“Kişini çox incitməyək” - Deputatlardan AZAL-a sərt tənqidlər

kisini-cox-incitmeyek-
Oxunma sayı: 9723

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkilləri AZAL-ın qiymət siyasətini və o sahədə rast gəlinən problemləri sərt tənqid ediblər.

Qafqazinfo” xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vahid Əhmədov özünün şahid olduğu hadisədən danışıb:

“Ötən ilin sonlarında yoldaşımla Türkiyəyə getmişdik, özü də "biznes-klass"la... Sonra elə oldu ki, iki gün gecikəsi oldum. "AZAL"-ın Türkiyədə nümayəndəliyi var, ora müraciət edəndə dedilər ki, bizlik deyil, biz biletləri dəyişə bilmərik, haradan almısınız, ora da müraciət edin. Bu nə deməkdir, nə özbaşınalıqdır? Bütün bunlar "AZAL"ın monoplist olmasından irəli gəlir. Çünki başqa şirkətlər Azərbaycanın hava nəqliyyatına, hava məkanına buraxılmır. "AZAL" hər şeyi inhisarında saxlayır, nəticədə də bu cür problemlər, narazılıqlar yaşanır".

Millət vəkili İlham Əliyev deyib ki, bu yaxınlarda tanışlarından biri xaricə gedib, bileti də 660 manata alıb, yəni, "econom-klass". Özü ilə də iki sumka çamadan aparıb:

“Onun çamadanının birini aldılar, digərinə isə 50 dollar istədilər. Bu, axı, nə deməkdir? Bəyəm baqajda çamadan qoymağa yer yoxdur? Bunlar hamısı inhisarçılıqdan irəli gəlir və bunlara son qoyulmalıdır”.

Millət vəkili Cavid Qurbanov isə deyib ki, bu gün Azərbaycanın gözəl hava limanı var: “Hesab edirəm ki, AZAL-ın fəaliyyəti o qədər də pis deyil. Ola bilər ki, qiymətlərdə müəyyən çətinliklər var. Biz istəyirik ki, İsveçə tez çataq. Amma o dövlətlərin tarixi çoxdur. Biz yavaş –yavaş onlara çatacağıq. Ona görə də kişini çox incitməyək”.

İclasda iştirak edən Azərbaycan Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov millət vəkillərinin iradlarına münasibət bildirib. O qeyd edib ki, qiymət məsələsini Cahangir Əsgərovun diqqətinə çatdıracaq: “ Digər problemlər isə var. AZAL-ın 17 tarif çeşidi var. Qiymət artımı bu gün gündəmdə deyil. Ancaq xərclər var. O xərcləri də qarşılamaq üçün hər hansı şirkət baqaj, yemək sistemindən istifadə edir. Ancaq ölkədə aşağı büdcəli “ Buta” aviareysi açılacaq. Bizim bu gün hər cür hava şəraitinə uyğun olan uçuş zolağımız var. Ancaq o uçuş zolağını saxlamaq lazımdır. Oranın 1 lampasının qiyməti 60 mindir”.

Günel Türksoy