Parisdə “Xocalı vizual sənət” müsabiqəsinin qalibləri mükafatlandırılıb - Fotolar

parisde-xocali-vizual-senet-musabiqesinin-qalibleri-mukafatlandirilib
Oxunma sayı: 702

Xocalı qətliamının 25-ci ildönümü münasibətilə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi iştirak etmək istəyən hər bir kəs üçün açıq olan bədii incəsənət müsabiqəsi elan edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, “Xocalı vizual sənət” adlı müsabiqənin keçirməkdə məqsədi Azərbaycanın yaxın tarıxində baş vermiş ən qanlı səhifə olan Xocalı faciəsi haqqında məlumatlılığı artırmaq idi. Müsabiqə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, Dağlıq Qarabağ və yeddi ətraf rayonun erməni işğalına son qoymağa, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəraitdə öz torpaqlarına geri qaytarılmasına çağırış edirdi. İncəsənət tədbiri senator, Fransa-Qafqaz Qrupunun sədri Andre Rişarın yüksək patronajlığı altında keçirilib.

Münsiflər heyətinə Parisdə yaşayan azərbaycanlı rəssam Əsmər Nərimanbəyova, fransalı jurnalist və yazıçı Jan-Pyer Allali, Avropa Azərbaycan Cəmiyyəti tərəfindən isə skripkaçı və cəmiyyətin mədəniyyət məsələləri üzrə məsləhətçisi Səbinə Rakçeyeva, TEAS Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin və TEAS Strasburq ofisinin direktoru Eliza Piter daxil idi. 

Mükafatlandırma mərasimi 16 mart tarixində Parisdə, Fransa Mətbuat Klubunun “Les Signatures” salonunda keçirilib. Tədbirdə 60-dan artıq diplomat, siyasətçi, rəssam və jurnalistlər iştirak etmişdir. Müsabiqəyə təqdim olunmuş 40-dan artıq əsər arasından 16 bədii iş seçilərək tədbirdə sərgilənmişdir. İşlər arasında rəngkarlıq, qrafika, heykəltəraşlıq və foto əsərləri nümayiş etdirilib. Bütün bunlar Azərbaycan xalqının iztirabını və sülhə ümidini nümayiş etdirirdi.

TEAS Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin: “Bu incəsənət müsabiqəsi ilə biz ictimai rəyi formalaşdıran şəxsləri və vətəndaş cəmiyyətinin diqqətini Xocalı qətliyamına cəlb edəcəyimizə və beynəlxalq hüquqa hörmətə əsaslanaraq, onları bu münaqişənin sülh yolu ilə həllinin sürətləndirilməsi üçün səylərə qoşulmağın zəruriliyinə inandıracağımıza ümid edirik.

Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov müsabiqənin təşkili üçün Avropa Azərbaycan Cəmiyyətinə göstərdiyi təşəbbüsə görə təşəkkürünü bildirərkən seçilmiş rəsm və şəkillərin bədii keyfiyyətindən çox mütəəssir olduğunu vurğulamışdır. Diplomat, həmçinin, münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq prinsiplərinə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nə dərəcədə zəruri olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Bu mənada Fransanın rolu mühümdür və prosesi sürətləndirmək üçün rəsmi Paris konkret addımlar atmalıdır. Ümid edirik ki, bu proses əvvəllər olduğu kimi erməni və azərbaycanlıların sülh şəraitində birgə yaşamalarına imkan verəcəkdir.

Senator Andre Rişar qeyd edib ki, o, bir neçə gün bundan əvvəl yeddi fransalı senatordan ibarət nümayəndə heyəti ilə birgə “Dördgünlük müharibədən” sonra azad edilmiş əraziləri ziyarət etmək üçün Azərbaycanda səfərdə olmuşdur. O, bu ərazilərin qorxunc vəziyyətindən və hər şeyin dağıdılması mənzərəsindən dəhşətə gəldiyini vurğulamışdır. Eyni zamanda, o, azərbaycanlıların həmin torpaqlara tezliklə qayıtmaq istədiklərini görərək təsirlənmişdir. Senator bu münaqişənin həlli üçün diplomatik cəbhədə Fransa parlamentinin nə dərəcədə mühüm rol oynamalı olduğunu vurğulayaraq, Fransa Senatının prezidenti Larşerə Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri çərçivəsində verdiyi təklifi xatırlatmışdır. Bu təklif yaxın gələcəkdə Azərbaycan və Ermənistan parlament üzvlərinin birgə görüşünü keçirməkdən ibarət olub.

Beləliklə, münsiflər heyəti tərəfindən Birinci mükafat Vüqar Quliyevə “Azadolma” rəsmisinə görə təqdim edildi. Vüqar işğal edilmiş Cəbrayıl şəhərində anadan olub və hazırda Fransanın Lion şəhərində incəsənət sahəsində təhsil alır.

Mükafatı alarkən, o, bildirib: “Mən, Dağlıq Qarabağ münaqişəsi zamanı dogma şəhərim Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldığı üçün evimi tərk etməyə məcbur olmuşam. Mənim rəsmim bu müharibənin və dinc vətəndaşlara qarşı törədilmiş bu cinayətin birbaşa təzahürüdür. Bu, soyuq qış gecəsində canlarını qurtarmağa çalışan insanları təqib edən bəla haqqındadır.”