“MTN-də yağlı yemək verilmirdi, şəkərim normal idi...”

mtn-de-yagli-yemek-verilmirdi-sekerim-normal-idi
Oxunma sayı: 3367

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahin Hüseynov deyib ki, Nizami Kazımovun kürəkəni Samirin dostu olub, Çanaqqala restoranında Tahir Əbdülqasımov və onun oğlu ilə birlikdə olub: “Həmin vaxt Tahir müəllim dedi ki, Nizami Kazımovun həbsdən azad edilməsi evdən pulu götürüb və MTN-ə aparmaq lazımdır. Biz də elə etdik. Orada telefonla danışan zaman həmin şəxs dedi ki, hamınız gəlməyin, təkcə Samir pulu gətirsin. Maşını MTN-dən 20 metr aralıda saxladıq. Samir pulu götürərək MTN-nin qapısına çıxan şəxsə verdi”.

Səhiyyə Nazirliyinin Məhkəmə tibbi Ekspertiza və Anatomiya Elmi Təcrübə Tədrisi birliyinin ekspertiza şöbəsinin rəisi Ziyafəddin Məmmədov ifadə verərək deyib ki, zərərçəkən Hüseyn Səfərovu 2008-ci ildə MTN-nin istintaq təcridxanasında saxlanıldığı zaman müayinəedib: “Onun xəstə olması ilə bağlı ekspertiza rəyi verdimHəmin vaxt mənə hər hansı təzyiq və tapşırıq olmayıb”.

Hüseyn Səfərov deyib ki, onun müayinədən keçməsi üçün özü yox, MTN müraciət edib: “Həmin vaxt həkimlər məni Vüsal Ələkbərovun xidməti otağında müayinə etdilər”.

Bakı şəhəri Endokrinaloji dispanserinin həkimi Vurğun Muradov deyib ki, Hüseyn Səfərovu 8-9 il əvvəl müayinə edib: “Həmin vaxt onun şəkəri yüksək olub, boyun nahiyəsində damarında çapıq aşkar edilmişdi. Buna görə də Hüseyn Səfərovun daim müayinə olunmasına ehtiyac olması barədə rəy vermişdik”.

Digər məhkəmə eksperti Rafiq Nuriyev bildirib ki, Hüseyn Səfərovun xəstə olması, onun həbsdə saxlanılmasının mümkün olmaması barədə rəy verib. Onun sözlərinə görə, həmin rəyin verilməsi üçün MTN-dən sənədlər daxil olub, 3 gün ərzində baxılaraq rəy verilib.

Vüsal Ələkbərov ekspertiza həkimlərinin ifadəsinə münasibət bildirərək deyib ki, məhkəmə tibbi ekspertizasının rəyində Hüseyn Səfərovun şəkərinin dərəcəsi 500-dən çox olub: “Belə vəziyyətdə o, MTN-nin təcridxanasında şoka düşə bilərdi, həyatı üçün təhlükə var idi. Buna görə də onun həbsdən azad edilməsinə barədə qərar qəbul etdik”.
Hüseyn Səfərov bildirib ki, həbs olunan zaman onun vəziyyəti daha ağır idi: “Həbs olunandan ilk günlər şəkərim yüksək idi. Daha sonra şəkərim aşağı olmalı idi. Çünki MTN-də mənə yağlı yemək verilmirdi, şəkərim də normasında olmalı idi. Vüsal Ələkbərov deyirdi ki, bizdə elə aparat var, şəkəri yüksək göstərir. Buna görə də mənim şəkərim yüksək göstərilib”.

H.Səfərovun qudası Nizaməddin Məmmədov deyib ki, 2008-ci ildə qohumunun həbsdən azad edilməsi üçün pul yığılıb: “Mən də 150 min manat vermişəm. Bu günə kimi də pulumu qaytarmağa Hüseynin imkanı olmayıb. O, mənə borclu qalıb”.

İlham Məmmədov bildirib ki, 2008-ci ildə dostu Hüseyn Səfərovun həyat yoldaşı Natiqə xanım onlara gəlib və ərinin həbsdən azad edilməsi üçün külli miqdarda pul tələb edildiyini bildirib: “Natiqə xanım bizim də onlara maddi cəhətdən köməklik göstərməsini istədi. Buna görə də 100 min dollar taparaq ona verdim. Hüseyn həbsdən çıxıb, sonra bankdan kredit də götürüb, külli miqdarda borca düşüb. Mənim də pulumu qaytarmağa imkanı yoxdur”.
Azər Hüseynov ifadə verərək “Texnikabank”ın Bakı filialına 90 min manat depozit qoyduğunu deyib: “2008-ci ildə məni MTN-ə çağırdılar, orada Samir adlı müstəntiq məni dindirdi. Məndən tələb etdi ki, həmin pulu Hüseyn Səfərovun ailə üzvləri tərəfindən ödənilməsi barədə ərizə yazım. Mən də müstəntiqini dediyi kimi ərizə yazdım. Sonra bir ay gözləsəm də, mənə pulumu qaytarmadılar. Qaynım vəkil idi, onun vasitəsi ilə MTN-nin rəhbərliyinə müraciət etdim. Sonra “Texnikabank” işində məni zərərçəkmiş şəxs qismində tanıdılar. Mən pulu Hüseyn Səfərova yox, Zal Yusifovun rəhbəri olduğu “Texnikabank”ın Bakı filialına qoymuşam. Sonra məhkəmədə də belə dedim. Onlara mənim MTN-də olan söhbətimi də danışmışam”.

“Təzadlar” qəzetinin baş redaktoru Asif Məmmədov ifadə verərək deyib ki, Hüseyn Səfərovla 2011-ci ildə ləğv edilmiş Azərbaycan Beynəlxalq Unversitetinin rekstoru Elşad Abdullayevin iş adamı Arzu Kazımovun barəsində verdiyi şikayətlərlə əlaqədar jurnalist araşdırması zamanı tanış olub: “Hüseyn Səfərovun 2014-2016-cı illərdə daxil olan şikayətləri, həmçinin onun iqtisadçi ekspert kimi müsahibələri qəzetdə dərc edilib. Bununla əlaqədar aramızda xoş münasibətlər yaranıb. Hüseyn Səfərovun MTN əməkdaşları barəsində Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını ilk dəfə özündən eşitmişəm”.

Asif Məmmədovun sözlərinə görə, Hüseyn Səfərov MTN-ə “Texnikabank”ın vəzifəli şəxsləri barəsində istintaq edilən cinayət işi üzrə ondan nazirliyin əməkdaşları Mövlam Şıxəliyev və Vüsal Ələkbərov tərəfindən 2 milyon dollar alındığını bildirib: “Həmçinin Hüseyn Səfərov dəfələrlə zəng edib, 2016-cı ilin mart ayının 27-də, saat 22 radələrində Nərimanov rayonunda “Şuşalılar” restoranını yanında adını unutduğum bir restoranda onunla görüşdük. Həmin vaxt ayrıca kabinetdə söhbət edən Hüseyn Səfərov pulunun MTN-nin istintaq baş idarəsinin rəisi Mövlam Şıxəliyev və şöbə rəisi Vüsal Ələkbərov tərəfindən təfsilatı ilı danışdı. Pulun özü həbsdə olarkən Vüsala oğlu tərəfindən verildiyini, Bakı istintaq təcridxanasında həbsdə olan Vüsal Ələkbərovla üzləşdirildiyini bildirdi. Mən bütün bu faktları qəzetdə dərc etdim. Bundan sonra Baş Prokurorluqdan mənə zəng edildi, bu iş üzrə ifadəmi aldılar”.

Asif Məmmədov daha sonra ifadəsində təqsirləndirilən Vüsal Ələkbərovu yaxşı tanıdğını, onun həbsdə saxlanılmasını istəmədiyini deyib: “Vüsal Ələkbərov nüfuzlu bir qurumun rəhbəri olub. Onun həbsdə saxlanılmasını arzu etmirəm, dəymiş ziyanı ödəsə, azadlığa çıxmasını arzulayıram. Vüsal Ələkbərov və Mövlam Şıxəliyevlə bağlı dəfələrlə qəzetimizdə silsilə yazılar gedib. Bundan sonra Mövlam Şıxəliyev və onun adamları bizim redaksiyaya müraciət ediblər. Hətta Mövlam Şıxəliyev tərəfindən redaksiyamıza şantaj xarakterli mesaj da gəlib. Mesajın hədə-qorxu hissəsini çıxmaq şərti ilə qalan hissəni qəzetdə dərc etmişik. Mövlam Şıxəliyev mesajında Hüseyn Səfərovun yalan danışdığını deyib. Hiss edirdim ki, Mövlam Şıxəliyevin mesajında qorxu hissi var”.

Daha sonra hakimdən söz alan Vüsal Ələkbərov bildirib ki, şahid qismində ifadə verən Asif Məmmədovu yaxşı tanıyır: “Ona bir ziyalı kimi həmişə hörmətim olub, burada ifadə verir. Mənim də onun haqqında deyəcək çox sözüm var, amma demirəm. Nə demək istədiyimi Asif müəllimin özü yaxşı bilir”.

Asif Məmmədov isə Vüsal Ələkbərovdan onun haqqında bildiklərini söyləməsini istəyib: “Burada şifrəli danışır. Sabah da yazacaqlar ki, Asifin kiminləsə əlaqəsi olub. Nə lazımdır desin, hər kəsdə bilsin. Daha gizli danışmaq nəyə lazımdır”.

Hakim də Vüsal Ələkbərovdan açıq danışmasının, şahid haqqında nə bildiyini söyləməsini tələb etsə də, Vüsal Ələkbərov susub və Asif Məmmədov haqqında açıq danışmaqdan imtina edib.

Bu zaman çıxış edən Hüseyn Səfərov bildirib ki, 2010-cu ildə Elşad Abdullayev tərəfindən videoya çəkilib: “Həmin video internetdə var. O vaxtı bildirmişəm ki, mənim 2 milyon dollarımı Mövlam Şıxəliyev Vüsal Ələkbərovun əli ilə alıb”.

Zərərçəkən Elşən Mədətovun tələbə yoldaşı Qaçay Əzizov ifadə verərək deyib ki, 2008-ci ildə E.Mədətovun MTN tərəfindən sıxışdırılması, ondan külli miqdarda pul tələb edilməsini eşidib: “Bütün bunları mənə Elşənin özü deyib. Ona maddi cəhətdən köməklik etməyimi də istədi. Mən də özümdə olan 45 min manatı, tanışım İlkindən aldığım 20 min manatı da götürərək, ona verdim. Sonradan eşitdim ki, Elşən həmin pulu həbs edilməməsi üçün MTN-nin vəzifəli şəxslərinə verib”.

Daha sonra Elşən Mədətovun sürücüsü Zahid Əliyev ifadə verib. O, bildirib ki, 2008-ci ilin axırlarında Elşən Mədətovu bir neçə dəfə MTN-ə aparıb: “Oradan çıxanda hiss edirdim ki, Elşən müəllimin qanı qaradı. Maşında olanda harasa zəng edirdi, nəsə danışırdı. Onun danışıqlarından hiss edirdim ki, MTN-də ondan pul tələb edirlər, tez-tez də MTN-nin Vüsal adlı əməkdaşının adını çəkirdi. Amma mən ondan heç nə soruşmamışam, o da mənə heç nə deməyib”.

Zahid Əliyev ifadəsində daha sonra qeyd edib ki, MTN əməkdaşı Vüsal Ələkbərova aparılan pullar onun maşınında olub. Onun sözlərinə görə, Elşən Mədətov bir dəfə pulu MTN-də verib, ikinci dəfə isə Yasamal rayonunda binaların arasında bir nəfərə verib: “Yasamal rayonunda pulun kimə verilməsini gördüm. Istintaq zamanı tanınma ilə bağlı mənə təqdim olunan şəkillərdən həmin şəxsin MTN-nin şöbə rəisi olmuş Vüsal Ələkbərov olduğunu təsdiqlədim”.
Elşən Mədətov deyib ki, o zaman MTN insanlar arasında xof yaradırdı, bu işləri heç kimin bilməməsi üçün hədə-qorxular gəlirdilər: “Buna görə də mən heç kimə bir söz demirdim. Zahid Əliyev burada həqiqəti danışır”.
Şahid Nəsrəddin Sultanov bildirib ki, Vüsal Ələkbərov ondan da həbs edilməməsi üçün 50 min manat tələb edib. Onun sözlərinə görə, Vüsal Ələkbərova heç bir pul verməyib: “Vüsal Ələkbərov dedi ki, “banka qızının və yoldaşımın adına qoyduğum pulları haradan alıbsan”. Mən MTN-nin rəhbərliyinə ərizə ilə müraciət etdim. Bundan sonra məndən əl çəkdi”.

Nəsrəddin Sultanov daha sonra ifadəsində qeyd edib ki, Elşən Mədətov onun dayısı oğludur: “Elşənin həbs edilməməsi üçün Mövlam Şıxəliyev və Vüsal Ələkbərov 300 min dollar tələb edirdilər. Mən də özümdə olan 30 min manatı Elşənə verdim ki, pulun üstünə qoysun, onlara versin”.

Murad Əhməd