Niyə cırlaşırıq?

niye-cirlasiriq
Oxunma sayı: 1904

Raminə Eyvazqızı

Ötən gün Ermənistanın baş naziri Karen Karapetyanın (Xankəndimizdə doğulub) tapşırığı ilə oranın ümumtəhsil məktəblərində xarici dillərin öyrədilməsi ilə bağlı xüsusi konsepsiya hazırlandı. Bunların dərdi bizim kimi, deputatlar Bahar Muradovanın yorğanını, Hadı Rəcəblinin qoyunlarının sayını, Rüfət Quliyevin kombisinin istiliyini müzakirə etmək deyil.

Düşmən iş görür. Rusiyanın oyuncağı olan Ermənistan ruscanı da vacib əcnəbi dil siyahısına salıb. Qardaş dili yox, yad dili kimi. Ermənistanın bizimlə informasiya müharibəsində 1-0 öndə olmasının səbəbi məhz budur. Bizdə isə övladını rus dilində məktəbə yazdırandan səbəbini soruşanda, "özünə gün ağlaya bilsin" cavabını verir. Bəli, yalnız özünə. Bizdə millətə, ölkəyə gün ağlamaq üçün uşaq yetişdirilmir artıq.

Rus dilini bahalı restorana, mağazaya girmək üçün öyrənənlər çoxluqdadı. Nə də olsa, rusdilli katibə yetişdirmək ənənəmiz də var. Azərbaycan telekanallarını söyüb, veriliş qıtlığından dəm vuranlar televizora baxmasalar da, iri plazma TV-set almaq yarışından yorulmurlar. Heç olmazsa, rus telekanallarında bizim haqqımızda gedən verilişləri izləməyə həvəs göstərmirlər.

Dünən Rusiyada yaşayan azərbaycanlı ictimai xadim, politoloq Heydər Camalın vəfatı xəbərini alanda təəssüfləndik. Çoxunun xəbəri heç olmadı da. Bu nəhəng şəxsiyyəti tanıyanımız çox azdı. Onu daha çox ilahiyyatçı kimi təqdim edənlər, unudur ki, bu kişi tək canı, vücudu ilə Rusiyada diasporamız idi. İntelekti, məntiqi ilə orada yaşaya-yaşaya Putinin siyasətinə meydan oxuyurdu. Qarabağ münaqişəsinin həllinin Moskva durduqca həll olunmayacağını bəyan edirdi. Azərbaycanlı olduğunu tikanlı suallar ustası Vladimir Poznerin gözünün içinə baxa-baxa demişdi.

Son illər Rusiya telekanallarında erməni, rus siyasətçilərini qəti və cəsarətli çıxışları ilə yerinə oturdurdu. Heydər Camal azərbaycanca gözəl danışırdı. Bizim bəzi məmurlardan anlaşılacaq qədər gözəl və ana dilindən zövq ala-ala, anası rus olsa belə. Ruscanı ünsiyyət vasitəsi kimi istifadə edirdi. Bu gün həyatını itirmiş bu müsəlman üçün ölkəmiz adından bir addım gözləyərdik. Onun dini xadim kimi fəaliyyətinə, ictimai şəxsiyyət kimi bələd olmasam belə. O, Rusiya İslam Komitəsinin sədri idi. Heydər Camalı itirməklə Rusiyadakı mövqeyimizdən kəm olduq. İllərdir, ayrılan pulları yeyib Rusiya bazarında, restoran şəbəkəsində biznes quran "diasporaçı"ların gözü aydın! Erməninin gözü aydınlanıb artıq.

Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasov az əvvəl təəssüf edirdi ki, Rusiyada Azərbaycan diasporası ilə bağlı vacib tədbirə onu dəvət etməyiblər. Halbuki, o qısa müddətdə təkcə sosial şəbəkədəki aktiv çıxışları ilə Moskva küçələrində həmvətənlərini yığıb Azərbaycan bayrağını dalğalanmasına nail olmuşdu. Qısa müddətdə Rusiya azərbaycanlılarının Beynəlxaq İnformasiya Xidmətini (ruscada MİSRA kimi oxunur) qura bildi. Əlbəttə, o tədbirdə rus bazarlarında malı yaxşı satan kəslərin daha çox olduğuna inanmaq istəməzdik. Diaspora üçün çalışan fəaliyyətinə ticarəti qatdısa, batdı. Bizə intelekti ilə düşməni susduracaq kəslər lazımdı. Rus dili bir vaxtlar bizə dərdimizi anlatacaq qədər lazım idisə, indi dərdlərimizin çözülməsi qədər vacibdir. İnformasiya müharibəsində çox arxada səndələyirik. Sərhəddən kənarda mehribanlaşmaqdı çarəmiz. Bəs biz ölkədən kənarda niyə cırlaşırıq, niyə dağılırıq, niyə birləşə bilmirik?