“İnsanları şərləyib, həbs etmək doğru deyil” - İqbal Ağazadə

-insanlari-serleyib-hebs-etmek-dogru-deyil
Oxunma sayı: 4543

“Qafqazinfo” Ümid Partiyasının sədri İqbal Ağazadənin “Yeni Müsavat”a verdiyi müsahibəni təqdim edir:

- Bir neçə gənci özünüzə müavin təyin etdiniz...

- Gənclərə daim diqqət ayırmışam. Amma partiya quruculuğu kifayət qədər təcrübə tələb edir. Yeni gənc müavinlərimin də təcrübələri yüksəkdir. Ona görə də onlara etimad göstərildi. Yaxın günlərdə gənclərlə bağlı yeni təyinatlar olacaq. Gənclərin siyasətə gəlişi siyasətin rəngini dəyişəcək. Gənclik daha enerjilidir və zamanın tələblərinə uyğun addım atmaqda maraqlı olur.

Bu gün Azərbaycan gəncliyinin böyük kəsimi bizimlədir. Heç bir siyasi qurumda Ümiddə olan qədər gənc yoxdur. Amma təkcə gəncliyin səsinə ümid etmirik. Siyasət hakimiyyətə gəlmək üçün bir körpüdür. Heç kəs siyasi partiya ilə hakimiyyətə gəlmir. Partiya üzvləri dəstəklədikləri namizədlərin təbliğatını aparmaq, fikirlərini cəmiyyətə çatdırmaq üçün bir vasitədir. Əgər hakimiyyətə üzvlərimizlə gəlməyi düşünsək, gərək 2-3 milyon üzvümüz olsun. Amma min nəfərlik gerçək komandımız 2-3 milyon seçicinin səsini almağa kömək edər. Təbii ki, o komandanı qura bilsək... Ana xəttimiz budur ki, yeni nəsillə işləyəcəyik. Gərəkirsə, mən də postumdan gedəcəm və gənclərin yanında məsləhətçi olacam.

- 3 ay yarım bundan öncəki deputat İqbal Ağazadə ilə indiki İqbal Ağazadə arasındakı fərqli və oxşar cəhətlər nədən ibarətdir?

- Fərqlilik odur ki, bu gün başqa bir istiqamətdə təşkilatlanma forması ortaya qoymağa məcburuq. Bundan əvvəl komissiyalarda təmsil olunurduq, dövlətin komissiyalara ayırdığı vəsaitlər var idi. Gəlir mənbələrimiz tənzimlənirdi. 40-dan yuxarı dairədə 1500 nəfər komissiya üzvümüz var idi. Bir nəfər də MSK-da çalışırdı. Bunlar formalaşmış strukturlar idi. İndi tamam fərqli vəziyyətdir. Şəxsi düşüncəmdə, fəaliyyətimdə dünənki İqbal Ağazadə ilə indiki İqbal Ağazadə arasında heç bir fərq yoxdur. Dünən hansı mövqedə idimsə, indi də o mövqedəyəm. Siyasi fəaliyyətimi oturduğum kürsülər deyil, ağlım müəyyən edir. İstər həbsdə, istər Milli Məclisdə, istərsə də partiya sədrliyində olum, düşüncəm dəyişməyəcək. Qələbənin modelini, ölkəmizin demokratikləşməsini bunda görürük. Dünənki siyasi kursumuz bu gün də davam edir. Özümüz imtina etməyənə qədər o kurs dəyişməyəcək.

- İndi sizin üçün partiyanı idarə etmək daha rahat deyilmi?

- Mənim üçün vaxt və rahatlıq anlayışı yoxdur. Hazırda çətin olan bir məsələ var. Yenə də seçicilərim mənə müraciət edirlər. Problemlərini deyirlər, mən onları artıq həll edə bilmirəm. Qalan vəziyyət eynidir.

- Demək istəyirsiniz ki, hazırkı deputat Araz Əlizadə seçicilərlə maraqlanmır?

- Seçicilərim müraciət edirlər ki, filan problemlərimiz var, hara baxırsınız? Cavab verirəm ki, bağışlayın, millət vəkili deyiləm. Seçici qayıdıb deyir ki, axı biz sizə səs vermişik. Seçicilərim həm təəssüflənir, həm də təəccüblənirlər.

- İqbal bəy, iqtisadi böhran fonunda müxalifət yenə də təşkilatlana bilmədi. Bəlkə də mövcud vəziyyət birlik üçün bir şans idi. Amma olmadı...

- Müxalifətin bir araya gəlməsinin tərəfdarı deyiləm. Niyə tərəfdarı deyiləm? Bizi mübarizədən uzaqlaşdıran, təşkilatlanmağımızı bəzən əngəlləyən birləşəcəyimizə olan xülyamızdır. Ümid etmişik ki, güc olmasam, digəri ilə birləşib güc olaram. Hər kəs başını aşağı salıb partiyasını qurmalı, yaxud blokunu müəyyənləşdirməlidir. Bu xətlə də hakimiyyətə doğru getməlidir. Hazırda çox pis bir mühit yaranıb. Fərz edək ki, belə mühitlə müəyyən qüvvələr hakimiyyətə gəlir və daxildə bir-birilərini didirlər. Heç bir vəzifəsi olmayanlar belə belə pis münasibətdədirsə, görün hakimiyyətə gəlsələr nə vəziyyət yaranar. Bu baxımdan hər kəs komandasını müəyyən etməli, hakimiyyətə gəlməlidir. Funksional əməkdaşlıq ola bilər, amma birləşməmək daha yaxşıdır.

- Nəzərdə tutduğunuz komandanı formalaşdırmısınız?

- Bu istiqamətdə ciddi şəkildə çalışırıq. Yəqin ki, yaradacağıq.

- Hazırda “antiböhran koalisiyası”nda təmsil olunursunuz. Proses necə gedir?

- Bu, funksional əməkdaşlıqdır. Burada blok, məsuliyyət və öhdəlik yoxdur. Ölkənin bugünkü vəziyyətində funksional əməkdaşlığın yollarını arayırıq. Cəmiyyətin aktiv kəsimini bir yerə toplayıb, hakimiyyətə mesajlar vermək lazım gəlir.

- Bu qurum da qısamüddətli müxalif birliklərdən olacaq?

- Bu əməkdaşlıq uzunömürlü də ola bilər. ADP ilə uzun müddətdir funksional əməkdaşlıq edirik. Biz bunu öyrənməliyik ki, funksional əməkdaşlıqlar, hökmən dava ilə bitməli deyil.

- İqtisadi böhran zamanı hakimiyyətə ilk təkliflər paketini Ümid hazırladı. Ardınca isə digər qurumlar. Amma hakimiyyət məhəl qoymadı...

- Bu fikirlərlə razı deyiləm. Hakimiyyət bir bənddən başqa, bütün təkliflərimizi ya natamam, ya da özünə uyğun şəkildə yerinə yetirir. İctimai nəzarət dedik, buna uyğun Apelyasiya Şurası yaradıldı. Tikinti sektoru ilə bağlı təkliflərimiz oldu, hökumət bu istiqamətdə müəyyən addımlar atdı. Neft sektoru və digər sahələrlə bağlı hazırda üzərində çalışdıqları təkliflərimiz oldu. Onlar iddia edə bilərlər ki, heç kimin planından yararlanmayıblar. O zaman sadə bir sualım olacaq. Biz planlarımızı açıqlamayana qədər niyə bunları etmirdiniz? Müəlliflik iddiasında deyilik. Ölkəmizin çətin durumla üzləşməsini istəmirik. Amma hakimiyyət hələ də böhran olduğunu qəbul etmək istəmir. Qorxumuz ondadır ki, iqtisadi və siyasi böhran birləşə bilər. Bu zaman hökmən xaos yaranacaq. Ortalığa bu iki siyasi böhranın birləşməməsi modelini qoyduq. Siyasətdən başlayıb, iqtisadiyyatı idarə etmək lazımdır. Hakimiyyət əksini edir. Dünya iqtisadiyyatın siyasət üzərində hökmranlığına son qoyub. Artıq siyasəti pul müəyyən etmir. Siyasət iqtisadiyyat üzərində hökmranlıq edir. Hakimiyyət bunu etiraf etməkdən çəkinir. Siyasi məhbuslar azad olunmur, Qərblə münasibətlər qorxulu mərhələyə keçir. Sanksiyalar dönəmi başlasa, Azərbaycan üçün asan olmayacaq. İqtidar batan iqtisadiyyatı xilas etməyə çalışır. Atılan addımların həlli uzun zaman tələb edir. İş yerlərinin açılacağı deyilir. Hər kəs bilir ki, böhran zamanı bu mümkün deyil. “Üzən manat” məzənnəsinə keçildiyi deyilir, amma Mərkəzi Bank manatı nəzarətində saxlamağa çalışır.

Banklar ləğv olunur, zorla birləşdirmə halları olur. Bunlar səmərəsizdir. Neftin təsirində olan manat bazarda ya möhkəmlənər, ya da dəyərdən düşər. Valyutan bazarda möhkəmlənə bilmirsə, istiqraz nə qədər kömək edə bilər? Yersiz cəhdlər edilir. Elə yoxlamalar aparılır ki, mənə şəxsən gülməli gəlir. Deyirlər ki, möhtəkirlik edən filan qədər şəxs tutulub. Ayıbdır. Qiymət qaldırmağa görə kimisə həbs etmək faciədir. Qiyməti nə qədər qoymuşam, şəxsi işimdir. Kiminsə xoşuna gəlmirsə almasın. İnsanları şərləyib, həbs etmək doğru deyil. Hökumət gedən proseslərlə bağlı ciddi düşünməlidir. Hakimiyyətdəki müəyyən qruplar, şəxslər israrla prezidenti inandırmağa çalışırlar ki, tədbirlər paketi vəziyyəti normallaşdıracaq. Özlərini yaxşı etmək üçün belə paketlər hazırlayırlar. Bunların heç biri uğur gətirməyəcək. Məhkəmələr işləmədiyinə görə Apelyasiya Şurası yaradılıb. Hakimiyyətə sual verirəm ki, nə üçün 3-cü hakimiyyət işləmir? Paralel strukturlara heç bir ehtiyac yoxdur. Bir növ “ASAN Xidmət” modelidir. “ASAN Xidmət”də iqtidar müəyyən qədər uğur qazandı. Baxmayaraq ki, bu qurum qanunlarımıza ziddir. Çünki həmin strukturlar var. Niyə vəzifələrini yerinə yetirmirlər? O qurumlar üçün büdcədən saxlama xərcləri ayrılıb. Bu pullar hara gedir? Dövlət həm “ASAN Xidmət”ə, həm də paralel olan strukturlara vəsait xərcləyir. İndiyə qədər məhkəmələr barəsində dediklərimiz təsdiq olunub. Maliyyə naziri deyir ki, bundan sonra hər qəpiyin qiymətini biləcəyik. Sual olunur: niyə indiyə qədər hər qəpiyin qiymətini bilməmisiniz? Belə idarəçilik olmaz...

- İqbal bəy, müxalifətin gündəm yaratmaqda şou əhlinə belə uduzduğu mətbuatdan açıq görünür. Sizcə, ictimaiyyət, yoxsa müxalifət günahkardır?

- Müxalifət indiyə qədər olan siyasi prosesləri təhlil edərək, hakimiyyətin yanaşmasından ehtiyatlanaraq hadisələri təbii axarına buraxıb. Çalışırlar ki, kimsə nədəsə ittiham olunmasın. Müxalif qurum olaraq, gündəm yaratmaq barədə düşünmürük. Hesab edirik ki, seçici tərəfindən verdiyimiz mesajlar qəbul olunur. Siyasətimizi bunun üzərində qururuq. Siyasi sistemdə axsama var. Müxalifət bunu dəyişməlidir, amma gücü çatmır. İqtidar çalışır ki, siyasi gündəmi müxalifətin zəif tərəfləri ilə göstərə bilsin. İqtisadiyyatın siyasət üzərində hökmran olduğu vaxtlarda insanlar daha çox başqa məsələlərə meylli olurlar. Azərbaycan tipli ölkələrdə bu daha çox işə yarayır. Amma iqtisadi-siyasi böhran olduqda, siyasətə meyllənmələr artır. Azərbaycan seçicisinin “siyasət mənlik deyil” demək dövrü arxada qalıb. Bu tək müxalifətin günahı deyil. Dünyanın ən demokratik ölkələri belə bu vəziyyəti yaşayıblar. Azərbaycanda siyasətin hakim olacağı dövr başlayır.

- İqbal bəy, üçüncü devalvasiyanı gözləyirsizmi?

- Mütləq. Buna şübhə etmək mümkün deyil. Proqnozum budur ki, Novruz bayramı ərəfəsində üçüncü devalvasiya olacaq.

- Hökumət bunun qarşısını almaq üçün nə etməlidir?

- Hakimiyyət verdiyi qərarları yerinə yetirməli, “üzən manat” siyasətini davam etdirməlidir. Belə böhranlar zamanı əhali çörəkpulu qazanmağın yollarını aramalı, dövlət təşkilatçı rolunu oynamalıdır. Azərbaycan hakimiyyəti isə əksini edir. Özü nəsə etməyə çalışır.

***

Sonra keçid alırıq Türkiyə-Rusiya münasibətlərinə. “Azərbaycan iki qonşu dövlətdə yaranmış vəziyyətdə nə etməlidir” sualını İ.Ağazadə belə cavablandırdı:

- Azərbaycanın bu məsələlərdə yanlış siyasəti oldu. Vaxtilə elə Milli Məclisdə çıxışım zamanı da bildirmişəm ki, Ermənistanla Türkiyə əlaqələrini açmaq lazımdır, Türkiyə Cənubi Qafqaza girməlidir. Türkiyənin regionun lider dövləti olmasının vacibliyini demişəm. Hakimiyyət daxilindən Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı basqılar oldu. Əgər Türkiyə Ermənistana girmiş olsaydı, indi Azərbaycan nə etməklə bağlı sual axtarmazdı. Bu sualı Ermənistan axtaracaqdır. Rusiya isə Türkiyəni regiondan çıxarmaq üçün yollar arayacaqdır. Bu mərhələdə edəcəyimiz heç nə yoxdur. Bu, Türkiyə-Rusiya savaşı deyil, region uğrunda mübarizənin növbəti mərhələsidir. Burada Türkiyə tək tərəf deyil. NATO bu məsələlərdə tərəfdir. Azərbaycan indiki şəraitdə Rusiyaya tərəf ola bilməz. Çünki Rusiyanın bizdən istəyəcəyi ilk şey anti-Türkiyə siyasəti olacaq. Azərbaycanda isə buna gedəcək hakimiyyət, xalq və müxalifət yoxdur. Hər kəs Türkiyənin yanındadır.

- Sizcə, bu gərgin münasibətlər hara qədər davam edəcək?

- Hamı III Dünya müharibəsindən danışır. Əslində qalsa, bu müharibə davam edir və çoxdan başlayıb. Məkan Yaxın Şərqdir. I və II dünya müharibəsini görənlər, yaxud eşidənlər hesab edirlər ki, müharibə hökmən kiminsə sərhədində olmalıdır. İndiki dövrdə böyük dövlətlər müharibələri öz ərazilərində aparmırlar. Türkiyə, Rusiya, NATO və ərəb ölkələri bu müharibənin içərisindədirlər. Bütün dünyanı bu müharibənin əhatə etməsi vacib deyil. Məgər II Dünya müharibəsi bütün dünyada gedirdi? Bu müharibə bitərsə, Rusiya-Türkiyə münasibətləri normallaşa bilər. Bunun bitməsi üçün də çox şərtlər lazımdır. Böyük dövlət gerçəkliyə söykənməyən iddialarından geri durmalıdırlar. Rusiya başa düşməlidir ki, onun dünyadakı yeri bu qədərdir. Dövlətləri zorla birliklərə qoşmaq olmaz. Təhdidlər bitəndə 3-cü dünya savaşı da bitəcək.

Nə zaman Türkiyə, Rusiya, NATO və ərəb ölkələri bir masa ətrafında Bəşər Əsədin getməsini müzakirə edəcəklər, yaxud sülhdən danışacaqlar, bax o zaman deyəcəyik ki, 3-cü dünya savaşı bitdi. Bu gün dünyada gerçəkdən bu savaş gedir. Bu savaşın I və ya II dünya müharibələrinə oxşaması şərt deyil. Ölənlər əvvəlkilərdən az deyil. Yad planetdən qoşulduqları zaman məgər bu müharibə başlamış sayılacaq? Kimsə gözləyir ki, müharibə Avropa sıçrayacaq, yanılır. Avropa öz içərisindən müharibələri çoxdan çıxararaq, təhlükəsizlik zolağı cızıb. Bu gün müharibəni Avropaya, Amerika ərazisinə keçirəcək güc yoxdur. Orada savaş başlayıbsa, orada da bitəcək.