“İlham Əliyev hər şeyi düzgün edir” - Jirinovski

ilham-eliyev-her-seyi-duzgun-edir-
Oxunma sayı: 2703

“Referendum vətəndaşların azad iradəsini göstərməsinin ali formasıdır. Çox yaxşıdır ki, Azərbaycan ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı məsələnin həlli üçün belə demokratik formaya müraciət edib. Bu o deməkdir ki, dövlət xalqın rəyi ilə hesablaşır. Konstitusiyaya dəyişiklik edilməsi təcrübəsi bütün dünyada tətbiq olunur və ölkə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi daşıyır. Əminik ki, Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycanda siyasi həyatı yaxşılaşdıracaq, etibarlı və təhlükəsiz edəcək”.

QafqazinfoVirtualaz.org-a istinadən xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski “Moskva-Baku” portalına müsahibəsində deyib.

V.Jirinovski bildirib ki, vitse-prezidentlər vəzifəsinin təklif olunmasını da vacib sayır. Onun fikrincə, vitse-prezident prezident İlham Əliyevin yükünün bir hissəsini öz üzərinə götürə bilər.

RLDP liderinin fikrincə, deputatlığa namizədlər üçün yaş həddinin 25-dən 18-ə endirilməsi və prezidentliyə namizədlər üçün yaş həddinin ləğv edilməsi də düzgün qərardır: “Çünki bu gün gənclər çox inkişaf edib. Rusiya Liberal Demokrat Partiyası da Rusiyada vətəndaşların səsvermə hüququnun 16 yaşa endirilməsinin tərəfdarıdır. Bu gün gənc nəsil ölkədə və dünyada baş verən bütün prosesləri gözəl anlayır. Gənc nəslə vətəndaşlıq borcunu yerinə yetirməyə və ölkənin taleyini müəyyən etməyə imkan verilməlidir”.

V.Jirinovski həmçinin bildirib ki, ona İlham Əliyevlə dəfələrlə görüşmək qismət olub: “O, zamanla ayaqlaşan, mövcud çağırışları anlayan prezidentdir. Əminəm ki, Konstitusiyaya edilən dəyişikliklər Azərbaycanın rifahına xidmət edəcək, respublikada hər zaman sabitlik qorunub saxlanılacaq, hakimiyyət demokratik prinsiplərdən yana olacaq və ölkə çiçəklənəcək. Konstitusiyaya bu cür dəyişikliklər artıq dünyanın müxtəlif ölkələrində tətbiq olunub. Venesiya Komissiyası tərəfindən Azərbaycana olan etiraz aydın deyil. Bu komissiya bütün ölkələrdə zəif hakimiyyətlərin olmasını istəyən Avropa Birliyi, NATO və yekunda ABŞ-ın məqsədlərini həyata keçirməyə çalışır. Onlar istəyir ki, ölkələrdə rəngli inqilablar təşkil etmək mümkün olsun, hakimiyyətə radikal qüvvələr gəlsin. Belə cəhdləri biz, Yaxın Şərqdə və Orta Asiyada müşahidə etmişik. Belə komissiyaların tövsiyələri onların nəzarəti altında olan Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun tövsiyələri kimi, nadir hallarda dünya ölkələrinə rifah gətirir. Ona görə də, əminliklə demək olar ki, Azərbaycan və onun lideri hər şeyi düzgün edir. Referendumda Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycanın sabitliyinə, ölkədə sakit həyatın olmasına, Suriya, İraq və Ukrayna ssenarilərinin həyata keçirilə bilməməsinə istiqamətlənib. Belə ssenarilərin həyata keçirilməsi, gördüyümüz kimi, çoxsaylı itkilərə, iqtisadiyyatın çökməsinə, dövlətin zəifləməsinə gətirib çıxarır. Azərbaycanda belə olmayacaq”.