“Din xadiminin əlində Quran olar, avtomat yox”

din-xadiminin-elinde-quran-olar-avtomat-yox
Oxunma sayı: 1370

"Hər bir Azərbaycan vətəndaşı qanunvericiliyin tələblərinə əməl etməlidir. Kəndlər arasında ayrı-seçkilik olmaz və qanunun aliliyini hamı qorumalıdır. Dövlət hər kəsindir və vərəndaşlar üçün də lazımi addımları atır, sosial və digər problemləri həll edir ki, bu da adekvat olmalıdır".

“Qafqazinfo” xəbər verir ki, bunu parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Nardaran hadisələri barədə jurnalistlərə açıqlamasında deyib. O deyib ki, dövlət bu addımları atırsa, bu o demək deyil ki kimdənsə və ya hansısa kənddən çəkinir: "Din xadimlərinin əlində Quran olar, avtomat, qranat yox. Bu dini məsələ yox, sırf təhlükəsizlik məsələsidir. Bununla bağlı hüquq mühafizə orqanları tərəfindən lazımi addımlar atılacaq ki, Azərbaycandakı ictimai-siyasi sabitlik qorunsun. Vətəndaşlar qanundan sui-istifadə etməsinlər. Bu hadisələri kriminaldan daha böyük hadisə kimi qiymətləndirmək lazımdır".

S. Novruzov deyib ki, orada ixtisaslaşdırılmış və hazırlaşdırılmış dəstələrdən söhbət gedir: “Onların böyük əksəriyyətinin hətta nardarana heç bir aidiyyəti yoxdur. Onlar Azərbaycanın ayrı regionlardan və bölgələrindən gələn başqa öllkənin ərazisində təlim keçənlərdir, onlar sırf terror aktlarınln həyata keçirilməsi üçün insanlarda xof yaradılması hazırlanmış qrupdur. Bunların planları digər ölkələrdə olan terror aktlarının həyata keçirilməsi dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsdlərin təşkil olunması, dövlətin əsas fundamental konstitusion quruluşunun dəyişdirilməsidir. Nardaranda baş verən hadisələrlə əlaqədar “Dini etiqad azadlığı haqqında” qanuna müvafiq dəyişikliklər aparılacaq. Digər qanunvericilikdə də ciddi dəyişikliklər olmalıdır. Hər bir kəs bilməlidir ki, kim azad şəkildə dinə xidmət edirsə bütün məscidlərin qapısı onlara açıqdır. Məscidləri özləri üçün təşkilat qurmaq üçün istifadə edənlərə icazə verilməyəcək. Növbəti iclasda bu məsələ müzakirə olunacaq”.

Günel Türksoy