Kaupervud və amnistiya

kaupervud-ve-amnistiya
Oxunma sayı: 1111

Nadir Qocabəyli

Məşhur Amerika yazıçısı Teodor Drayzerin “Maliyyəçi” romanının baş qəhrəmanı Frenk Alcernon Kaupervudun həbs olunması yerinə çatmışdım ki, xanım Mehriban Əliyevanın 28 May Müstəqillik günü ilə bağlı amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət etəməsi xəbəri yayıldı. Xəbərdə deyildiyinə görə, Amnistiya aktı 10 minə qədər məhbusu əhatə edəcək, o cümlədən 3500 nəfər məhkumluqdan tamamilə azad olunacaq.

Öncə onu qeyd etmək istərdim ki, kimin nə deməsindən, nə mız qoymasından asılı olmayaraq, məhbuslara Amnistiya verilməsi ən humanist addımlardandır və bütün hallarda alqışlanmalıdır.

Ancaq bəzi şəxslər bu qədər adamın birdən-birə həbsxanadan buraxılmasının cəmiyyətdə müəyyən problemlərə səbəb olacağından, cinayətkarlığın artma ehtimalından əndişələnir, bəziləri isə prosesin özünün qeyri-şəffaf və ədalətsiz həyata keçiriləcəyindən, rüşvət amilindən narahat olurlar.

Bu qayğılar, əlbəttə, var. Amma bunlar heç də müsbət təşəbbüsün mahiyyətinə kölgə sala bilməz və layihəni həyata keçirənlər də, zənnimcə, birinci xanımın adıyla bağlı aksiyanın mütərəqqiliyinə xələl gətirəcək neqativ hallardan maksimum yayınmağa çalışmalıdırlar.

Keçirəm Drayzerin təxminən yüz otuz il əvvəlin Amerika həyatından bəhs edən romanının maliyyəçi qəhrəmanı ilə hazırkı Amnistiya təşəbbüsünün əlaqəsinə.

Frenk Kaupervud birja dəllalıdır. O, birjada Filadelfiya şəhər bələdiyyəsinin vasitəçisi olaraq, onun buraxdığı qiymətli kağızlarla müxtəlif maliyyə əməliyyatları aparır, əlindəki külli-miqdarda vəsaitdən istifadə edərək, paralel olaraq öz biznesini də qurur və xeyli varlanır. Ancaq Frenk bu işdə tək deyil. O, Respublikaçılar Partiyası şəhər təşkilatı rəhbərlərinin himayə etdikləri, şəhər xəzinədarı vəzifəsinə oturtduqları Corc Stinerlə əlbirdir. Bacarıqsız və istedadsız, vəzifəyə ancaq qorxaq və itaətkar olduğuna görə təyin olunan Stiner, diribaş və çevik, birja və maliyyə məsələlərindən son dərəcə yaxşı anlayan Kaupervudun sayəsində əməlli-başlı varlanır.

Ancaq qonşu Çikaqodan qəflətən baş verən fəlakət – iri miqyaslı yanğın hər şeyi bir anda alt üst edir. Birjada qalxan panika Kaupervudu müflis olmaq təhlükəsiyklə üz-üzə qoyur. O, müflis olur və nəticədə şəhər xəzinədarı ilə aralarındakı gizli maliyyə fırıldaqları üzə çıxır. O, xəzinədən iri məbləğdə – təxminən beş yüz altmış min dollar pul götürüb, ancaq müflis olduğu üçün onu qaytara bilmir. Nəticədə hər iki şəxs məhkəmənin qərarı ilə həbs olunur.

Lakin onların həbsinin əsas səbəbi bələdiyyə xəzinəsindən götürülən vəsaitin israf olunması deyil. Çünki bu presedent əvvəllər də olub, yəni əvvəlki xəzinədarların dövründə də birja dəllallarına aşağı faizlə yüksək məbləğdə kreditlər verilib və buna görə heç kəsə gözünün üstündə qaşın var deyən də olmayıb. Əgər Kaupervuda bir qədər möhlət verilsə, o, borcunu qaytarmağa hazırdır və qaytarmaq iqtidarındadır.

Fəqət məsələ burasındadır ki, artıq media və cəmiyyət maliyyə qalmaqalından xəbər tutduğundan, Pespublikaçılar Partiyasının bossları kimisə qurban verməlidirlər, əgər bunu etməsələr, qarşıdakı seçkilərdə səslərinin sayı xeyli azala bilər. Digər tərəfdən, Kaupervud evli olduğu halda, patiya bosslarından birininin – Batlerin qızıyla eşq macərası yaşayır və bundan xəbər tutan ata nəyin bahasına olursa-olsun, qızının namusunu ləkələyən adamdan qisas almaq istəyir.

Nəticədə dəbdəbəli, rahat həyat sürən Kaupervud son dərəcə ağır şəraiti olan bir həbsxananın təkadamlıq, darısqal, havasız, qaranlıq, siçovullar və həşaratlar vurnuxan iyrənc kamerasına düşür. Ona verilən qazamat paltarları da olduqca qaba, narahat, pis materialdandır, yeməklər də, təbii ki, ikrah doğurucudur. Drayzerin qəhrəmanı özünü son dərəcə təhqir olunmuş hiss edir, həbsxanaya törətdiyi cinayətə görə deyil, hansısa siyasətin qurbanı olaraq və sevdiyi qadından əl çəkmədiyi üçün düşdüyünü anlayır. Məsələ burasındadır ki, Batlerin qızı Aylin də onu çox sevir, Frenk bəzi məsələlərə – ailəli olduğuna, cəmiyyətin qınağına tuş gəldiyinə görə sevgisindən əl çəkməyə hazır olsa da, Aylinin belə bir fikri yoxdur. O son dərəcə israrlıdır, sevgisi yolunda həm atasına, həm də cəmiyyətin tapındığı ənənələrə qarşı üsyan edir...

Kaupervud üçün hər şeyin alt-üst olduğu bir şəraitdə yeganə ümid yeri maliyyəçi dostlarının və həmkarlarının ştat qubernatoruna yazdıqları əfv ərizəsidir. O, həbsxanadakı bu ağır şəraitə uzun müddət tab gətirə bilməz. Yalnız qubernator onu vaxtından qabaq əfv edəcəyi təqdirdə, azadlığa çıxıb işlərini və problemlərini sahmana sala, həyatını davam etdirə bilər. Onun cəmi 35 yaşı var. Bütün həyatı isə hələ qabaqdadır.

Kaupervud pis və islaholunmaz bir adam deyil. O bəlkə də, sevdiyi qızın vasitəsiylə onun atasına təzyiq edib, həbsdən yayına bilərdi. Amma o bunu etməyi əxlaqına və mənəviyyatına sığışdırmayan bir İNSAN-dır. Siyasətlər, ədalət məhkəmələri, penitensiar sistemlər üçün isə İNSAN məsələsi, hələ ki, sərt qayda-qanunlardan xeyli arxa plandadır. Belə şəraitdə İNSAN-ın dadına və imdadına ancaq və ancaq əfvlər və amnistiyalar çatır...