“Müxalifət iqtidarı o qədər narahat etməyə başlayıb ki...”

muxalifet-iqtidari-o-qeder-narahat-etmeye-baslayib-ki
Oxunma sayı: 665

“Qafqazinfo”nun məlumatına görə, bu fikirləri Ümid Partiyasının sədri İqbal Ağazadə rəsmi bloqunda yazıb. Partiya sədri bildirib ki, bu günümüzün, müasir dünyanın qəbul etdiyi rəqabət prinsipidir. Azərbaycanda sərbəst və ədalətli rəqabətin olmadığından təəssüflənən partiya sədri yazıb ki, Azərbaycan iqtidarı ciddi cəhdlə müxalifətin birləşməsinin və güclənməsinin əleyhinə gedir: “Müxalifət iqtidarı o qədər “narahat” etməyə başlayıb ki, iqtidar nəinki ona qarşı bütün qüvvələrini səfərbər edib, hətta müxalifətlə “mübarizə”sini açıq şəkildə bəyan edir. Müxalifətin hər bir addımını iqtidarın izləməsi və münasibət bildirməsi , bu və ya digər yolla hadisələri nəzarətdə saxlamaq istəyi iqtidarın “narahat” olduğundan xəbər verir.

Son günlər, “Müxalifətin Zirvə Toplantısı”ndan sonra YAP-ın icraçı Katibi Ə.Əhmədovun hadisəyə sərt reaksiyası yuxarıda sadaladıqlarımın bariz nümunəsi və sübutudur. Çox təəssüf edirəm ki, iqtidar nümayəndəsi müxalifət haqda belə düşüncəyə və fikrə malikdir. İstənilən ideal və demokratik hökumətdə ən azı 30-35% müxalifət təmsil olunur, lakin hazırkı hökumətdə demək olar ki, hakimiyyət tam olaraq iqtidaryönümlü şəxslər arasında bölüşdürülüb, vəziyyətin belə hal almasında şübhəsiz ki, hazırkı iqtidarda olan qüvvə maraqlıdır.

Azərbaycanda müxalifətin olmadığını iddia edən Əli Əhmədov bu açıqlaması ilə rejimin mahiyyəti barədə bir daha fikir bildirmiş oldu. O, bir daha təsdiq etdi ki, müxalifətə belə münasibət yaradan iqtidardır. O ki, qaldı müxalifətin mövcudluğuna, Azərbaycanda ciddi strukturlara malik siyasi fəaliyyət göstərən və ictimai-siyasi proseslərə təsir edə biləcək gücdə müxalifət var. Sadəcə qanunların işləməməsi, özbaşınalıqlar müxalifətin ictimai-siyasi proseslərə təsirini qismən də olsa azaldır. Bütün bunlara baxmayaraq bu gün seçici-vətəndaş Azərbaycan müxalifətini, onun problemlərinə sahib çıxa biləcək yeganə güc formasında görür”.