“Gülağa Tənha pulları verəndə orada idim...” - MTK sədri

gulaga-tenha-pullari-verende-orada-idim-
Oxunma sayı: 6877

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə İ.Qasımovun vəkili jurnalistlərlə bağlı vəsatət verib. Bildirib ki, onun müdafiə etdiyi şəxsin əleyhinə mediada materiallar dərc olunur və buna görə də jurnalistlər zala buraxılmasın.

Hakim bildirib ki, bununla bağlı qanunvericiliyə uyğun olaraq addım ata bilərlər, hazırkı prosesə isə aidiyyatı yoxdur: "Bu açıq prosesdir, istənilən şəxs iştirak edə bilər".

İlham Qasımovun bacısı oğlu Sahib Cahangirli ifadə verərək deyib ki, 2013-cü ilin fevral ayında "Real MTK"da sədr kimi işə başlayıb:

"2014-cü ildə sakinlərin köçürülməsi ilə məşğul oldum. Bir il sonra mənimlə tikintini həyata keçirəcək şirkət arasında müqavilə bağlandı. Şərt belə idi ki, binalar tikiləndən sonra mənə 10.5 milyon manatlıq ev verəcəkdilər, amma vermədilər. Binəqədi rayon məhkəməsinə müraciət etdik. Məhkəmə qərar verdi ki, 4.5 milyon manat ziyan dəyib. İstintaqda ifadəmi təzyiq altında vermişəm. Kağızda yazılanları oxumamışdım".

S.Cahangirli deyib ki, Gülağa Qəmbərov (Şair Gülağa Tənha) tikinti üçün pul verəndə orada olub və pulların sayılmasında iştirak edib.

Qeyd edək ki, məşhur iş adamı Gülağa Tənha ötən məhkəmə iclasında 19,5 milyon pulu İlham Qasımova verdiyini açıqlamışdı.

***

S.Cahangirlinin məhkəməyə verdiyi ifadə ilə ibtidai istintaqa verdiyi ifadə arasında ziddiyyət olduğu üçün onun ilkin ifadəsi elan edilib.

Bəlli olub ki, S.Cahangirli sakin Bəşirov Ziyəddinə evini almaq üçün 120 min manat versələr də, sənədləşmədə bunu 5 min manat kimi qeyd ediblər. Digər bütün sakinlərdən də evlər bu yolla alınıb.

Hakim niyə bu üsulla ev aldıqlarını soruşub, şahid sualı cavabsız qoyub. İ.Qasımov isə yerindən "hər şeyi öz üzərimə götürmüşəm, onu da mən etmişəm, pulu özüm götürmüşəm" deyib.

S.Cahangirli müstəntiqə ifadəsində deyib ki, bütün işləri dayısı İ Qasımovun göstərişi ilə qeyd edib.

O, istintaqda dayısı ilə üzləşdirilmədiyini desə də, öz imzası ilə təsdiq olunan sənədlərdə üzləşdirildiyi aydın olub.

İ.Qasımov isə üzləşmə barədə sənədə özünün qol çəkdiyini deyib: "Mən müstəntiqə dedim ki, get yaz gətir qol çəkəcəyəm"

S.Cahangir istintaq zamanı dindirilərkən müstəntiqin onu aldatdığını, sakinlərin isə yalan danışdığını deyib.

Zərərçəkmiş Kamal Məmmədov ifadə verərək heç bir şikayəti olmadığını deyib: "Pulu İlham Qasımovun oğluna verib ev almışam. Məni əvvəl ora-bura göndərdilər, indi tələbim yoxdu. Mən 4 il idi o evdə yaşayırdım, bir nəfər gəldi ki, bu evi mən almışam".

İ.Qasımov K.Məmmədovu birinci dəfə gördüyünü deyib: "Tutaq ki, pulu mən almışam. Hə, nə olsun? Evində yaşayırsan da. Bunların hamısını "abaxeyis general"ın tapşırığı ilə ediblər".

K.Məmmədov isə məhkəməyə niyə çağırıldığını bilmədiyini deyib.

İ.Qasımov özünü yaxşı hiss etmədiyini deyib.

S.Cahangirlinin sualları cavablandırması davam etdirilib. O bildirib ki, şirkətə daxil olan pullar rəsmiləşdirilməyib.

Vəkil G.Qəmbərovun ifadə verdiyi zaman ona sual verə bilmədiyini deyib və G.Qəmbərovun növbəti iclasa çağırılmasını istəyib. Hakim vəsatəti təmin edib. Növbəti iclasda G.Tənha sualları cavablandıracağı gözlənilir.

Məhkəmə prosesi oktyabrın 28-də davam etdiriləcək.

Murad Əhməd