İlham Əliyev Salyanda görülən işlərlə tanış olub

ilham-eliyev-salyanda-gorulen-islerle-tanis-olub
Oxunma sayı: 680

“Qafqazinfo”nun AzərTac-a istinadən verdiyi məlumata görə, dövlət başçısı əvvəlcə Salyan şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət edib.

Dövlət başçısına il ərzində görülmüş işlər barədə məlumat verilib. Onun 2011-ci il 19 aprel tarixli Sərəncamı ilə ayrılan 2 milyon manat vəsait hesabına çoxmərtəbəli kommunal evlərin fasadları müasir memarlıq üslubunda təmir edilib, milli ornamentlərlə bəzədilib, küçələrdə 630 işıqlandırma dirəyi quraşdırılıb. Daxili imkanlar hesabına Ələt-Astara magistral avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsində 5 min metrdən çox istinad divarı tikilib və “Gülbax” daşla üzlənib. Küçələr abadlaşdırılıb, geniş ərazidə yaşıllaşdırma işləri görülüb.

İlham Əliyev Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzi bina kompleksində aparılan tikinti işlərinin gedişi ilə də tanış olub. Salyan Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzi müasir memarlıq üslubunda, orijinal layihə əsasında inşa olunur. Kompleksin tikintisinə ötən ilin dekabrında başlanılıb. Üçmərtəbəli binanın qarşısında ulu öndərin əzəmətli abidəsi ucaldılacaqdır. Abidənin ətrafında fəvvarə kompleksləri tikiləcəkdir.

Daha sonra dövlət başçısı “Kür” otelinin əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Prezidentə məlumat verilib ki, oteldə əsaslı yenidənqurma işlərinə 2009-cu ildə başlanıb. Dördmərtəbəli oteldə 57 nömrə var. Nömrələr yüksək xidmət standartlarına cavab verir. Diqqətə çatdırılıb ki, otelin nəzdində şadlıq sarayı, restoran, bar-kafe və mağaza tikilib.

Prezidenti Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Uşaq Texniki Yaradıcılıq Mərkəzinin açılışında da iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Qeyd edək ki, ötən ilin martından Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərkəz üçün yeni binanın tikintisinə başlanılıb. O, mərkəzdə yaradılmış şəraitdən məmnunluğunu bildirib, tapşırıq və tövsiyələrini verib.