Məmurların cəzalandırılması tələb edildi

memurlarin-cezalandirilmasi-teleb-edildi
Oxunma sayı: 640

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, Fransa parlamentin müzakirəyə çıxardığı "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanun, blokun keçən iclaslarda qəbul etdiyi qərarların icrası, müzakirə olunub. Blok təmsilçiləri Fransa parlamentinin "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanunun müzakirəsini Türkiyə dövlətinə təzyiq hesab edib. Bu qanunu İnsan haqlarının, ifadə azadlığının təbliğatçısı kimi çıxış edən bir ölkənin söz, fikir azadlığına və demokratik dəyərlərə qarşı çıxması kimi qiymətləndiriblər. Heç bir hüquqi və tarixi əsası olmayan, qondarma bir faktdan istifadə edərək Fransa parlamentini xalqlar arasında uçurumu dərinləşdirməkdə qınayıblar: “Bu qanunun qəbulu ilə Fransa Dağlıq Qarabağ probleminin həllində hansı mövqedən çıxış etdiyini, ATƏT-in Minsk Qrupunun həmsədri kimi açıq şəkildə Ermənistanı dəstəklədiyini bir daha göstərib. Fransa yalançı tarixə qahmar çıxmaqdansa öz tarixinə diqqət yetirib, Əlcəzairdə, Luandada və digər Afrika ölkələrində törətdiyi soyqırımlara baxsın”.

Ölkədəki ictimai-siyasi vəziyyətin müzakirəsi zamanı blok yetkililəri son günlər Sulutəpədə vətəndaşların evlərinin uçurulması və Lənkəranın Nərimanabad kəndində baş verən insident müzakirə olunub. Sulutəpədə qanunsuz tikilmiş evlərlə bağlı vətəndaşların deyil bələdiyyələrin və dövlət məmurlarının günahkar olduğunu söyləyən blok təmsilçiləri bu məsələdə məmurların cəzalandırılmasını tələb ediblər. Lənkəranda baş verən hadisələri siyasi idarəetmənin yanlışlığı səbəbindən yaranan sosial durumun ağır olması və işsizlik problemi ilə əlaqələndirilib. Bölgələrdə bu cür hadisələrin təkrarlanmaması üçün yeni iş yerlərinin açılmasının vacibliyi vurğulanıb. Xüsusilə, regionlarda fabrik və zavodların tikilməsinin əhəmiyyətindən danışan blokun təmsilçiləri belə bir addımın bir necə problemi həll edəcəyini bildiriblər. Bu məsələ işsizlik problemini həll etməklə yanaşı əhalinin iş axtarmaq məqsədilə paytaxtda axınının qarşısını alacağı qeyd olunub.