“Mən adlar çəksəm...” - Hacıyevin məhkəmə ifadəsi

men-adlar-ceksem
Oxunma sayı: 14713

Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun məlumatına görə, fasilədən sonra Cahangir Hacıyev sərbəst ifadə verib.

O, Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanma şəraitindən narazı olduğunu deyib:

“Cənab hakim, orada kimə nə deyirik sizin adınızı verir. Deyirlər məhkəməniz başlayıb, hakimə deyin. Mənim saxlanıldığım korpus dəyişdirilib. Orada su yoxdu, gün ərzində cəmi 4 dəqiqə su verilir. Soyuducu yoxdu, həftədə bir dəfə yemək gətirilir, 1 gün yeyəndə 6 gün ac qalıram. Mən xəstəyəm, 45 dərəcə istidə "QAZ-53"də aparılıram. Kürdəxanıda "stolovaya" yoxdu. Hər məhkuma 50 qəpiklik yemək verilir, 50 qəpiyə yemək yeyərlər? Məhkəmə prosesi başlayandan bəri vəziyyət belədir. İttihamla əlaqədar isə onu deyə bilərəm ki, biz əvvəldən istintaqın Baş Prokurorluq tərəfindən aparılmasını istədik. Çünki orada peşəkar mütəxəssislər var. Əfsuslar olsun ki, istintaqı "Bandotdel" apardı, orada ümumiyyətlə mütəxəssis yox idi. İqtisadi qanunları məndən soruşurdular. İttihamda yazılıb ki, 211 milyon manat ziyan vurulub. Mənim yanımda kalkulyator yoxdu ki, dəqiq hesablayım. Ancaq təxmini olaraq deyəcəyəm. Ödənilməyən kreditlər üzrə 15 milyon 497 min manat qalıb, qismən ödənilənlər üzrə 481 min manat, plastik kartlar üzrə mənim adıma 9 milyon 369 min dollar, 791 min avro, 1 milyon 81 min funt-sterlinq, yoldaşım Zəminənin adına 9 milyon dollar, 2 milyon avro, 4 milyon manat borc yazılıb, qızım Leylanın isə ümumiyyətlə borcu yoxdu. Onun adı bura niyə yazılıb bilmirəm. Aydın Mehdiyevin adına 26 milyon dollar, 14 milyon avro, 4 milyon sterlinq, Cəmil İbrahimovun adına 5 milyon, Moskvadakıların adına 88 milyondan bir az çox borc yazılıb. Görünür, "Bandotdel"də riyaziyyatı bilən yoxdur. İttihamda verilənləri ayrı-ayrı hesablayanda heç 211 milyon etmir. Həmçinin, orada yazılanlar borc deyil, mənim və ailəmin 20 illik dövriyyəsidir. Kartlara pul köçürülüb, onunla “Kapital Bank”dan səhmlər alınıb. Bu da Beynəlxalq Bankın kapitalını qaldırmaq üçün edilib. Bu pulların böyük bir qismi istintaqdan öncə ödənilib, bu da o deməkdir ki, burada pis niyyət olmayıb. İstintaqdan soruşuram, yüzlərlə adamın ölkədən çıxışına həbs qoyulub, bu qədər adam həbs edilib, nə qədər pul qaytarıblar? Bircə qəpik də qaytara bilməyiblər. Mənə və ailəmə məxsus 184 milyon manatlıq səhmləri satıblar, raport yazıblar ki, 200 milyondan çox qaytarılıb. Mənim 1 milyon 800 min manatlıq səhmlərim vardı, niyə onunla borclarım bağlanmayıb? Bizim oğurlamaq niyyətimiz olsaydı, istintaqdan öncə ödəniş etməzdik. Mənimsəmə ittihamı veriblər, kim ifadə verib ki, pullar mənim cibimə gedib? Mən nə yazılan, nə də yazılamayan qanunları pozmuşam.

Cənab hakim, özünüz başa düşdünüz nəyi demək istəyirəm. Cinayət işi "Bandotdel" tərəfindən qərəzli və qeyri-professional aparılıb. Mənə deyirdilər ki, günahsız olduğunu sübut elə. Mən deyirdim siz sübut etməlisiniz. Dəfələrlə ifadə verib demişəm ki, qeyd olunan kreditlər fiziki şəxslərə konkret layihələrin maliyyələşməsi üçün verilib. Niyə görə fiziki şəxslərə verdiyimizi də açıqlayım. 2010-cu ilə qədər Valyuta Tənzimlənməsi haqda qanuna görə xaricə kredit vermək mümkün deyildi. Biz də fiziki şəxsin adına kredit verirdik, sonra həmin pul başqa bir şəxsin adına köçürülürdü, ordan da layihəyə yönəldilirdi. Qanun dəyişikliyindən sonra verilən kreditlər isə yeni layihələr üçün deyildi, köhnə kreditlərin artırılması idi. Bunlar da tamamilə düzgündür və heç bir cinayət tərkibi yoxdur. Layihələr fəaliyyət göstərdikcə, kreditlər geri ödənilirdi. İndi həmin layihələrə rəhbərlik edən Lüksemburq ofisi Samir Şərifovun və bankın yeni rəhbərliyinin nəzarətindədir. Hətta şəxsi mülklərinə çeviriblər. Əgər bizim verdiyimiz kreditlə ərsəyə gələn layihələr pis idisə, Məmməd Musayev niyə onları prezidentə uğurlu layihə kimi təqdim edirdi? Prezidentin 2003-cü ildə 600 min iş yeri yaradılması haqda fərmanına uyğun olaraq pambıq, fındıq, şüşə qablar istehsalı, hamısını saysam saatlarla vaxt aparacaq işlər görülmüşdü. Bizim yaratdığımız bazalar qeyri-neft sektorunun 50 faizini əhatə edirdi, indi heç biri işləmir. Metalon zavodu tikilmişdi, həmin vaxt 9-10 milyon kredit qaytarmışdı. Maliyyə Nazirliyinin hiyləsi nəticəsində indi işləmir.

Limiti aşdığımız, Müşahisə Şurasının razılığı olmadan qərarlar verdiyimiz deyilir. Etmişəm, düz eləmişəm. Əgər onların qərarını icra etsəydim, 2 qanunu pozacaqdım. Həm də o qərarlar Beynəlxalq Bankın bağlanmasına aparıb çıxaracaqdı. Mən də buna gedə bilməzdim. Hansısa Samir Şərifovun dediklərini etməli idim, ya Milli Məclis tərəfindən qəbul edilən, prezidentin təsdiqlədiyi qanunun? İstintaqa deyirik Lüksemburq ofisindəki 184 milyon manatı tələb edin, deyirlər əlimiz çatmır. Çünki Samir Şərifovun nəzarətindədir.

Maliyyə Nazirliyinin bizə qarşı qərəzi 2008-ci ildən başlayıb. Beynəlxalq böhran olanda bütün dövlətlərin Mərkəzi Bankları və Maliyyə Nazirlikləri banklara yardım etdi. Bizə isə dövlət heç bir kömək etmədi. Əvəzində həmin vaxt Maliyyə Nazirliyi bizə təzyiq edirdi. Baş nazirə məktub yazırdılar ki, pul ayrılan layihələr kağız üzərindədir, icra olunmur. Kredit verdiyimiz 80-dən artıq şirkətə cinayət işi başlatdılar. Yoxlamalar aparıldı, nəticədə bütün cinayət işlərinə xitam verildi. Xahiş edirəm, Artur Rasizadəyə yazılmış o məktublar məhkəməyə təqdim edilsin. 2008-dən Maliyyə Nazirliyi Beynəlxalq Bankı iflic etməyə başlayıb. 15 il ərzində bankın reytinqi ölkənin ümumi reytinqindən 2 dəfə çox olub. Samir Şərifov beynəlxalq reytinq şirkətinin rəhbərləri ilə görüşəndə onlara deyib ki, niyə bu banka belə yüksək reytinq verirsiz? Onum bu əməlləri barədə Prezident Administrasiyası rəhbərliyinə məktub yazmışam. Samir Şərifov dövlət rəhbərliyini aldadıb, bizim hesabda 50 milyon dollar olduğunu deyib. O sadəcə müxbir hesabda o qədər olub. Xarici ölkələrdəki filiallarda 550 milyon dollarlıq hesablar olub. 2014-cu ildə 25 milyon xalis gəlir olub. Bu rəqəmdi, qanun deyil ki, boşluq tapıb ora-bura çevirəsiz.

İndi isə fevral ayındakı devalvasiyadan danışmaq istəyirəm. Mediada, sosial şəbəkələrdə haqqında pis-pis sözlər yazılan, təhqir edilən Elman Rüstəmovun devalvasiyaya heç bir aidiyyatı yox idi. O, mən və Vahid Axundov belə böyük devalvasiyanın əleyhinə idik. Samir Şərifovun təklifi ilə bir gecədə 34 faizlik devalvasiya oldu və ölkə indiki vəziyyətə düşdü. Devalvasiya lazım idi, ancaq yavaş-yavaş. Öncə kapital sağlamlaşdırılmalı idi. Devalvasiyadan öncə digər banklara məlumat vermişdilər, bizə yox. Bu səbəbdən bank 150 milyon zərər edəcəkdi. Bizim menecmentin səyi nəticəsində vaxtında əməliyyatlar aparıldı və 7-9 milyon zərər oldu. Bunlar hamısı Samir Şərifovun günahıdır, mən elə belə demirəm ki, burda mən yox, o oturmalıdır. İnanıram ki, bir gün oturacaq.

"Azərinşaatservis"ə 2011-2012-ci illərdə 350 milyon manat kredit ayrılmışdı, reallıqda isə o pul onlara çatmamışdı. Araşdırın görək, həmim pullar hara gedib?”

Bu zaman dövlət ittihamçısı ittihamın mahiyyəti üzrə danışmasını xahiş edib. Hakim bildirib ki, S.Şərifovla münasibətlərindən yox, ayrılan pullardan və layihələrdən danışsın.

C.Hacıyev isə bu günə kimi susduğunu, indi danışmaq istədiyini deyib:

“Mən Samir Şərifovun adını çəkəndə, çəkmə deyirsiz. Biz mənimsəmə etməmişik, layihə reallaşdırmışıq. Deyirlər borcunuz qalıb, gətirib nağd pul veririk, deyirik bağlayın, bağlamırlar. Bizim işimizdə heç bir mütəşəkkil dəstə yaratmaq ola bilməz, tutulanların çoxunu birinci dəfə burda görmüşəm”.

C.Hacıyev dövlət ittihamçısının suallarını cavablandıraraq Müşahidə Şurası ilə İdarə Heyəti arasındakı asılılıq məsələlərini aydınlaşdırıb. Bildirib ki, MŞ-nın qərarları qanunsuz olduğu üçün icra etməyiblər. Sonra kreditlərin necə verilməsini izah edib: “İş adamları layihə ilə müraciət edirdilər, baxılırdı, uyğundusa kredit ayrılırdı”.

Hacıyev prokurorun “Kimlər müraciət edirdi?” sualına belə cavab verib: “Adları eşitmək istəyirsiz? Yaxşısı budur, mən onları açıqlamayım, yoxsa əlavə problemlər yaranar. Məncə, bu suala cavab verməyim”.

C.Hacıyev suallara cavab verərək deyib ki, fiziki şəxslərə və ya şirkətlərə kredit ayrılması ilə bağlı qərarlar onun səviyyəsinə qədər qalxmırdı: “Mən ümumi olaraq deyirdim ki, bu sahə üzrə kredit ayırın. Layihər üzrə kreditlərin verilməsinə Kredit Komitəsi qərar verirdi. Kreditlərə konkret olaraq Emin Mustafayev və Arif Əliyev baxırdı. Uşaqların yeganə texniki səhvi bu olub ki, fiziki şəxsə verilən krediti başqa bir adamın adına köçürəndə onlar arasında borc müqaviləsi imzalanmayıb. Bu dediyiniz qayda pozuntusudur, o da normativ aktlardır. Bu da cinayət məsuliyyəti yaratmır”.

C.Hacıyev bir gün ərzində 6 nəfərə 1,5 milyondan çox kredit verilməsinin riskli olub-olmamasına cavab verərək deyib ki, o bunun əleyhinə olub: “Bunu uşaqlar edirdi. Fiziki şəxslərə kredit vermək üçün mənim nə vaxtım var idi, nə də vəzifəm səviyyəsində olan məsələ deyildi”.

Sabiq bankir “Ailə üzvlərinizə və özünüzə faizsiz kreditlərin ayrılması düzgün idimi?” sualına “Kreditlər faizsiz yox, sıfır faizlə verilirdi. Hüquqi baxımdan bu belədir. Mahiyyət baxımından da onlar mənim ailə üzvlərimə yox, bank üçün səhmlərin alınmasına xərclənirdi. Səhmlərin satışından sonra 104 milyon manat borcların bağlanmasına ayrılıb, 80 milyon isə bank tərəfindən hələ də bizə ödənilməyib. Onunla bağlı mülki iddia əsasında məhkəmə prosesi gedir. Bankdan kredit ayrılıb səhm alınmasına Maliyyə Nazirliyinin rəhbərliyi ilə müzakirə aparılmışdı, bu onların təşəbbüsü idi və razılıq da vermişdilər. Kartlarla bağlı məsələ mənim və ailəmin son 15 ildə dövriyyəsidir, bankda bununla bağlı sənədlər var, amma vermirlər. Samir Şərifovun sürücüsünün rəhbəri olduğu internet resursunda yazıblar ki, mənim 2 təyyarəm var, amma hələ də tapılmayıb”.

C.Hacıyevə ayrılan kreditlərlə bağlı suallara cavab verərək deyib ki, o, bankın bütün fəaliyyəti ilə məşğul ola bilməzdi:

“Sizin baş prokurorunuz var, o gəlib burda ittiham aktını oxuyur? Ya da siz bir səhv edəndə, baş prokuror məsuliyyət daşıyır? Mən sizin dediyiniz şirkətlərin heç adını eşitməmişəm. Bank işində milyard məsələ var. Mən gərək bütün işlərimi atıb kreditlərlə məşğul olardım”.

Zərərçəkmiş şəxs kimi tanınan “Beynəlxalq Bank”ın hüquqi nümayəndəsi C.Hacıyevə sual verərkən arxasını ona tərəf çevirərək oturub. Bu da sabiq bankirin etirazına səbəb olub: “Əvvəla arxanızı mənə çevirib oturmayın, bir yerinizi yerdən qaldırıb üzümə baxın”.

Dövlət ittihamçısı C.Hacıyevin adına olan səhmlərin satışından əldə olunan gəlirlə hazırda istintaqı davam edən digər hüquqi şəxslərlə bağlı yaranan zərərin ödənildiyini xatırladıb. C.Hacıyev isə buna belə aydınlıq gətirib:

“Bu məsələ ilə bağlı dəfələrlə ən yüksək səviyyələrdə, o adamların hamısının adların açıqlamaq istəmirəm, müzakirə aparılıb. Baş prokuror Zakir Qaralovun yanında Azər Bayramova sual verdim ki, niyə görə mənim sizə verdiyim səhmlərlə başqalarının borclarını bağlamısız. Dedi Emin Mustafayev şifahi olaraq bizə belə demişdi. Hamımız yəqin futbolu sevirik, burada sadəcə təkqapılı oyun gedir”.

Dövlət ittihamçısı isə replika ataraq “tək qapılı deyil, sadəcə bir qapı tərəf dumanlıdır” deyib.

Mülki iddiaçı C.Hacıyevdən 8 nəfərə verilən kreditlərin kim tərəfindən ödəniləcəyini soruşub. C.Hacıyev deyib ki, kreditləri siz ödəməlisiniz: “Mən niyə ödəməliyəm? Kreditləri siz götürmüsüz, ödəyin”.

C.Hacıyev vəkili Faxrəddin Mehdiyevin suallarını cavablandıraraq deyib ki, o bankın rəhbərliyindən uzaqlaşandan sonra bankda ilk 6 ayı ərzində 600 min zərər olub:

“Mənim dövrümdə hər 6 aydan bir yoxlamalar aparılıb və xeyirlə çıxmışıq. Ölkədaxili layihələr var idi, amma çətin idi. Qeyri-rəsmi xərclər var idi. Xaricə ayırdığımız kreditlərdən 159 nəfərin borcu qalıb, onlar da ödənilirdi. Bu məsələlərdən sonra layihələr dayandı, ödəniş də mümkün olmadı. Əgər ayrılan kreditlər həmin layihələrə getməyibsə, o layihələr necə olub ki, Beynəlxalq Bankın girovu olub? Bunu Vergilər Nazirliyi də, Beynəlxalq Arbitr Məhkəməsi də təsdiqləyib. Sadəcə bankın indiki rəhbərliyi bu sənədləri açıqlamır”.

Vəkil Aqil Layıcov sual verərkən dövlət ittihamçısı “yönəldici suallar verməyin” deyərək etiraz edib, bu zaman zalda mübahisə düşüb. Hakim vəkilə xəbərdarlıq edib ki, sualı dəqiqləşdirib sonra versin. Hakim qeyd edib ki, həmişə haqlı adamlar təmkinlə cavab verirlər: “Cahangir Hacıyev də təmkinli adamdır və təmkinlə danışır”.

C.Hacıyev digər təqsirləndirilən Yusif Ələkbərovun vəkilinin suallarını cavablandıraraq deyib ki, adıçəkilən şəxs müştərinin adına kredit yazıb götürdüyü üçün özü tərəfindən şikayət olunub: “Cəzasını da çəkib”.

Vəkil “vaxtilə şikayət edib tutdurduğunuz şəxslə mütəşəkkil dəstə yarada bilərdiniz?” deyə sual verib. C.Hacıyev deyib ki, burada mütəşəkkil cinayətdən söhbət gedə bilməz: “Ən azı hamını bir-bir tanımalı idim. Mən onunla 1-2 dəfə daxili telefonda danışmışam, başqa münasibətimiz olmayıb”.

Məhkəmə prosesi avqustun 26-da davam etdiriləcək.

Murad Əhməd