Nazirin sədrliyi ilə kollegiya iclası

nazirin-sedrliyi-ile-kollegiya-iclasi
Oxunma sayı: 1471

Bu gün Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin geniş Kollegiya iclasında dövlət başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr müzakirə olunub.

"Qafqazinfo"ya daxil olan məlumatda qeyd edilir ki, tədbirdə çıxış edən nazir ölkədə aparılan hüquq islahatları çərçivəsində ədliyyə, xüsusilə penitensiar sistemin inkişafı, cəza-icra mexanizmlərinin təkmilləşdirilməsi sahəsində strateji prioritetləri müəyyən edən proqram xarakterli Sərəncamın müstəsna əhəmiyyətini qeyd edib, bu mühüm sənədin dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını daim bəyan edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin humanist siyasətinin, insan hüquqlarının daha etibarlı təmin olunmasına qayğılı münasibətinin təzahürü olduğunu vurğulayıb.

Qeyd olunub ki, dövlətimiz cəmiyyətin həssas qruplarına daxil olan məhkumların hüquqlarının qorunması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması, onların azad cəmiyyətə tam hüquqlu üzv kimi qayıdışı, sosial reabilitasiyası məqsədilə ardıcıl tədbirlər görür. Təqsirləndirilən şəxslərin və məhkumların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkməsi üçün paytaxtımızda və respublikanın müxtəlif regionlarında yeni penitensiar komplekslər inşa olunaraq istifadəyə verilir. Həmçinin, bu sahədə şəffaflığa xüsusi önəm verilərək səmərəli ictimai iştirakçılıq, o cümlədən məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasında geniş tətbiq olunur.

Həmçinin bildirilib ki, Ali Məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsi ümumiləşdirilib və əhatəli qərar qəbul edilib, məhkəmələrə bu məsələyə həssaslıqla yanaşılması, bu zaman İnsan hüquqları üzrə Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedentlərinin nəzərə alınması, cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müstəsna hallarda həbsin yalnız digər alternativ tədbirlər mümkün olmadığı halda tətbiqi tövsiyə edilib.

Lakin həyata keçirilən tədbirlərə baxmayaraq bu sahələrdə çatışmazlıqlar və həllini gözləyən problemlər qalmaqdadır. Belə ki, məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının icrası prosesində çətinliklər yaranır, həmçinin cəzanı icra edən orqan və müəssisələrdə müasir İKT-lərin imkanlarından kifayət qədər istifadə edilmir. Eyni zamanda, həbsin müstəsna qətimkan tədbiri olmasına baxmayaraq ibtidai istintaq və məhkəmə icraatı zamanı onun seçilməsinə üstünlük verilir, alternativ qətimkan tədbirlərinə lazımi diqqət yetirilmir.

Dövlət başçısının Sərəncamı bu sahədə fəaliyyətin müasir dövrün tələbləri səviyyəsində qurulmasına, səmərəli idarəetmənin təşkilinə, mövcud nöqsanların aradan qaldırılmasına, korrupsiyanı istisna edən şəraitin təmin edilməsinə, müasir İKT-lərin imkanlarından geniş istifadə olunmasına xidmət etməklə kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini nəzərdə tutur. Bununla bağlı Ədliyyə Nazirliyinə və digər aidiyyəti qurumlara çoxsaylı tapşırıqlar və tövsiyələr verilib.