MSK seçki nəticələrini təsdiqlədi

msk-secki-neticelerini-tesdiqledi
Oxunma sayı: 1553

Məzahir Pənahovun sədrliyi ilə bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb.

Bildirilib ki, prezidentin 12 aprel 2016-cı il tarixli sərəncamı ilə 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər təyin edildikdən sonra seçkilərin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsi üçün MSK və aidiyyatı qurumlar tərəfindən Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətlə yanaşılıb və nəzərdə tutulmuş bütün layihələr MSK-nın hazırlayıb təsdiq etdiyi Təqvim Planına əsasən reallaşdırılıb.

Milli Məclisə təkrar seçkilərdə seçicilər azad şəkildə məntəqələrə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, seçki dairəsi üzrə 40203 seçicidən 23292-si səs verib ki, bu da seçicilərin ümumi sayının 57,94 faizini təşkil edir.
İclasda Milli Məclisə təkrar seçkilərdə ümumi yekunların müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, seçkilərin ümumi yekunlarına dair MSK-nın yekun protokolu tərtib olunub və təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, Milli Məclisə təkrar seçkilərin ümumi yekunlarına dair MSK-nın protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.