“Mən öz tabutumu görmüşəm” - Müsahibə

men-oz-tabutumu-gormusem-musahibe
Oxunma sayı: 855

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun “Qafqazinfo”ya müsahibəsi

- Bu yaxınlarda 55 yaşınızı qeyd etdiniz. Tarix üçün böyük rəqəm olmasa da insan üçün uzun yoldur. Bu 55 ilin demək olar ki, yarısı Azərbaycan milli-azadlıq hərəkatında və siyasi proseslərdə keçib. Bu keçən illəri xatırlayanda nə düşünürsüz?

- Yaş bir insan ömrü çox görünə bilər, tarix üçün isə 55 yaş heç nədir. Xidmət etmək baxımından yanaşanda bu rəqəm daha azdır. Fəaliyyətə milli-azadlıq hərəkatı, Elçibəylə tanışlıqdan başlayanda görürsən ki, artıq 34 il bitib, 35 ilə keçir. Mən 20-21 yaşından, siyasi fəaliyyət başladım. Bu illər ərzində nələr edə bildiksə, ortadadır. Yada düşən çox şeylər var. İnsan ömrünü üç kəlmə ilə də qiymətləndirmək mümkündür - Doğuldu, yaşadı və öldü. Amma milli-azadlıq hərəkatı illərini, müstəqillik uğrunda mübarizəni, Rus imperiyasından qurtulmağı və s. düşünəndə fikirləşəndə bu ömrə xüsusi qiymət verirməli oluruq. Yol çox doğru yol idi, müqəddəs yol idi, səhvləri də kifayət qədərdir. Gedilən yolu da səhvsiz keçmək mümkün deyil. Ona görə ki, biz öyrənib- bildiklərimizi, birbaşa canlı təmasda olub qəbul etdiklərimizi tətbiq etməli idik.

- 1990-cı illərdən sonra sizin siyasi fəaliyyətinizin böyük hissəsi Azərbaycan parlamentində keçib. Parlamentdə sizinlə yanaşı bir çox deputatlar var idi ki, onlar indi həyatda yoxdurlar. Aydın Məmmədov, Dilarə Əliyeva, Nəcəf Nəcəfov, Ədalət Rəhimli kimi millət vəkillərinin yeri indi cəmiyyətdə necə görünür?

- Allah rəhmət eləsin, adını çəkdiklərinizə də, digərlərinə də. Ümumiyyətlə, iki cür qiymətləndirmə var. Bir qiymətləndirmə budur ki, həyata kompleks baxırsan və hesab edirsən ki, əvəzedilmıəz adam yoxdur. Bu, yanlış qiymətləndirmədir. Sadəcə olaraq, böyük yola çıxanda insanları ruhlandırmaq üçün verilən qioymətdir ki, əvəzedilməz insan yoxdur, dayanmadan gedək. Hər kəsin bir özünəməxsusluğu var. Məsələn, Aydın bəyi kim əvəz edə bilərdi ki? Biz özümüz də bəzən onu birmənalı qəbul etmirdik. Amma, o, iqtidarla müxalifət arasında körpü idi. Onun türkçülüklə bağlı, dilçiliklə bağlı xidmətləri nə qədərdir. Yaxud Dilarə xanımın, Ədalət bəyin xidmətləri, hətta kommunistlər arasında olan deputatlar da var idi ki, uzun müddət birinci katib işləmişdilər, onların da xidmətlərini danmaq olmaz. Məsələn, Tofiq Bağırovun ağsaqqal kimi xidmətləri danılmazdır. İndi onların yeri boş görünür. Davam edənləri, ardıcılları yoxdur. Məsələn, Aydın bəyin dilçiliklə bağlı xidmətləri davam edəcək. Türk nə qədər yaşayırsa, bu iş də davam edəcək və onun tədqiqatına da müraciət olunacaq. Çünki bu, bir məktəbdir. Amma iqtidar-müxalifət arasında körpü yaratmaq, təsir etmək məktəb deyil.
Dilarə xanımın Qadın Hüquqları Müdafiə cəmiyyəti, Azərbaycan Gürcüstan əlaqələri kimi xidmətləri var idi. Ömür bütün hallarda yarımçıqdır.
Bizdə uğursuz bir ifadə var: “Vaxtsız ölüm”. Bu, Allahı inkardır. Allah qatında hər şeyin vaxtı var, amma ömür həmişə yarımçıqdır. Yol yarımçıq deyil. Ona görə də deyiblər ki, ömür bitər, yol bitməz.

- Ali Sovetin o dövrdəki sessiyalarındakı fəaliyyətinizdən Cəmiyyət sizi yaxşı tanıyırdı. Amma o zamanlar həm AXC-nin rəhbərliyində, həm də AXC hakimiyyətində təmsilçiliyiniz olmadı. Vəzifəyə gəlməyi özünüz istəmirdiniz, yoxsa belə bir təklif olmurdu?

- Əslində, Ali Sovetin sessiyaları müddətində mən az çıxış eləmişəm, amma çıxışlarım da yaddaqalan olub. Məsələn, mənim çıxışımdan sonra Elmira Qafarova istefa verib. Mən ədalət prinsipini qorumağa çalışmışam.
İnsan heç vaxt ilk çıxışını unutmur. Mən ilk çıxışımdan imtina etmişəm. Nə üçün? Mən çıxış edib demişəm ki, xahiş edirəm ədaləti bərpa edin məndən əvvəl Hicran Kərimli yazılmışdı, ona söz verin, mənim növbəmi saxlayın. Hamı gülüb bu sözümə, müxalifət də, iqtidar da. Amma sonra təqdir ediblər və başa düşüblər ki, bu, doğrudur. Sonrakı vaxtlarda da dediyim kimi çıxışlarım olub, onlardan biri də bundan ibarət olub ki, məni tanıyan insanlar, dostlarım, qrup yoldaşlarım, Bəyin ətrafında olan insanlar, Bəy də başda olmaqla məndən çıxış gözləyir və mən çıxış eləmirəm. Mən görürdüm ki, mənim replikalarımı yerdən, “dördüncü mikrofon”dan deyirlər. Mən deyilmiş sözü təkrar etmək istəməmişəm.
Bayaq yaxşı xatırlatdınız Aydın Məmmədovu... Bir dəfə əlifba məsələsi müzakirə olunur və 3 komisiyyanın birgə toplantısıdır və mən də elm təhsil komissiyasının üzvüyəm. Latın qrafikalı əlifbaya keçidin problemləri müzakirə olunur. Hərə bir rəqəm deyir. Alimlərdən biri təklif edir ki, əski əlifbaya qayıdaq. Nəhayət, sonda belə qənaətə gəlirlər ki, bu büdcəyə böyük təsir edəcək. Yeni əlifbaya keçid üçün çoxlu vəsait lazım olacaq. Mən söz alıram. Ali Sovetin sədrinin, müavinlərinin, komisyya üzvlərinin və ali məktəb rektorları iştirak edirdi iclasda. Mən ani olaraq hesablayıb və univeristet və institutların adlarını çəkib deyirəm ki, rektorların bu ilki qəbuldən gələn “gəlirlərinin” 30%-ni versələr, həmin vəsaitləri ödəmək mümkündür. Birdən hamı şok yaşayır. Hamı xorla danışmağa başlayır. Dedim ki, deyəsən hesablamanı səhv aparmışam 30% olmasın, 35% olsun, yaxud 25% olsun. Bir müddətdən sonra rəhmətlik Aydın Məmmədov soruşdu ki, sənin neçə yaşın var? Cavab verdim ki, 34. Dedi ki, yaşamaq istəmirsən? Dedim, istəyirəm. Çıxandan sonra dedi ki, sən bilirsən nə etdin? Dedim nə etdim ki? Onda cavab verdi ki, sən inqilab elədin. Indiyə qədər bunların üzünə belə şey deyən olmayıb.
Mənim cəmiyyətə təqdimatım 1993-cü ilin iyun qiyamından sonra oldu. Cəmiyyət gördü ki, parlamentdə belə biri də var. Mən məqamımı bilirdim. Mən baxırdım ki, bu gün çıxışlar mənim çapımda deyil. Baxmayaraq ki, 18 oktyabrda müstəqillik aktı qəbul olunan gün mənim oğlumu öldürdülər...
Millətin mənə verdiyi mandatı Elçibəyin sərəncamlarından üstün tuturdum. Buna görə də, mən icra strukturunda olmadım. Hətta sonradan mənə təklif olunmuş yerə gələnlər də gəlib mənə təklif edirdilər ki, bir yerdə çalışaq, amma mən qəbul etmirdim.

- Məhəmməd Əmin Rəsulzadənin bir sözü var deyir ki, haqqı tələb etməklə iş bitmir, gərək haqqı alasan. Cəmiyyətdəki, bu problemlərin ən əsasə səbəbi bəlkə ona görədir ki, haqqını ala bilmir.

- Yox, təkcə o da deyil. Rəsulzadənin o böyük fikrinə əlavə etmək, ya da onu təhlil etmək fikrində deyiləm. Amma, elə bil ki, bu deyimin bir az da ardı olmalıdır. O haqqı almaqdan ötrü haqlı mübarizə aparmaq lazımdır. Qarşıdakı haqsıdır, ədalətsizdirsə, ona qarşı ədalətsiz mübarizə aparmaqla haqqı almaq olmaz.

- Cəmiyyətdə ədalətlə bağlı məsələlərə iki baxış var. Biri insanların müəyyən etdiyi, bəşəri ədalətdir. İnsanların ədalətə baxışı haqlı ilə haqsızı ayırmaqdır. Bir də ilahi ədalət deyilən anlayış var ki, bu zaman haqlının haqqı mütləq özünə verilir. Bəzən də elə olur ki, cəmiyyət haqlı ilə haqsızı ayırd edə bilmir. Bəzən də insanların ilahi ədaləti gözləməyə səbri çatmır...

- İnsan az ömürlüdür. Bundan başqa Allah sonuncu göndərdiyi Kitabda buyurub ki, sizə elmlə bağlı cüzi məlumat verilib. İnsanlar çalışıb elmi əldə etməlidirlər. Cəmiyyəti bu cür idarə edirlər, bilərəkdən dolaşdırılar ki, haqqı tapmaqda çətinlik çəksin. Həqiqəti tapmaq elə də çətin deyil, sadəcə bilərəkdən dolaşdırılır. Haqqı batildən ayıran Kitab var. Halal, haram nədir, hamı bilir. Sadəcə, idarəetmədə asan olsun, ona siyasət qoşulsun deyə, belə edilir. Siyasətin də bir yolu var, bu da əxaqlı siyasətdir. Bunu da kənara qoyanda olur dünyanın indiki vəziyyəti - Kim güclüdür, o haqlıdır. Bu günün haqqı budur, amma doğru deyil.

- Böyük alman filosofu, Qərbdə ekzistensialzm nəzəriyyəsinin ən böyük nümayəndələrindən biri Karl Yaspers yazır: “Yalnız azad insan Allahı dərk edə bilər.” Şərqin böyük filosofu Ömər Xəyyam isə Allahla minacatında deyir ki, “Ya Rəbbim! bağışla məni, çünki Səni idrak etməyə çalışdım.” Bu iki münasibət Şərqlə Qərb arasındakı zidddiyyətlərdir, yoxsa Allahı dərk etməyin çətinliyi?

- Qərbin nümunəsi kimi bir nəfəri və şərqin nümunəsi kimi bir nəfəri görtürüb qarşılaşdıranda təhlil aparmaq, qarşılaşdırmaq mümkündür. Məsələn, Məshəti deyirdi ki, mənsiz də dünyanın işi keçərmiş, əcaba, mən neyçün cahana gəldim? Əslində, insan o qədər azaddır ki, o azadlığını dərk edə bilmir. Əgər indiki zamanı götürsək, bu indiki tərbiyədən, təhsildən, televiziyadan hər şeydən asılıdır.
Allahın yaratdıqları azaddır. Birinin tapdığı, oxuduğu o qədərdir, digərininki, bu qədər.

- Azərbaycan oxucularının bəlkə də az hissəsi bilir, siz öz tabutunuzu görən insansınız. O tabutu göndərəndə özünüz qarşıladınız, yoxsa evə gətirdilər?

- Biz öz tabutlarımızı Tiflisdə dəmir yolu vağzalında görmüşdük. O vaxtın hərbi komissarları inanın ki, sevindiklərindən az qaldılar ki, “Qaytağı” oynasınlar ki, 105 nəfər sağdır.

- Sizi Ermənistanda baş vemiş zəlzələdən ziyan çəkənlərə yardım etmək üçün aparan təyyarədə yer yox idi?

- Orada başqa bir məslə var idi. Mən bizim rotanın ikinci şəxsi idim, komandir isə Sumqayıt hadisələrindən sonra Biləcəridən göndərilən Balasyan idi. Dekabrın 7-də zəlzələ olmuşdu, 11-də isə biz getməli idik. Üç gün idi ki, İrəvan hava limanı bizi qəbul etmirdi. Mən də düşündüm ki, heç olmasa evimizdən xəbər tutaq. Hər təyyarədə bir aylıq ərzaq və bir təcili yardım maşını var. Moskvanın tələbi idi ki, biz ora getməliyik. Mən 8 nəfərlə birgə evlərimizə getdik. Səhər tezdən razılaşdığımız vaxtda gələndə gördük ki, bizim təyyarəmiz yoxdur. Sonradan bəlli oldu ki, təyyarəni gecə saatlarında havaya qaldrmaq istəyiblər, görüblər ki, tərkib tam deyil, rəhbərliyin də biri yoxdur. Məcburən ehtiyat heyəti əyləşdirib, təyyarəni uçurdublar. Bizə görə 75 nəfərlik digər heyət də qalmışdı. Onların da həyatı xilas olmuşdu.
Ermənistanda olanda bizim qaldığımız çadırlara hücum olundu, çadırlarımız yandırıldı. Lakin, biz hücumu dəf etdik. Daha sonra bizi qatarla Gürcüstana yola saldılar. Biz qatardan Tiflisə çatmazdan bir stansiya qabaq düşdük. Çünki, biz belə qənaətə gəlmişdik ki, bizi orda başqa cür qarşılaya bilərlər, hətta gürcüləri də bu işə qata bilərlər. Gəlib Tiflis dəmiryol vağzalına çatdıq və orada bizi qarşılayan hərbi komissarlardan biri demişdi ki, bu, sizin tabutlarınızdır. Orada Gürcüstanla sərhəd Azərbaycandan olan hərbi komissarlıqların nümayəndələri bizi öz ovladları kimi qarşıladı. Sonra Bakıya yola salındıq. Gəldik Biləcəri toplanış məntəqəsindən paltarlarımızı almağa. 1988-ci il dekabrın son günləridir, bizim paltarlarımızı verməli olan qadın erməni idi, halbuki Ermənistanda bir nəfər də Azərbaycan türkü qalmamışdı. Həmin qadın isə paltarlarımızı vermək istəmirdi. Sonra anbarın qapısını qırıb, paltarlarımızı götürdük.

Rəsul Mirhəşimli,
Fatimə Kərimli