Dünya media konfransında Azərbaycanda söz azadlığının vəziyyəti ilə bağlı məlumat

dunya-media-konfransinda-azerbaycanda-soz-azadliginin-veziyyeti-ile-bagli-melumat
Oxunma sayı: 999

Dünyanın aparıcı media orqanlarının təmsilçilərinin, media ekspertlərinin iştirak etdiyi tədbirdə müasir dövrdə söz azadlığı, keyfiyyətli jurnalist araşdırmaları, jurnalistlərin təhlükəsizliyi, KİV-də qadınların rolu, bacarıq və vərdişləri məsələləri müzakirə edilib. Bir daha bəyan olunub ki, KİV azadlığı və insan hüquqlarının qorunması azad və demokratik cəmiyyətin, iqtisadi yüksəlişin, sülhün və beləliklə, uzunmüddətli inkişafın əsasıdır. Tədbir təşkilatçılarının ortaq mövqeyi ondan ibarət olub ki, jurnalistləri daha fəal müdafiə etmək lazımdır. Çünki son onillik ərzində 800-dən çox jurnalist peşə öhdəliklərini yerinə yetirərkən həyatını itirib. Təkcə 2010-cu ildə dünyada 60 jurnalistin öldürüldüyü barədə məlumat verilib.

"Qafqazinfo" xəbər verir ki, mayın 3-ü günün 2-ci yarısında CNN-in beynəlxalq müxbiri Kristian Amanpurun moderatorluğu ilə keçən plenar müzakirələr yaddaqalan olub. O, dünyada media azadlığı məsələlərini geniş şərh edib, jurnalistlərin qorunması üçün səylərin birləşdirilməsi vacibliyindən danışıb. Onun öz çıxışında tez-tez ABŞ Dövlət Departamentinə istinad etməsi, bu ölkənin ifadə azadlığı məsələsində lider olduğunu deməsi diqqət çəkib. Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət söz alaraq dünyada həbsdə olan jurnalistlərin hamısının azad edilməsini arzuladığını bildirib. Daha sonra o, K.Amanpura müraciətlə ABŞ-ın heç də beynəlxalq reytinqlərdə ifadə azadlığı məsələlərində ilk yerdə olmadığını deyib. “Biz iki gündür buradayıq, fin dostlarımız davamlı olaraq qeyd edir ki, bu ölkə ifadə azadlığı reytinqlərində birincidir. Amma siz deyirsiniz ki, ABŞ liderdir. Məncə, fin dostlarımızın xətrinə dəyməməliyik”, - deyə Azər Həsrət bildirib. Bunu şərh edə bilməyən K.Amanpur məsələni sadəcə özünəməxsus zarafatla qapadıb.

Tədbirdə iştirak edən EurasiaDiary analitik informasiya portalının baş redaktoru, Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin sədri Ayaz Mirzəyev isə iştirakçıların diqqətini jurnalistlərin bir çox münaqişə bölgələrində separatizmi yayması faktına yönəltdi. Ukrayna hadisələri zamanı bunun bariz nümunəsini gördüklərini bildirən Ayaz Mirzəyev eyni təhlükə ilə Azərbaycanın da üz-üzə qaldığını deyib. Erməni jurnalistləri və mediası aktiv şəkildə həm yerli miqyasda , həm də beynəlxalq səviyyədə qondarma Qarabağ rejimini təbliğ etməyə cəhd edir və insanlara separatizm əhvalı aşılamağa çalışır. Bu addımın peşakar jurnalistika ilə hec cür uyğun gəlmədiyini bildirən Ayaz Mirzəyev tədbirdə iştirak edən aparıcı media təşkilatlarının rəhbərlərinə müraciət edərək , onların bu vacib məsələ ilə bağlı mövqe bildirməsinin vacib olduğunu dedi. Etik Jurnalistika Şəbəkəsinin direktoru Ayden Vayt və Avropa Jurnalistlər federasiyasının rəhbəri Mogens Bjerreqard da bu faktın xoşagəlməz olduğunu təsdiqlədilər və bu halla mübarizədə jurnalistlərin və media təşkilatlarının üzərinə ciddi məsuliyyət düşdüyünü etiraf etdilər.

Tədbir bu gün Jurnalistlərin təhlükəsizliyinin qorunması və onlara xüsusi imtiyazların verilməsi mövzusu ilə davam edib. Tədbirdə çıxışları zamanı Azər Həsrət və Ayaz Mirzəyev Azərbaycanda medianın inkişafı, mətbuatın müasir tələblərə cavab verməsi üçün dövlət və ictimai sektorun göstərdiyi dəstək, o cümlədən ölkənin media mənsublarının peşakarlıq səviyyəsinin artması haqqında geniş məlumat veriblər. Tədbir sonda Helsinki deklarasiyanın qəbul edilməsi ilə başa çatdı.

Xatırladaq ki, Ümumdünya Mətbuat Azadlığı Gününün əsası 1992-ci ildə bir qrup jurnalistin Namibiyanın Vindhuk şəhərində toplaşması ilə qoyulub. Vindhuk Bəyannaməsi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində əks olunduğu kimi, ifadə azadlığının fundamental prinsiplərinin müdafiə edilməsi üçün çağırış idi.