“Deyirdilər ki, iqtisadiyyatımız çökəcək...” - YAP-çı deputat

deyirdiler-ki-iqtisadiyyatimiz-cokecek-
Oxunma sayı: 3218

“Dünyada baş verən iqtisadi böhran fonunda Azərbaycan iqtisadiyyatında yaranmış çətin dövr artıq arxada qaldı. Bundan sonra ölkə iqtisadiyyatı daha sürətlə inkişaf edəcək, böyüyəcək və güclənəcək”.

Qafqazinfo” xəbər verir ki, bunu Milli.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, eləcə də YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib. Millət vəkilinin fikrincə, Azərbaycan iqtisadiyyatının iflasa uğrayacağına dair səsləndirilən fikirlər əsassız olduğundan onlar özünü doğrulmadı. Əksinə, bu ildə gələcək uğurların möhkəm təməli qoyuldu:

"Psixoloji, eyni zamanda iqtisadi templər baxımından 2016-cı ilin əvvəlində cəmiyyətimizdə çox böyük tərəddüdlər vardı. Çünki il ərzində manat iki dəfə devalvasiyaya uğramışdı. Biz son 20 ildə ilk dəfə idi ki, belə bir situasiya ilə rastlaşırdıq. Lakin prosesləri dərindən təhlil etməyib söz naminə iqtisadiyyatımızın guya çökəcəyi, iqtisadi uğurlardan söz açmağın isə hələ tez olduğuna dair deyilən fikirlərin heç biri özünü doğrultmadı. 2016-cı il onunla səciyyələndi ki, bütün psixoloji gərginliklərə baxmayaraq, başda prezident İlham Əliyev olmaqla dövlətimiz, hökumətimiz ortaya çıxan risklərin öhdəsindən uğurla gəldi.

Əslində, 2016-cı il çox böyük iqtisadi islahatlar ili kimi yaddaşlara həkk olunacaq. Artıq deyə bilərik ki, həmin çətin dövr, ağır proseslər bizim üçün arxada qalıb. Ölkədə neftsiz iqtisadiyyatın qurulması üçün həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm iqtisadi əlaqələrin genişləndirilməsi və həm də digər məsələlər baxımından çox fundamental addımlar atılıb. Bütün bunlara əsaslanaraq ürəklə deyə bilərik ki, biz növbəti illərdə daha böyük iqtisadi nailiyyətlər əldə edəcəyik, milli iqtisadiyyatımız daha da genişlənəcək, güclənəcək".

A.Hüseynov növbəti il üçün ümumi olsa da, proqnoz verməkdən çəkinməyib: "Proqnozum 2017-ci il üçün ondan ibarətdir ki, iqtisadi islahatlar dövrü kimi səciyyələndirilən 2016-cı ildə görülən işlər artıq öz bəhrəsini verməyə başlayacaq və bu illə müqayisədə iqtisadi uğurlarımız daha da çoxalacaq".