Parlamentdə sərt Rusiya bəyanatları - “Ermənlərin həqiqi ağası olan...”

parlamentde-sert-rusiya-beyanatlari
Oxunma sayı: 1981

Azərbaycan Rusiya ilə münasibətlərə yenidən baxmalıdır.

Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. O bildirib ki, Sarkisyan bu yaxınlarda respublikaçıların qurultayında çıxış edib və qeyd edib ki, biz hətta Bakını işğal edə və Azərbaycanı sülhə məcbur edə bilərik:

“Onun bu çıxışının arxasında İsgəndər raketləri dayanır. Bu raketləri də onlara Rusiya verir. Onlar həmişə Rusiyaya arxalanır. Son zamanlar da Rusiya ilə hərbi münasibətlər yeni müstəviyə keçib. Hər zaman Rusiya ilə münasibətlərin normallaşdırılması tərəfdarı kimi çıxış etmişəm. Amma Rusiya işğalçıya dəstək verir. Bu nə qonşuluq münasibətlərinə, nə də həmsədrliyə yaraşır. Ona görə də Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq”.

Millət vəkili Asim Mollazadə isə qeyd edib ki, Bakı İrəvanla deyil, Moskva ilə danışıqlara başlamalıdır: “Ermənistan Rusiyanın bir hərbi əyaləti olduğundan biz Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya ilə danışıqlar aparmalıyıq.

Ermənistan bu gün faktiki olaraq Rusiyanın bir hərbi əyalət olduğundan müstəqil ölkə deyil. Müstəqil olmadığından da Ermənistan danışıqlar prosesində imitasiya edir. Yaranmış vəziyyəti nəzərə alaraq Azərbaycan Ermənistanla münaqişənin həlli ilə bağlı aparılan danışıqlardan imtina edərək, ermənlərin həqiqi ağası olan Rusiya ilə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara başlamalıdır”.

Xocalı faciəsinin günahkarlarının əksəriyyətinin Rusiyada gizləndiyini deyən millət vəkili təklif edib ki, Azərbaycan Rusiyaya müraciət edərək Xocalı soyqrımını törədən 366-cı alayın hərbçilərinin və orada gizlənən erməniləri Azərbayacana təhvil verməlidir.

"Çünki Azərbaycanla Rusiya arasında cinayətkarların ekstradisyası haqqında saziş var. Biz bu sazişdən istifadə etməklə Rusiyadan bu cinayətkarların Azərbaycana təhvil verilməsinə və onlar üzərində xarici hakimlərin iştirakı ilə məhkəmənin təşkil olunmasına nail olmalıyıq. Biz xarici hakim və vəkillərin iştirakı ilə belə bir məhkəməni təşkil etməklə Xocalı soyqrımının beynəlxalq hüquqi müstəvidə tanınmasına nail ola bilərik. Əgər Rusiya iki ölkə arasında imzalanan sazişə əməl etməzsə, o zaman bu sazişdən imtina etməlidir”.

Günel Türksoy