Dəmiryol Xəstəxanasının boşaldılması xəbərinə - Rəsmi reaksiya

demiryol-xestexanasinin-bosaldilmasi-xeberine-
Oxunma sayı: 8418

"Azərbaycan Dəmir Yolları" QSC Mərkəzi Dəmiryol Xəstəxanasının boşaldılması ilə bağlı məlumatlara reaksiya verib.

Qafqazinfo”nun məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Nadir Əzməmmədov Modern.az-a deyib ki, yayılan məlumatlar reallığı əks etdirmir: “Bir müddət əvvəl xəstəxananın özəlləşdirilməsilə bağlı sərəncam verildi. Daha sonra isə həmin sərəncam ləğv edildi. Ona görə də xəstəxananın boşaldılmasından söhbət getmir. Heç bir həkim, yaxud digər işçilər işindən çıxarılmayıb. Hər kəs öz işinin başındadır”.

Xatırladaq ki, bu gün yayılan məlumatlarda bildirilib ki, sədr Cavid Qurbanov Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən Mərkəzi Dəmiryol Xəstəxanasını boşaltdırır.

Qeyd edək ki, Azərbaycan Prezidentinin dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi ilə bağlı 19 iyul 2016-cı il tarixli Fərmanına əsasən Nazirlər Kabineti özəlləşdirilməyə açılan qeyri-profil dövlət müəssisəsi və obyektinin siyahısını təsdiqləyib. Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiqlənən siyahıya ümumilikdə 25 dövlət idarə və təşkilatının tabeliyində olan 137 dövlət əmlakı daxildir.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu əmlaklarla yanaşı, dövlət başçısının adıçəkilən Fərmanının 1.1.1-ci bəndi ilə müəyyən olunmuş siyahıya daxil olmayan və Fərmanın 4.2-ci bəndinə əsasən 215 dövlət müəssisə və obyekti də özəlləşdirilməyə açıq elan olunub.

Bununla da, ümumilikdə 352 dövlət müəssisə və obyekti özəlləşdirilməyə açılıb. Bu müəssisələrin siyahısı Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet resursu və privatization.az özəlləşdirmə portalında yerləşdirilib.

Qeyd edək ki, siyahıda Bakı Dəmir Yolu Xəstəxanasının da adı var idi.