“Müxalifətin üzərindən ac-yalavac imici götürülməlidir”

muxalifetin-uzerinden-ac-yalavac-imici-goturulmelidir
Oxunma sayı: 846

Azərbaycan Xalq Cəbhəsi Partiyasının hüquqi varisi olmaq uğrunda gedən mübarizədə hələ də qalib tərəf məlum deyil. Doğrudur, Razi Nurullayev qanadı bu şansı əldə etməyə daha yaxındır. Ədliyyə Nazirliyinin Əli Kərimli qanadının qurultay sənədlərini geri göndərməsi, əvəzində Nurullayevin qurultay sənədləri ətrafında araşdırmalarını davam etdirməsi bunu deməyə əsas verir.

R.Nurullayev nazirliyin rəsmi cavabı gecikdirməsi ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə günü hələ də məlum deyil.

"Qafqazinfo" xəbər verir ki, bu barədə “Yeni Müsavat”a açıqlamasında yeni AXCP-nin sədrinin özü məlumat verib:

“Məhkəmənin vaxtı hələ məlum edilməyib. Cavab gözləyirik. Hazırkı durumumuzu pozitiv hesab edirəm. Çünki partiya quruculuğumuz gözlədiyimizdən yaxşı gedir. Sosial şəbəkələrdə kifayət qədər aktivik. Partiya olaraq mesajlarımızı cəmiyyətə ciddi şəkildə təqdim edirik. Fəaliyyətimizdən sonra cəmiyyətdəki əhval-ruhiyyə dəyişdi. Sübut olundu ki, cəmiyyətə yeni simalar lazımdır. Cəmiyyətin yeni siyasətçilərə, yeni sözlərə ehtiyacı var. Müxalifət qaragüruh olmamalıdır. Müxalifətçi dövlətini sevməlidir. Müxalifət tənqid etmək üçün yaradılmayıb. Nəyisə tənqid edirsənsə, onun çıxış yolunu da göstərməlisən. Azərbaycanda müxalifətin kübar, mədəni olması vacibdir. Bu mesajı da cəmiyyətə çadıra bildik. Müxalifətin üzərindən ac-yalavac, döyülən imici götürülməlidir”.

R.Nurullayev Ədliyyə Nazirliyinin qurultayları ilə bağlı rəsmi cavabı gecikdirməsinə də münasibət bildirdi: “İlkin ehtimallarımız ondan ibarətdir ki, təqdim etdiyimiz sənədlər araşdırıla bilər. Ola bilsin ki, bəzi məsələlərə münasibətləri tam aydın deyil. Sadəcə, belə düşünürük. Başqa səbəblərin olacağı da istisna olunmur”.

Yeni AXCP-nin sədri son günlərdə Türkiyə-Rusiya münasibətlərində yaranan gərginliklə bağlı mövqelərini açıqlayıb:

“Hər bir ölkənin ərazi bütövlüyü, hava sərhədləri toxunulmazdır. Hava sərhədi pozulursa, həmin ölkədə ərazi bütövlüyü pozulur. Bu baxımdan ərazi bütövlüyü pozulan ölkənin adekvat cavabı normaldır. Amma hesab edirəm ki, hazırda Türkiyə və Rusiyanın bir-birinə böyük ehtiyacı var. Təəssüflər olsun ki, Suriya ilə bağlı hər iki tərəfin maraqları əksdir. Türkiyə Bəşər Əsədin getməsini istəyir, Rusiya isə tamam əksinə çalışır. Burada yaranan narahatçılıq Türkiyəni də səhv addım atmağa vadar edir. Hazırda Türkiyənin xarici siyasətinin əsasını Əsədin hakimiyyətdən getməsi təşkil edir. Rusiyanın isə əsas hədəflərindən biri Əsədin hakimiyyətdə qalmasıdır. Rusların türkmənləri bombalaması Türkiyəni hərəkətə gətirdi. Bu proseslərdə müəyyən mənada Türkiyəyə haqq qazandırmaq olar. Çünki türklərin türkmənlər qarşısında onları müdafiə etməklə bağlı öhdəliyi var. Amma əsas məsələ odur ki, türkmənlərin başına yağan bombalar dayanmadı. Hesab edirəm ki, Türkiyə tələsməməli, Rusiya təyyarəsini vurmamalı idi. Çünki iqtisadiyyatları ciddi fəlakətə uğraya bilər. Rusiyanı da bu təhlükə gözləyir. Artıq Türkiyə addımını atıb. Atılan addımı geri qaytarmaq olmaz. Biz Türkiyənin yanında olduğumuzu, onlara dəstək verdiyimizi bəyan edirik. Onunla birlikdə hərəkət etməyə hazırıq”.

Müsahibimiz Türkiyə fonunda Nardaran hadisələrinə də toxunub:

“Bununla bağlı mövqeyimizi açıqlamışıq. Düşünürəm ki, hakimiyyət vətəndaşlarının dinindən, irqindən, sosial və siyasi statuslarından asılı olmayaraq bərabər yanaşmalıdır. Tərəf olmamalıdır. Eyni zamanda vətəndaşın əlinə silah götürüb dövlətə qarşı çıxması yolverilməzdir. Silahla nəyisə dəyişdirmək cinayətdir. Bu məsələlərə hüquqi qiymət veriləndən sonra mövqeyimizi açıqlaya bilərik. Amma konkret mövqeyimiz hələ ki budur. Dövlət vətəndaşını qorumalı, öldürməməli, vətəndaş da silah götürüb dövlətə qarşı çıxmamalıdır. Əgər orada insanların əllərində qumbara, silah olubsa, asayişi qoruyan polislərin üzərlərinə gediblərsə, bu yolverilməzdir. Bunlar sübut olunmasa, məsuliyyət hakimiyyətin üzərində qalacaq. Amma hesab edirəm ki, ölkəmizdə dindar olmaq üçün heç bir təhlükə yoxdur. Hər bir insan dini ayələrə əməl edib, sitayişini edir və etməlidir. Ölkədə dindən istifadə edib, quruluşu dəyişmək kimi hallara imkan verilməməlidr. Hər şey ortaya çıxandan sonra mövqeyimizi açıqlaya bilərik”.

R.Nurullayev 2018-ci ilin prezident seçkilərinə indidən start verdiklərini də qeyd etdi: “Hazırda əsas istəyimiz 2018-ci ildə ən uğurlu namizəd olmaqdır. İndidən bu mesajı verməkdə məqsədim odur ki, hər seçkiyə az qalmış müxalifət güclə toparlanır. İnsanlar da yol ayrıcında qalırlar. Kimi dəstəkləmələri ilə bağlı. İnsanları narahatlıqdan qurtarmaq üçün mesajlarımızı indidən veririk. Artıq tərəfdarımız, üzvlərimiz gələcək hədəflərimizi bilirlər. Konkret hazırlıqlarımız gedir. Aydın mesajımız var. Təbii ki, məsuliyyəti böyükdür. Planlarımızı hazırlayırıq. Cəmiyyətə həmin zamana qədər hazırlıqlarımızı sübut etməliyik. Planlarımızı seçki qanunvericiliyinə uyğun həyata keçirəcəyik. Bu gün üçün 2018-ə iddialıyıq”.