Milli Məclis cərimələri artırdı

milli-meclis-cerimeleri-artirdi
Oxunma sayı: 2201

Azərbaycanda aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlaka ziyan vuranlar cərimələnəcək və ya həbs olunacaqlar.

Qafqazinfo” xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə yeni əlavənin edilməsini nəzərdə tutan layihəyə əsasən, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin əmlakına talama əlamətləri olmadan az miqdarda ziyan vurmaya görə 500 manatdan 1000 manatadək cərimə tətbiq ediləcək və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbsin tətbiq olunması təklif edilir.

Qeyd edək ki, burada "az miqdarda" dedikdə, 3000 manatdan yuxarı olmayan məbləğ başa düşülür.

İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklər layihəsinə əsasən, xırda talamaya görə də cərimələrin məbləği artırılır. Yeni layihəyə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə cərimələrin məbləğinin 200 manatdan 250 manatadək olması (hazırda yüz manatdan yüz əlli manatadəkdir) və ya bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiqi təklif edilir.

Hazırda talanmış əmlakın dəyəri otuz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. Yeni layihədə isə talanmış əmlakın dəyərinin 100 manatdan yuxarı olmadıqda, bunun xırda talama hesab edilməsi təklif edilir.

Eyni zamanda Azərbaycanda döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə cərimələrin məbləği 2 dəfəyədək azaldılır. İnzibati Xətalar Məcəlləsinə yeni dəyişikliklərin edilməsini nəzərdə tutan layihəyə əsasən, sadalanan hallara görə cərimələrin məbləğinin 300 manatdan 500 manatadək olması və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbsin tətbiq olunması təklif edilir.

Məcəllənin hazırkı variantına görə isə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Məcəllədə Azərbaycanda qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və keçirilməsinə görə cərimələr sərtləşdirilir. Təklif edilən dəyişikliyə əsasən, lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkilinə və ya keçirilməsinə görə cərimələr üç min manatdan dörd min manatadək müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə cərimələr də üç min manatdan dörd min manatadək müəyyən edilir.

Qeyd edək ki, Məcəllənin hazırkı maddələrinə əsasən, yuxarıda qeyd olunan hallara görə cərimələr min beş yüz manatdan iki min manatadək məbləğdə nəzərdə tutulur. Dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edilib.

Günel Türksoy