“Görün, Lənkəranskidən sonra nələr baş verəcək?” - Fəzail Ağamalı

gorun-lenkeranskiden-sonra-neler-bas-verecek
Oxunma sayı: 33739

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının “Qafqazinfo”ya müsahibəsi

- Fəzail bəy, son günlər Azərbaycanda “Gülənçi”lərlə bağlı əməliyyatlar keçirilib, bir neçə nəfər saxlanılıb. “Gülənçi”lər Azərbaycan üçün təhlükədirmi?

- Sübut olundu ki, “Gülənçi”lər Türkiyənin seçilmiş prezidentini zor gücü ilə devirərək hakimiyyəti ələ almağa çalışırlar. Mən bunu hərbi qiyam kimi deyil, daha çox dövlət çevrilişinə cəhd kimi qiymətləndirirəm. Son vaxtlar verilən dəqiq məlumatlara görə, bu çevrilişdə təkcə hərbçilər deyil, cəmiyyətin müxtəlif təbəqələrində birləşən, hakimiyyətin ayrı-ayrı strukturlarında yerləşdirilən “Gülənçi”lər faktiki olaraq “15 iyul” çevrilişində bu və ya digər şəkildə iştirak edirdilər. “Gülənçi”lərin bu cəhdi Türkiyənin söykənmiş olduğu demokratik prinsiplərinə zidd idi. Çevriliş nəticəsində hakimiyyətə yeni qüvvələr gəlsəydi, Türkiyə ilə Azərbaycan arasında çox böyük problemlər yarana bilərdi və indiyə qədər bu münasibətlərdə əldə etdiyimiz, hər kəsin qibtə etdiyi uğurlar ciddi təhlükə ilə üz-üzə qala bilərdi. Biz hətta bu münasibətlərin tamamilə məhv olması ilə qarşılaşa bilərdik. Türkiyədə çevriliş cəhdinin qarşısının alınması Azərbaycanın dövlət və milli maraqlarına tamamilə uyğundur. Və Gülən təkcə Azərbaycanda deyil, dünyanın ən müxtəlif ölkələrində özünün şəbəkəsini yaradıb. Bu şəbəkə Azərbaycanda da var. Mən güman etmirəm ki, indiki zaman kəsiyində “Gülənçi”lər dirçəlib Azərbaycan üçün hər hansı problem yarada bilərlər. Lakin onu da istisna etmirəm ki, Türkiyədə dövlət çevrilişi baş tutsaydı, “Gülənçi”lərin Azərbaycandakı dayaqları ölkəmiz üçün ciddi problem yaratmağa cəhd edərdi. Bu törtöküntülər, bu şəbəkə Türkiyədən dəstək alaraq bunu edə bilərdi. Amma onlar Türkiyədə olduğu kimi Azərbaycanda da uğur qazana bilməzdilər. Çünki indi istintaqa ifadələrindən bəlli olur ki, “Gülənçi”lərin dayaqları müxalifət partiyalarında, strateji əhəmiyyət kəsb etməyən yerlərdə var. Dövlətimizin hərbisində, polisində onların dayağı yoxdur. Deməli, onlar güc mərkəzi kimi öz sözlərini deyə bilməzdilər. Müəyyən problem yarada bilərdilər, Azərbaycan dövləti də onun qarşısını alardı.

- Türkiyədə bu proses zamanı dövlət qurumlarında təmsil olunanlar da aşkarlandı, onlar işdən çıxarıldı və ya həbs olundu. Azərbaycanda da sosial şəbəkələrdə bəzi deputatların və dövlətin müxtəlif qurumlarında təmsil olunan şəxslərin adları çəkilir. Sizcə, Azərbaycan dövləti bu baxımdan “təmiz”dirmi?

- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Ancaq “Gülənçi”lərdən Milli Məclisdə olanlar haqda məlumatım yoxdu. Bir neçə il bundan öncə belə söhbətlər gəzdi və bəzi adamlar tutduğu vəzifələrindən uzaqlaşdırıldılar. Həmin vaxt onlara nurçu dedilər, indi isə onlar “Gülənçi”dirlər. Azərbaycanda onların əsas dayaq nöqtələri “Gülənçi”lərin yaratmış olduqları məktəblərdə idi. Ayrı-ayrı strukturlarda Gülənə rəğbət bəsləyən tək-tük adam ola bilər. Lakin Gülənin bütün fəaliyyətini burda qura biləcək gücdə olduqlarını hesab etmirəm.

- “Nurçu”lar və “Gülənçi”lər müzakirə mövzusu olanda hər dəfə eyni şəxslərin, Ceyhun Osmanlı, Fazil Mustafa, Elnur Aslanov və s. adlarının hallanması təsadüfdürmü?

- Ola bilsin ki, hansısa məlumatlar var. Fazil Mustafanı onlarla eyniləşdirə bilmərəm. Çünki həmin şəxslərlə bağlı konkret məlumatlar olduğu üçün konkret addımlar da atıldı. Fazil Mustafa bunu belə izah etdi ki, uzun müddət Türkiyədə yaşadığı , dini dəyərlərə üstünlük verdiyi və dini araşdırmaçı olduğu üçün onu “nurçu” deyə ittiham etməyə çalışıblar. Mən bildiyim qədər Fazil Mustafa Azərbaycan dövlətçiliyinə xələl gətirəcək addım atmaz. “Gülənçi”lərin tamamilə üzə çıxarılması və nə dərəcədə təhlükəli olduqları müəyyənləşdirilib qanun çərçivəsində tədbir görülməlidir. Bu proses artıq başlayıb və əminəm ki, axıra da çatdırılacaq.

- Sentyabrın 26-da keçiriləcək referendumla bağlı ümumi olaraq mövqeyiniz nədir?

- Məncə, bu, Azərbaycanda konstitusiya quruluşunun möhkəmlənməsinə, ölkəmizdə demokratik prosesin inkişafına və idarəçilik sisteminin təkmilləşməsinə xidmət edən bir dəyişiklikdir. Bu dəyişikliklər cəmiyyətdə gedən dinamik proseslərin məntiqinə söykənir.

- Vitse-prezidentlərin kim olacağına dair fikirlər səsləndirilir. Sizin bu məsələdə dövlətimiz üçün hər hansı təşəbbüsünüz varmı?

- Vitse-prezidentlik institutunun yaradılması xüsusi olaraq diqqəti cəlb edir. Bu, Azərbaycanda idarəçilik sisteminin daha da təkmilləşdirilməsi, sadələşdirilməsi və birbaşa ölkə prezidentinin idarəçilik sistemində öz üzərinə düşən səlahiyyətlərin müəyyən hissəsinin şaxələndirilməsi, ölkənin idarə olunmasına yeni bir töhfə verən dəyişiklikdir. Vitse-prezidentlərin içərisində vacib bir məqam diqqətimi cəlb etdi. Bu gün Naxçıvan Muxtar Respublikasının rəhbəri uzun illərdən bəri oranı çox böyük uğurla idarə edən Vasif Talıbovdur. O, Ali Məclisin sədridir. Konstitusiyaya görə də Milli Məclis, Naxçıvan Ali Məclisi hakimiyyətin ikinci qoludur. Onun birbaşa prezidentlə idarəçilik sisteminə bağlılığı yoxdur. Ola bilsin ki, bu bağlılığı təmin etmək üçün Naxçıvan Muxtar Respublikasının rəhbəri Azərbaycan prezidentinin vitse-prezidenti kimi təsbit olunsun və beləliklə, qeyd etdiyimiz boşluq aradan götürülsün.

- Cəmiyyətdə gedən hansı məntiqi proseslər bu dəyişiklikləri zəruri etdi?

- Cəmiyyətin dinamik inkişafı, yeni çağırışlar və dünyada gedən proseslər.

- Zəruri hallar içərisində dövlətçiliyə təhlükə məsələsi də var idimi?

- Xeyr, belə düşünmürəm. Çünki Azərbaycan bu gün istənilən hadisəni qabaqlayacaq gücə malikdir.

- Sizcə, referendumdan sonra ölkədə hansısa ciddi dəyişiklik gözlənilirmi?

- Bəli, xüsusilə idarəçilik sistemində. Ola bilsin ki, idarəçilikdə olan paralel, təkrarlanan dövlət qurumları aradan qaldırılsın.

- Milli Məclisin hökumətə etimadsızlığına görə prezident tərəfindən buraxıla bilməsi haqda dəyişikliyi bir millət vəkili kimi necə qiymətləndirirsiniz?

- Dəyişikliyə görə, prezident tərəfindən təqdimatı verilən Baş nazir, Mərkəzi bankın sədri və məhkəmə hakimləri 2 dəfə Milli Məclis tərəfindən təsdiq olunmursa, bu artıq qanunverici orqanlar və prezident arasında uçurum, ziddiyyət yaradır. Bu zaman iki seçim var: ya təkrar prezident seçkiləri keçirilməlidir, ya da Milli Məclis buraxılmalıdır. Azərbaycan prezidentli respublika olduğuna görə, 1-ci seçim istisna olunur. Bununla da, doğru olaraq prezidentə səlahiyyət verilir ki, belə hallarda parlamenti buraxsın. Gələcəkdə ehtimal olunan bu problemin aradan qaldırılmasının yeganə yolu budur. Dəyişikliklərdə başqa bir məsələ də diqqəti cəlb edir. İntizam qaydalarını kobud şəkildə pozan deputatın mandatının əlindən alınması da nəzərdə tutulub. Bu dəyişikliyi də vacib hesab edirəm Millət vəkili bütün mənalarda nümunə olmalıdır.

- Bunu da zəruri edən hallar olub?

- Bəli, bunu zəruri edən hallar, davranışlar olub.

- Təklif edilən dəyişikliklərdə prezident, deputat və hakim olmaq istəyənlər üçün yaş senzinin aradan götürülməsi nəzərdə tutulur. Bəzi şəxslər bunu “təcrübəsiz şəxs belə önəmli vəzifənin öhdəsindən necə gələcək?” deyə tənqidi sual ünvanladılar. Görürəm başınızın üzərindən Şah İsmayılın portretini asmısız. Bəs bu suala cavabınız nə olardı?

- Mənim üçün – Şah İsmayıl və Heydər Əliyev əvəzsiz tarixi şəxsiyyətlərdir. Şah İsmayıl ən gənc yaşlarında hakimiyyətə gəlib və bütöv Azərbaycan dövlətini yaradıb. Heydər Əliyev isə müasir Aəzərbaycan dövlətinin memarı və qurucusudur. Bu dəyişiklik o demək deyil ki, parlament, ölkənin idarəçilik institutu gənclər klubuna çevriləcək. Bu şans gənclərə verilir, seçim isə xalqındır. Gənclərə meydan açılır və onların hüquqları buxovlanmır.

- Yaxın qohumunuz Rövşən Canıyevin İstanbulda qətlindən sonra onun cənazəsinin Azərbaycana gətirilməsindən dəfninə kimi jurnalist olaraq iştirak etdik. Biz kənardan izləyirdik, siz də ailəyə yaxın şəxs kimi proseslərin içində idiz. Rövşənin cənazəsinin izdihamla qarşılanması və məscidə gətirilməsi, dəfn olunması haqda nə deyə bilərsiniz?

- Allah rəhmət eləsin. Rövşən artıq haqq dünyasındadır. Hər zaman demişəm, indi də deyirəm, mən heç bir azərbaycanlının cinayət aləmində olmasını istəməzdim. Çünki ora normal həyat deyil. Cinayət aləmində olan insan istədiyi kimi yaşaya bilmir, öz ailəsi, uşaqları ilə bir yerdə ola, qohumlarının xeyir işində, yasında belə iştirak edə bilmir. Mən də Rövşənin dəfn mərasimində iştirak etdim, insanlıq borcumu yerinə yetirdim. Qardaşımın qızı Rövşənin qardaşı ilə evlidir, neçə illərdir qohumluq əlaqələrimiz var. Rövşən cinayət aləmində, mən isə siyasətdəyəm deyə onun yasında iştirak etməməyim düzgün olmazdı. Deputat olmağım məni insanlıqdan çıxarmalı deyil ki. Bir epiozodu qeyd etmək istərdim, 2004-cü ildə mən Moskvada infarktdan müalicə olunurdum. Yanvar ayının 3-dən 22-nə qədər Rövşən hər gün dayısı oğlu ilə mənim yanıma gəlirdi. Səhər saat 10-da gələrdi, axşamüstü saat 4-5-də gedərdi. Mən bunu unuda bilərəmmi? Hər şeyə rəğmən, Rövşən Azərbaycandan xaricdə yaşayan və işləyən minlərlə azərbaycanlını kriminal aləmdən, reketlərdən müdafiə edib, onları əzməyə, çətinliklə qazandıqları pullardan məhrum etməyə imkan verməyib.

Rövşənin dəfn mərasiminə olan münasibət onun şəxsi keyfiyyətləri ilə bağlı idi. Bu izdihamın, camaatın avtoritetlərə rəğbəti deyildi, konkret olaraq Rövşən Lənkəranskiyə insani münasibət, vicdani borc idi. Çünki vaxtilə Rövşən onları himayə edib. Dəfndə müasir geyimli, azərbaycanlı olmayan qadınlara da rast gəldim. Onların cinayət aləmilə bağlılığına inanmıram. Bəs onları bura gətirən nə idi? Rövşən mərd, qorxmaz, istedadlı və ədalətli idi. Xaricdə yaşayan soydaşlarımızın haqqı pozulanda onları müdafiə edirdi, bu baxımdan onun sözünün qabağına söz deyəni bağışlamırdı, iradəsinin qabağında iradə yox idi. Artıq 37-38 yaşında faktiki olaraq MDB məkanında cinayət aləmini idarə edən əsas simalardan biri idi. İndi artıq o yoxdur. Görün, bundan sonra cinayət aləmində nələr baş verəcək?

- Rövşən Lənkəranski ilə bağlı hansısa xatirələriniz var?

- Moskvada müalicə olunduğum vaxtı hər gün məni ziyarət etməsini dedim. Həmin vaxt ünsiyyətimiz olurdu. Çox maraqlı, ağıllı söhbətlər edirdi, məntiqli mühakimələri var idi. Oxumağa çox meyilli idi. Xüsusi olaraq fəlsəfə və tarix kitablarını oxuyurdu. Məndən də bir neçə kitab istəmişdi, göndərmişdim. Müalicəyə gedəndə özümlə Əlisa Nicatın bir kitabını götürmüşdüm. Yanıma gələndə kitab istədi, onu verdim, oxudu. Pis vərdişləri yox idi, narkotikdən, spirtli içkidən tamamilə uzaq idi. Özü və özünün ətrafında belə şeylərə imkan vermirdi. Allahını tanıyan, ibadətini edən insan idi. Biz bir yerdə olanda nə kriminal aləmdən danışırdıq, nə də siyasətdən. Dünyanın gəlişindən-gedişindən söhbət edirdik. Oxuduğumuz kitablar haqqında fikir mübadilələri aparırdıq. Maraqlı müsahib idi.

- Rövşənin qətli xaricdə yaşayan azərbaycanlılar üçün nəyi dəyişəcək?

- Kriminal vəziyyətin mürəkkəb olduğu ölkələrdə, xüsusilə Rusiya bazarlarında işləyən azərbaycanlıların vəziyyəti o qədər də xoşagələn olmayacaq.

- Biz dəfndən sonra da Lənkəran camaatı ilə söhbət etdik, onlar da, paytaxtda olan şəxslər də hələ də Rövşənin öldüyünə inanmırlar. Mediada da bu barədə məlumatlar dərc olundu. Çünki bundan öncə də bir neçə dəfə onun öldüyü haqda məlumatlar yayılmışdı. Hətta onun əvəzinə sürücüsünün dəfn olunduğunu iddia edənlər də var. Bu barədə nə deyə bilərsiz?

- Rövşən Lənkəranski tam müsəlman qaydasına uyğun olaraq dəfn edildi. Dəfn edilənin Rövşən olduğuna heç kimin şübhəsi olmasın. Ən azından onun cənazəsinin evinə aparılması və ailə üzvlərilə vidalaşmasını görmək kifayət idi. Qətlə yetirilən Rövşən idi...

Murad Əhməd

Fotolar: Nuran Məmmədov