Parisdə İlham Əliyevə dəstək aksiyası - Fotolar

parisde-ilham-eliyeve-destek-aksiyasi
Oxunma sayı: 1658

Avropada yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəstək nümayiş etdirmək məqsədilə martın 14-də Fransanın paytaxtı Parisin Joffr meydanında – Sülh divarının yaxınlığında aksiya keçiriblər.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, mitinqdə 400-dən çox həmvətənimiz iştirak edib. Aksiyada “Paris Azərbaycan Evi”nin rəhbəri və Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Parlamentinin üzvü Jan Fransua Mansel, Assosiasiyanın İdarə Heyətinin üzvləri Jerom Begən, Fransa Senatının üzvləri Natali Qule, Andre Reyşar, diaspor fəalları Adela Naibova, Rza Zeyniyev və digərləri çıxış edərək Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasətinə dəstək nümayiş etdirib, Azərbaycan dövləti ilə həmrəy olduqlarını bildiriblər.

Mitinq iştirakçıları Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda müstəqil siyasət yürütdüyünü vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan güclü orduya, inkişaf edən iqtisadiyyata və yüksək beynəlxalq nüfuza malik dövlətdir.

Aksiyada, həmçinin beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə qarşı qətiyyətli mövqe nümayiş etdirmək, Xocalı soyqırımına hüquqi qiymət vermək tələb olunub. Mitinqdə iştirak edənlər bir milyondan çox həmvətənimizin qaçqın və məcburi köçkünə çevrilməsinə, Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının pozulması faktına dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların laqeyd münasibətinin ciddi narahatlıq doğurduğunu vurğulayıblar.

Həmçinin qeyd olunub ki, Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olan Fransa ilə ikitərəfli əlaqələr yüksək səviyyədə inkişaf edir. Dövlət başçılarının, hökumət və parlament nümayəndələrinin qarşılıqlı səfərləri, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı bu əməkdaşlığın daha da genişləndirildiyini göstərir.

Əllərində Azərbaycan və Fransa bayraqları tutan mitinq iştirakçıları “Cənab Prezident, biz Sizi dəstəkləyirik!”, 

Ermənistan, işğaldan və terrordan əl çək!”, “Biz torpaqlarımızı hökmən azad edəcəyik!”, “Xocalıya ədalət!”, “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir!”, “Terrora və soyqırımına yox deyirik!” kimi şüarlar səsləndirib, plakatlar qaldırıblar.

Mitinqin sonunda iştirakçıların bəyanatı oxunub. Aksiya zamanı yerli sakinlərə və şəhərin qonaqlarına Azərbaycan həqiqətlərini əks etdirən broşürlər paylanılıb.

Aksiya “Paris Azərbaycan Evi”nin təşkilatçılığı, eləcə də Nantda fəaliyyət göstərən Fransada Azərbaycan Mədəniyyət Assosiasiyası, Le Mans, Le Val, Anji şəhərlərində fəaliyyət göstərən Azərbaycan icmalarının dəstəyi ilə baş tutub.