“Nə karton, nə jurnal universitet?..” - Spiker

ne-karton-ne-jurnal-universitet-
Oxunma sayı: 2224

Millət vəkili Zahid Oruc "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsinə təklif edilən dəyişikliyin əlyehinə çıxıb.

Qafqazinfo” xəbər verir ki, dəyişiklikdə “xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində" sözlərinin “xarici ölkələrdə" sözləri ilə əvəz edilməsi təklif olunur. Millət vəkili isə bunu məqbul saymayıb. O təklif edib ki, bu məsələ yenidən Prezident Administrasiyasının müvafiq şöbəsi ilə bir daha müzakirə olunmalı, dəqiqləşdirilməlidir: “Çox tələbələr var ki, onlar dünyanın müxtəlif ölkələrində əsasən də Rusiya və Ukraynanın tanınmayan, “karton” universitetlərində təhsil alırlar. İndi bu məsələnin onlara da şamil olunması düzgün deyil. Bundansa Konservatoriyanın tərkibində musiqi kolleci var, hansı ki orada fitri istedadlar oxuyur. Onlar barmaqlarla işləyirlər. Sonra əsgərliyə çağrılırlar, bir il yarım əsgərlikdə olurlar, onların barmaqları sıradan çıxır. Biz beləliklə istedadları itiririk. Yaxşı olardı ki, onların hərbi xidmətdən azad edilməsi məsələsinə baxılardı”.

Spiker Oqtay Əsədov isə millət vəkilinin fikirlərinin əleyhinə çıxıb: “Nə karton, nə jurnal universitet? Universitet universitetdir. Camaatın uşağı gedib orada təhsil alır. Məsələ onlara da, buranı bitirənlərə də şamil olunmalıdır. Bu şamil olunmasa, insan hüquqlarının pozulması olardı”.

Günel Türksoy