Məmmədyarov Osayminlə müsəlmanların vəziyyətini müzakirə etdi

memmedyarov-osayminle-muselmanlarin-veziyyetini-muzakire-etdi
Oxunma sayı: 973

Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif Əl Osaymin ilə görüşüb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Kuala-Lumpur şəhərində keçirilən İƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak etmək üçün Malayziya Respublikasına səfər edən xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif Əl Osaymin ilə görüşüb.

Görüşdə Azərbaycanla İƏT arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edildi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Baş katib Yusif Əl Osaymin Azərbaycanın İƏT-in üzvü kimi fəal rolunu və təşkilatın işinə verdiyi töhfələri yüksək qiymətləndirdi və ölkəmizlə əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam edəcəyinə əminliyini ifadə etdi.

Elmar Məmmədyarov 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı haqqında həmsöhbətə məlumat verdi. İƏT Baş Katibi Azərbaycan Respublikası Prezidentinin bu Sərəncamının yüksək qiymətləndirildiyini və təqdir edildiyini diqqətə çatdırdı.

Görüşdə İƏT-in gündəliyində duran mövzular, Rohinqa müsəlmanlarının vəziyyəti, terrorizmə və İsmafobiya meyllərinə qarşı mübarizə kimi məsələlər ətrafında fikir mübadiləsi aparıldı.