“Hədəf əlbəttə ki, mənəm...” - İlham Əliyev

hedef-elbette-ki-menem
Oxunma sayı: 6457

Xəbər verdiyimiz kimi, “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

QafqazinfoAzərtac-a istinadən məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

Dövlət başçısı tədbirdə nitq söyləyib. O, demokratiyanın inkişafının hər bir ölkə üçün böyük önəm daşıdığını qeyd edib:

“Hesab edirəm ki, biz bu istiqamətdə də böyük uğurlara nail olmuşuq. Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı təmin edilir, heç bir məhdudiyyət yoxdur və olmayacaq. Bu da qarşıya bir vəzifə kimi qoyulur ki, biz gələcəkdə də demokratik inkişafa sadiq olmalıyıq.

Əgər təhlükəsizlik və sabitlik olmasa, əlbəttə ki, demokratiyadan, iqtisadi və sosial inkişafdan söhbət belə gedə bilməz və biz bunu yaxın tarixdən görürük. Ancaq indi bunu bütün dünya görür. Həm MDB məkanında, Avropada, Yaxın Şərqdə, həm də bizim qonşuluğumuzda çox təhlükəli proseslər gedir. Demokratik normalar pozulur, ayrı-seçkilik meyilləri güclənir, milli-dini zəmində qarşıdurmalar, anlaşılmazlıq və müharibələr başlayır. Televizordan görürük ki, inkişaf etmiş ölkələrdə nümayişçilərə qarşı necə zorakılıq tətbiq edilir. Bəziləri əvvəllər bizi ittiham etməyə çalışırdılar ki, Azərbaycanda hüquqlar pozulur, demokratiya zəifdir, burada sərbəst toplaşma azadlığı yoxdur. Əlbəttə, hər kəs bilir ki, bunun hamısı yalandır. Azərbaycanda heç kim vəhşicəsinə döyülmür, heç kim söyülmür, heç bir məhdudiyyət qoyulmur. Necə ola bilər ki, bizə gəldikdə bu uydurma ittihamlar avtoritar rejim kimi xarakterizə edilir, ancaq demokratiyanın beşiyi sayılan ölkələrdə bu günlərdə televizordan gördüyümüz o videosüjetlər demokratiya sayılır? Necə ola bilər ki, nümayişçilər vəhşicəsinə döyülür, söyülür, təhqir edilir, bu, demokratiya hesab edilir? Azərbaycanda sabit vəziyyət mövcuddur, xalq rahat, azad şəraitdə yaşayır, amma bu, demokratiya hesab olunmur. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. Bu, artıq dözülməz hala gəlib çatıb. Əlbəttə ki, Azərbaycan xalqı hər şeyi çox yaxşı görür və bilir. Bilir ki, bizə qarşı aparılan kampaniyanın səbəbi nədir, hədəfi kimdir və hansı nəticə gözlənilir. Səbəbi odur ki, biz öz yolumuzla, müstəqillik yolu ilə gedirik. Heç bir başqa ölkənin daxili işinə qarışmırıq, heç kimi də qoymuruq ki, bizim daxili işimizə qarışsın. Bu da bəzi qüvvələr tərəfindən qəbul edilmir. Çünki onlar öyrəşiblər, başqa yerlərdə ölkələr onların iradəsi ilə idarə olunur. Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən edirəm. Azərbaycanın müstəqilliyinin də qarantı mənəm və Azərbaycan xalqıdır”.

Prezident bildirib ki, mübarizə üsullarına gəldikdə burada da heç bir innovasiya, yenilik yoxdur:

“Köhnə, şablon, trafaret ittihamlar, əsassız iftiralar, uydurmalar, provokasiyalar, yalan, böhtan. Biz artıq bütün bunlara öyrəşmişik. Bunların heç biri bizim siyasətimizə və iradəmizə zərrə qədər təsir edə bilməz. Ancaq mən bir daha demək istəyirəm ki, demokratiya bizim şüurlu seçimimizdir, yolumuzdur. Azərbaycan bu istiqamətdə böyük uğurlara imza atıb, ancaq biz etiraf etməliyik, hələ ki, görüləsi işlər çoxdur. Heç bir cəmiyyət kamil deyil. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik.

Azərbaycanda bu il “Multikulturalizm ili” elan edilibdir. Bu da xüsusilə indiki şəraitdə dünyaya bir mesajdır. Azərbaycan cəmiyyəti əsrlər boyu multikulturalizm şəraitində yaşayır. Hələ bu ifadə yaranmadan biz milli barışıq, tolerantlıq, qarşılıqlı dəstək və hörmət şəraitində yaşayırdıq. Bu gün bizim nümunəmiz dünyada öyrənilir və dəstəklənir. Biz çalışacağıq və çalışmalıyıq, - bunu da qarşıya vəzifə kimi qoyuram, - həm Azərbaycan təcrübəsi dünyada daha da geniş şəkildə təbliğ edilsin, həm də biz bu təcrübəni digər ölkələrlə paylaşaq ki, dini, milli dözümlülük, tolerantlıq, multikulturalizm meyilləri güclənsin. Əks təqdirdə, bu, bizə də problemlər yarada bilər. Çünki biz adada yaşamırıq və istər-istəməz xarici təsir də mümkündür. Necə ki, biz təsir edirik, Azərbaycana da təbii olaraq, media və digər vasitələrlə təsir göstərilir. Ona görə biz əlbəttə, maraqlıyıq ki, bölgədə və dünyada multikulturalizm meyilləri güclənsin. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik.

Xarici siyasətə gəldikdə, bizim siyasətimiz müstəqil siyasətdir, Azərbaycan xalqının maraqlarını təmin edir və uğurla təmin edir. Biz bütün ölkələrlə qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qurmuşuq və Ermənistandan başqa bizim heç bir ölkə ilə heç bir problemimiz yoxdur. Qonşularla münasibətlərimiz bizim üçün prioritet təşkil edir. Hesab edirəm ki, hər bir ölkə üçün bu, belə olmalıdır. Çünki biz bu coğrafiyada, bu qonşuluqda yaşayırıq. Biz maraqlıyıq ki, qonşuluqda sabitlik olsun, inkişaf getsin, xoşagəlməz hallar, təhlükələr olmasın. Qonşularımızın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Əgər qonşunun evi yanırsa, təbii olaraq, ilk növbədə, sən gedib qonşuya yardım edirsən. Digər tərəfdən sən özünü qoruyursan. Siyasətdə də belədir. Ona görə bizim qonşularla münasibətlərimiz formalaşıb, oturuşub və çox gözəl münasibətlərdir. Türkiyə, Rusiya, İran və Gürcüstan ilə həm ikitərəfli, həm çoxtərəfli formatlarda çox gözəl siyasi-iqtisadi, mədəni əlaqələrimiz var. Bu əlaqələr bizim üçün çox önəmlidir. Qonşular da bizə eyni mövqedən yanaşır. Biz bu əlaqələri gələcəkdə prioritet kimi daim diqqət mərkəzində saxlamalıyıq. Biz bu əlaqələri gücləndirmək üçün nə lazımdırsa edəcəyik. Bununla bərabər, biz üçtərəfli formatda da işləyirik. Bu üçtərəfli formatın yaradılmasının təşəbbüskarı da biz olmuşuq. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Rusiya. Bütün qonşularla ayrı-ayrılıqda üçtərəfli format artıq formalaşıb və bu, sadəcə olaraq formal xarakter daşımır. Çünki bu üçtərəfli əməkdaşlıq çərçivəsində bir çox önəmli məsələlər həll olunur, təhlükəsizliklə, iqtisadi əməkdaşlıqla, enerji və nəqliyyatla bağlı layihələr icra edilir. Yəni, bu əməkdaşlıq bizə də, qonşularımıza da böyük xeyir gətirir.

Müsəlman ölkələri ilə əməkdaşlığımız həmişə ən yüksək səviyyədə olmuşdur. Biz İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində çox önəmli addımlar atmışıq. Beynəlxalq arenada, BMT-də bizi ən çox dəstəkləyən məhz müsəlman ölkələridir, biz də onları dəstəkləyirik. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə qəbul edilmiş qətnamə Azərbaycanı birmənalı şəkildə dəstəklədi, Ermənistanın təcavüzünü, aprel təxribatını qətiyyətlə pislədi və bununla bərabər, İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupunu da yaratmışdır. Bu əməkdaşlıq bizim üçün böyük əhəmiyyət daşıyır. Bu əməkdaşlıq tarixə, mədəniyyətə, dinə, ortaq maraqlara əsaslanır və daim diqqət mərkəzində olmalıdır.

Avropa ölkələri ilə də bizim əməkdaşlığımız genişlənir. Həm ikitərəfli formatda çox gözəl əlaqələrimiz var, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı istiqamətində böyük işlər görülür, görülübdür. Hazırda münasibətlər yüksələn xətlə inkişaf edir. Bu, bizi sevindirir, əminəm ki, Avropa qurumlarını da sevindirir. Avropa İttifaqının üzvü olan 8 ölkə ilə bizim strateji tərəfdaşlığımız haqqında sənədlər imzalanıb və ya qəbul edilib. Bu, Avropa İttifaqına üzv ölkələrin üçdə bir hissəsidir. Bütövlükdə, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin formalaşdırılması istiqamətində təkliflər indi masa üzərindədir. Ümid edirəm ki, yaxın zamanlarda ciddi danışıqlar başlanacaqdır".

Prezident Dağlıq Qarabağ məsələsinə də toxunub:

"Əlbəttə, xarici siyasətimizin və nəinki xarici siyasətimizin, ümumiyyətlə, siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı dəfələrlə fikirlərimi bildirmişəm. Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və xalq da bu mövqeyi dəstəkləyir, bəyənir. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir, status-kvo dəyişdirilməlidir. Mən şadam, Minsk qrupuna həmsədrlik edən ölkələrin rəhbərləri, xarici işlər nazirləri, digər nümayəndələr artıq birmənalı şəkildə deyirlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir. Çünki status-kvo Ermənistanı qane edir, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu status-kvo əbədi qalsın. Onlar istəyirlər ki, bu danışıqlar sonsuz olsun. Yəni, görüntü, imitasiya naminə danışıqlar aparılsın. Biz dəfələrlə demişik ki, bu, mümkün deyil. Biz artıq 20 ildən çoxdur ki, gözləyirik. Vasitəçilər həmişə bizə gözləyin, sülh yolu ilə həll edin deyirlər. Son vaxtlar bunu daha da tez-tez təkrarlayırlar. Biz də istəyirik ki, sülh yolu ilə həll olunsun. Kim istəyər ki, müharibə başlasın?! Amma biz istəyirik ki, həll olunsun. Burada Ermənistan ilə Azərbaycan arasında fərq məhz bundadır. Ermənistan istəyir ki, sülh yolu ilə həll olunsun, amma bunun həllini əngəlləyir, ortaya süni əngəllər qoyur. Qabaqcadan qəbuledilməz şərtlər qoyur ki, biz bunu qəbul etməyək və beləliklə, danışıqlar onilliklər ərzində belə davam etsin. Bizim isə mövqeyimiz konstruktivdir və bunu vasitəçilər bilir. Rəsmi açıqlamasalar da, bunu etiraf edirlər. Konstruktiv mövqe nümayiş etdiririk ki, bu məsələ həll olunsun, torpaqlarımız işğaldan azad edilsin, Azərbaycan köçkünləri öz dədə-baba torpaqlarına qayıda bilsinlər. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bir daha demək istəyirəm, nə Azərbaycan xalqı, nə Azərbaycan dövləti heç vaxt imkan verə bilməz ki, tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Biz buna heç vaxt imkan verməyəcəyik”.