“Onu tanıyanlar bilir ki, çox zarafatcıl idi” - Prezident

onu-taniyanlar-bilir-ki-cox-zarafatcil-idi-
Oxunma sayı: 5451

“Azərbaycan dövləti öz mədəni irsinə həmişə böyük diqqətlə yanaşır. Biz görkəmli şəxsiyyətlərimizin xatirəsini yaşadırıq, əbədiləşdiririk”.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev görkəmli dirijor, SSRİ Xalq Artisti, maestro Niyazinin abidəsinin açılış mərasimində söyləyib.

“Biz öz mədəni irsimizə çox sadiqik və müstəqil Azərbaycan dövləti çox güclü milli-mənəvi köklər, əsaslar üzərində qurulubdur. Biz müstəqil, müasir ölkəyik. Ancaq bizim gücümüzün mənbəyi milli tariximizdir, keçmişimizdir, mədəniyyətimizdir. Biz xalq olaraq öz mənliyimizi ona görə qoruya bilmişik ki, öz mədəniyyətimizi, dilimizi, ədəbiyyatımızı qoruya bilmişik və bu gün də qoruyuruq”, - deyə dövlət başçısı qeyd edib.

Azərbaycan xalqının öz görkəmli nümayəndələri ilə fəxr etdiyini vurğulayan İlham Əliyev deyib: “Fəxr edirik ki, bizim görkəmli mədəniyyət, incəsənət nümayəndələrimiz dünya miqyasında özlərinə yer tapa biliblər. Bu, əlbəttə, xalqımızın istedadını göstərir və onu göstərir ki, biz dünya mədəniyyət xəzinəsinə çox böyük və dəyərli töhfələr vermişik”.

Prezident Niyazi ilə bağlı xatırələrindən də danışıb: “Mənim Niyazi ilə bağlı öz xatirələrim var. Atam, ulu öndər Heydər Əliyevlə onu dostluq əlaqələri bağlayırdı. Heydər Əliyev həmişə Niyaziyə çox böyük diqqətlə, qayğı ilə yanaşırdı. Dəfələrlə Niyazi müəllim və Həcər xanım bizim evimizdə olmuşlar. O məclislərdə mən də iştirak etmişdim və görürdüm ki, doğrudan da Niyazi çox gözəl insandır. Onu tanıyanlar bilirlər ki, onun çox gözəl xatirələri olmuşdur, gözəl əhvalatlar bilirdi, çox zarafatcıl idi, onda çox böyük yumor hissi var idi. Doğrudan da o xatirələr bu gün də mənim yaddaşımda yaşayır, bu, unudulmaz günlər idi. İndi vaxt keçdikcə, əlbəttə, biz daha aydın şəkildə görürük ki, Niyazi dahi şəxsiyyət idi və yenə də deyirəm, o, xalqımızı ləyaqətlə təmsil edirdi”.