Müxalifət əfv istədi

muxalifet-efv-istedi
Oxunma sayı: 662

“Qafqazinfo”nun məlumatına görə, toplantıda ilk növbədə qarşıdan xalqımız üçün ən əziz bayramlardan biri olan Novruz bayramının gəlişini nəzərə alaraq və bu bayramın ənənələrindən biri kimi bayram ərəfəsində humanist dəyərlərə xüsusi diqqət yetirilməsini əldə rəhbər tutaraq siyasi məhbusların əfv edilməsi üçün Respublika Prezidentinə müraciət olunması qərara alınıb. Müraciətdə ölkəmizdə keçirilməsi planlaşdırılan Evroviziya mahnı yarışması ərəfəsində ölkədəki siyasi gərginliyin azaldılması və beynəlxalq qınaqların aradan qaldırılması üçün belə bir addımın atılmasını zəruriliyi qeyd olunub.

Ermənistan prezidenti Sarksyanın NATO baş katibi ilə görüşü zamanı Azərbaycanın əleyhinə səsləndirdiyi bəyanatlara toxunan Qarabağ Bloku bunları onun növbəti sərsəmləmələri kimi dəyərləndirib .

Son vaxtlar regionlarda artan sosial narazılıqlara iqtidarın adekvat reaksiya verə bilmədiyini təəssüflə qeyd edən Qarabağ Bloku ölkənin bütün rayonlarında sosial iqtisadi vəziyyətin dözülməz olduğunu, regional inkişafla bağlı deyilənlərin həqiqətə qətiyyən uyğun olmadığını, yerli məmurların özbaşınalığının sistem xarakteri daşıdığını və ölkədə köklü hüquqi-siyasi islahatlar həyata keçirmədən bu problemlərin həllinin mümkünsüzlüyünü bir daha bildirib.

Qarabağ Bloku həmçinin 5 il ərzində dövlət məmurlarının xidməti avtomobillə təmin edilməsinə 400 milyon vəsaitin sərf edilməsi faktına münasibət bildirərək bunu dövlət büdcəsinin talanmasının bariz nümunəsi kimi qiymətləndirib, dövlət qurumlarının saxlanması xərcləri sahəsindəki qeyri şəffaf vəziyyəti biabırçı adlandırıb və xalqı, habelə ictimai fəalları və vergi ödəyicilərini büdcənin dağıdılmasına seyrçi qalmamağa çağırıb.

Toplantıda Azadlıq radiosunun əməkdaşı Xadicə İsmayılovaya qarşı peşə fəaliyyəti ilə əlaqədar olaraq təhdid və təhqir cəhdlərini qətiyyətlə pislənilib, bu halı söz və ifadə azadlığına qarşı qəsd kimi qiymətləndirlib və bu kompaniyanı dərhal dayandırmağa çağırlıb.