O, bir gün ilişəcəyinə əmin idi...

o-bir-gun-iliseceyine-emin-idi
Oxunma sayı: 2871

Raminə Eyvazqızı

Əvvəlcə qeyd edim ki, Lapşin casusunun hoqqabazlığını aşkarlayan, bu barədə ilk məlumatı sosial şəbəkədə yayan tanınmış telejurnalistimiz Mir Samad Cəfərli olub. Ardınca ona qoşulan bir neçə həmkarımla məsələnin ciddiyyətinə vardıq, XİN-inə sorğular göndərdik. Amma məsələni böyütməyə başlayanda ölkənin başı Formula-1 yarışlarında çirklənmiş, toz almış küçələri əvəllki vəziyyətinə qaytarmağa qarışmışdı. Əvəzində Lapşin öz sosial şəbəkə hesablarında Azərbaycan əleyhinə göy əskiyə bükülmüş, abrımızı tökən, üstünə beşinı də qoyub yazdığı reportajlarını tirajlayırdı. Onun hirsi başına ona görə vurmuşdu ki, Bakıda istədiyi qədər qala bilməmişdi, ermənipərəstliyini qusacaq qədər material toplaya bilməmişdi. Amma nəyi var qaramıza yazmışdı.

Lapşin Bakıdadır. Bir neçə ölkə vətəndaşlığını alan və çoxunu da planlaşdıran bu adamın özünün gününü göy əsgiyə bükməyə hazırlaşırıq. Amma hələ ki, büküləcək əsginin boyunu tam ölçə bilməmişik.

Bir neçə gündür, həbsdə olan Lapşinı yalnız buraxmırlar ki, özü-özü ilə qalsın, səhvlərini, qəbahətlərini anlasın. Hər günü çox maraqlı keçir, darıxmır. Bir gün o gəlir görüşünə, bir gün başqası, bir gün səfir. Məlum olur ki, ailəsi yanında çox nadir hallarda tapılan Lapşinin yaxınları da onun üçün darıxırlarmış. Hətta sevinirlər ki, axır ki, yerinin koordinatlarını dəqiq bilirlər. Evin "kişi"si ilin 365 gününü bir yerə qaxılıb oturmayıb axı, Ukraynadan girib Kanadada peyda olub, Qarabağımızda günorta erməni "axçi"ləri ilə laqqırtı vurub, axşama Gürcüstanda xəngəl yeyib. Bu gəzəyənin məqsədi, məramı nədir, bizə nə, cəhənnəm olsun, amma fakt odur ki, ölkəmiz adına qarayaxma üzrə peşəkardır, pasport dəyişmək üzrə ustadır, adının hərflərini transfer edə-edə yeni imzalarla oyun çıxarır, əsəblərimizlə oynayır. Bu hoqqalarını kənarda da yox, sərhədi keçib Bakının göbəyində edə bilib. Çoxu deyir ki, Lapşin Soso qədər də olmadı ki, Azərbaycandan üzr istəsin. Soso toy adamıdı, aramızda onun xırıltılı səsinə quzu kəsənlər var, o vazkeçilməzdir. Pulunu düşmən torpağında da alıb oxuyur, bizdə də. Lapşininsə, əməlləri təhlükəlidir. Bir də axı o əvvəl də həbs olunub. Deməli, özündə problem var. Dələduzun yekəsidir. Bu adam Sofiya aeroportunda - özü də, təhlükəsizlik xidmətində işləyib. Moskva küçələrində doyunca sülənib, hətta Suriyayadək gedib çıxıb.

Gəzəyən bloggeri orada olduğuna görə də həbs ediblər. Bütün bunları öyrənəndə aydın olur ki, niyə onu Bakıya təhvil verəndə o bu qədər pozitivcəsinə gülümsəyirdi, qırmızı gödəkcəsi kimi qızarmaq əvəzinə. Deməli, o bir gün hardasa ilişəcəyinə əmin idi, gizlən-qaç oyununu məğlub kimi bitirmişdi. Bu gün Lapşin Ədliyyə Nazirliyi Penitensar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasındadır. Amma ona təcrid münasibəti göstərilmir, hələ də insan yerinə qoyulur. Belə yerdə Qarabağımızda düşmən girovluğunda olan Şahbaz, Dilqəmin acısını hiss etməyə bilmirsən.

Biz yeni nəsil informasiya texnologiyaları zamanında hələ də onlardan yazılı məktub gözləyirik. Onlar üçün dünya iki gözündən kor olub! Lapşin gədəsi nə yaman qiymətli olub belə. Üç ölkə (Rusiya, İsrail, Ukrayna) vətəndaşı olanın hara tərəfindən müdafiəsi qarışıq düşüb, TV serialında vəziyyət qarışan kimi, başını itirən ssenarist kimi. Lapşinin ssenarisini yazanlar da özlərini itiriblər. Çağırın, hələ bir ölmüş dədəsi də gəlsin!!!