Elmar Məmmədyarov latviyalı həmkarı ilə görüşdü

elmar-memmedyarov-latviyali-hemkari-ile-gorusdu
Oxunma sayı: 636

Xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın xarici işlər naziri Edqar Rinkeviçs ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycan-Latviya və Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı səviyyəsi, gələcək inkişaf perpektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov səfərin Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin hərtərəfli inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə etdi. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə toxunan nazir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Brüsselə səfəri və Aİ-də keçirdiyi görüşlərin əhəmiyyətini diqqətə çəkdi.

Tərəflər sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ekologiya, mədəniyyət, təhsil və turizm kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün əlverişli imkanların olduğunu qeyd etdilər. Bu məqsədlə mütəmadi əsasda biznes forumlar və işgüzar görüşlərin keçirilməsinin vacibliyini vurğuladılar.

Nazir Edqar Rinkeviçs ölkəsinin ikitərəfli və çoxtərəfli əsasda Azərbaycan ilə hərtərəfli əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu diqqətə çatdırdı. O, Latviyanın Azərbaycanın Aİ ilə strateji tərəfdaşlıq əlaqələrini dəstəklədiyini vurğuladı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin son vəziyyəti barədə həmkarına məlumat verən nazir Elmar Məmmədyarov Latviyanın münaqişənin beynəlxalq hüququn prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirdi.

Görüş zamanı həmçinin elmi-texniki və mədəni-təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi, parlamentlərarası əlaqələrin genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq və qarşılıqlı dəstəyin davam etdirilməsi, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və digər qarşılıqlı maraq kəsb edən məsələlər də müzakirə olundu.

Görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi” haqqında Saziş imzalandı.