Elmar Məmmədyarov ingilis parlamentarilərlə görüşdü

elmar-memmedyarov-ingilis-parlamentarilerle-gorusdu
Oxunma sayı: 737

Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Blakmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə E. Məmmədyarov Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən, tərəflər arasında əməkdaşlıq edilən əsas sahələr və inkişaf perspektivləri barədə nümayəndə heyətinə ətraflı məlumat verib

Nazir enerji sahəsində, o cümlədən, Azərbaycanın neft və qaz yataqlarının işlənilməsində və xam neftin ixracında əsas marşrut olan Bakı-Tbilisi-Ceyhan kəmərinin reallaşdırılmasında BP şirkəti ilə əməkdaşlığı yüksək qiymətləndirib.

E. Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələr barədə danışıb və bu layihələrin iştirakçı dövlətlərə, ümumilikdə bütün regiona verəcəyi töhfələri izah edib. Nazir Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin mahiyyəti və qarşıya qoyulan hədəflərdən söz açıb və ölkəmizin bu istiqamətdə atdığı addımları sadalayıb.

Azərbaycanın multikulturalizm və tolerantlıq üzrə dünyaya örnək ola biləcəyini vurğulayan E. Məmmədyarov, ölkəmizdə əsrlər boyu müxtəlif dinlərə məxsus insanların sülh şəraitində yanaşı yaşadığını misal göstərib.
Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və bu münaqişənin həlli istiqamətində aparılan danışıqların cari vəziyyətinə toxunan E. Məmmədyarov, Azərbaycanın rəsmi mövqeyini bir daha britaniyalı deputatların diqqətinə çatdırıb

Görüşün sonunda E. Məmmədyarov qonaqların müxtəlif mövzular üzrə verdiyi suallarını cavablandırıb.