“Mən 88-ci ildən ifadə verirəm...” - İsa Qəmbər

men-88-ci-ilden-ifade-verirem-
Oxunma sayı: 2599

Bu gün Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər və Müsavat Partiyasının başqanı Arif Hacılı da prokurorluqda dindiriliblər.

Qafqazinfo” azadliq.org-a istinadən xəbər verir ki, İsa Qəmbər bildirib ki, prokurorluqda onlara əsasən mühacirlərlə bağlı suallar verilib: «Əgər, prokurorluqda dedikləri kimi, saxta sənədləri hazırlayanları ifşa edəcəklərsə, çox gözəl. Amma bəzi sualların qoyuluşundan, bəzi yanaşmalardan hiss olunur ki, məsələnin mahiyyətini qoyub Müsavat Partiyasına müəyyən təzyiqlər etmək istəyirlər. Görünür, hakimiyyət Müsavat Partiyasının ölkədə və dünyada fəallaşmasından narahat olub».

İsa Qəmbər deyib ki, hər şeyi zaman göstərəcək: «Suallar elədir ki, onun ardınca saxta sənədləri verənlərin ifşası da mümkündür, Müsavata təzyiqlər də. Hansı olacaq, bunu zaman göstərəcək».

İsa Qəmbərin deməsinə görə, dindirilmə protokolunda tərcümeyi-halına aid qeyd edilib ki, o, 1988-ci ildən siyasətlə məşğuldur: «Mən müstəntiqə də dedim. 88-ci ildən ifadə verirəm. Yəni, heç bir problemi yoxdur».
Müsavat Partiyasının başqanı Arif Hacılı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilməsini onlara təzyiq kimi dəyərləndirir: «Partiyanın keçmiş və indiki rəhbərliyini bu dindirməyə cəlb etməklə bu təzyiqləri cəmiyyətə nümayiş etdirirlər».

A.Hacılı hesab edir ki, təzyiqlərə bu il fevralın 18-i Almaniyada keçirilən aksiya səbəb olub. O qeyd edib ki, dindirmədə konkret kimlərin necə mühacir statusu alması və bu kimi sualları cavablandırıb.

Partiya rəhbəri bu dindirmələrin həm də vətəndaş fəallığına yönəldiyini bildirib.