət Proqramlarının tətbiqi nəticəsində Azərbaycanda yoxsulluq və işsizlik 5 faizə enib.

Bu məsələlərə kompleks yanaşmanı tələb edən Prezident İlham Əliyev sosial, ciddi xarakterli digər problemlərin həllini də vacib hesab edir. Dövlətimizin başçısı mütəmadi olaraq bölgələrdə olur, ictimaiyyət nümayəndələri ilə görüşləri zamanı təklifləri bilavasitə onların özündən öyrənir. Ölkə Prezidenti ilk növbədə yerlərdə infrastrukturun yaradılması, yolların çəkilməsi, təhsil, səhiyyə, mədəni- məişlət obyektlərinin tikintisi ilə bağlı istəklərə başlıca tələb kimi diqqətlə yanaşır. «Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir» söyləyən Prezident İlham Əliyev bildirir ki, vəzifəli şəxslər insanlara qulluq etməli, təvazökar olmalıdır, borcunu şərəflə yerinə yetirməlidir. Dövlət başçısının tapşırığına əsasən, nazir və komitə sədrlərinin bölgələr üzrə planlaşdırılan əhali ilə görüşlərinin əsasında da insanlara qayğı, vətəndaş amili, onların arzu və istəklərinin öyrənilib yerinə yetirilməsi dayanır. Ölkədə korrupsiya və rüşvətxorluq hallarına qarşı davamlı mübarizənin gücləndirilməsi, sistem xarakterli islahatların aparılması İlham Əliyevin siyasi iradə və qətiyyətinin əyani təzahürüdür. Dünyanı bürüyən maliyyə və iqtisadi böhranın ağır nəticələrinin yaşandığı bir vaxtda, digər ölkələrdə sosial ödəmələr azaldığı halda ölkəmizdə ayrı-ayrı sahələrdə çalışanların əmək haqlarının, pensiyaların artırılması sosial müdafiənin dövlət siyasətinin əsasında dayandığını bir daha nümayiş etdirdi. Azərbaycanın yeni iqtisadi və sosial çağırışlar üçün əsas məkan seçilməsi də təkmil islahatlara əsaslanır.

Ölkəmizin iqtisadi imkanlarının artması onun beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasını şərtləndirir. Artıq bu fikir beynəlxalq səviyyədə də etiraf olunur ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür. Ölkəmizin qətiyyətli mövqeyi, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurması ona yeni dostlar, tərəfdaşlar qazandırır.

Ordumuz müstəqilliyimizin, suverenliyimizin, sərhədlərimizin toxunulmazlığının qarantıdır. Müharibə şəratində yaşayan bir ölkə üçün güclü ordunun olması əsas şərtdir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu gərəkdir.

Dövlətimizin ordu quruculuğu istiqamətində atdığı davamlı addımlar göz qabağındadır. Dövlət büdcəsindən ayırmalarda müdafiə xərclərinin birinci yerdə dayanması bu sahəyə diqqətin bariz nümunəsidir. Məhz ordumuzun gücünə, qüdrətinə əsaslanaraq möhtərəm İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə işğal altında olan torpaqlarımızı hərb yolu ilə azad edəcəyik.

Bu ilin aprelində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşananlar Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab vermək məcburiyyətində qalan ordumuz əks-hücum əməliyyatı keçirərək bir sıra strateji əhəmiyyətli əraziləri işğalçılardan azad etdi. İndi orada Azərbaycan bayrağı dalğalanır. «Aprel döyüşləri ümumiyyətlə bizim şanlı tariximizdir» söyləyən dövlətimizin başçısı İlham Əliyev uğurlarımıza söykənərək bu inamı böyük qətiyyətlə ifadə edir ki, hər gün, hər ay bizi qələbəyə yaxınlaşdırır.

Qərb ilə Şərq arasında sivilizasiyalararası dialoq məkanına çevrilən,
dinlərarası, millətlərarası münasibətlər sahəsində təcrübəsi yayılıb öyrənilən, nümunə göstərilən ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər, forumlar, konfranslar Azərbaycanı dünyada tolerantlıq məkanı, multikulturalizm mərkəzi kimi tanıdır.

“Müstəqil siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik”. Prezidentimiz İlham Əliyev bu fikri ilə bir daha ölkədə xalq-iqtidar birliyinin möhkəm, sarsılmaz olduğunu açıqlayır. Reallıqların içərisində olan xalq hər zaman özünə diqqətin və qayğının şahididir. Həyata keçirilən siyasətə dəstəyini ölkədə keçirilən siyasi kampaniyalarda fəal iştirakı ilə bir daha təsdiqləyən xalq bu reallığı ortaya qoyur ki, Prezidentə inamın, etimadın böyük olduğu ölkədə hansısa narazılıqdan söhbət gedə bilməz. Dövlətin siyasətində yeniləşmə, təkmilləşmə, bunun fonunda xalqın sosial rifahının daha da yaxşılaşdırılması əsas yer tutur. Bu il sentyabrın 26-da Konstitusiyaya olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi zamanın tələbindən irəli gələn yeniliklərə, təkmilləşməyə xalqın dəstəyini nümayiş etdirdi. İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə yanaşı, idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən əlavə və dəyişikliklər vətəndaş amilinə dəyərdən irəli gəlir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan möhkəm təməl üzərində inamla irəliləyir. Təkmil islahatlar ölkəmizin beynəlxalq maliyyə qurumlarının hesabatlarında, nüfuzlu sorğu mərkəzlərinin nəticələrində də öz mövqeyini möhkəmləndirməsində əhəmiyyətli rol oynayır. Seçki prosesləri ərəfəsində müxtəlif ölkələrdə xalqın Prezidentə inamını, etimadını öyrənmək üçün sorğu keçirən «Gellap İnternasional» təşkilatının Azərbaycanla bağlı sorğusunun nəticələri də həmişə təqdirəlayiqdir. Bildirilir ki, xalqın Prezidentə inamı, həyata keçirilən siyasətə dəstəyi böyükdür. Bu fikir dünya siyasətçiləri tərəfindən də qeyd olunur ki, Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Bu inamı şərtləndirən təbii ki, düzgün qurulan siyasət, inkişafın Azərbaycan modelinin mövcudluğudur. İlham Əliyev bildirir: «İyirmi beş il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik… Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir.»

Vüqar Rəhimzadə,
YAP Siyasi Şurasının üzvü,
«İki sahil» qəzetinin baş redaktoru,
Əməkdar jurnalist