“Daxildəki qarşıdurmalardan fikri yayındırmaq üçün...”

daxildeki-qarsidurmalardan-fikri-yayindirmaq-ucun
Oxunma sayı: 2811

“Hazırda Ermənistanda vəziyyət ağırdır. Ermənistan hakimiyyəti daxildəki qarşıdurmanı ört-basdır etmək üçün cəbhə xəttində təxribat törədir”.

Qafqazinfo” xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov cəbhədə ermənilərin törətdiyi son təxribatı APA-ya şərh edərkən deyib.

O bildirib ki, Ermənistanda vəziyyət düşündüyümüzdən də gərgindir: “Hətta Serj Sarkisyanın ən yaxın silahdaşı olan Seyran Ohanyan da bəyanat verərək, təkcə xalqın yox, özünün də Sarkisyan idarəçiliyindən narazı olduğunu dedi. Məlumdur ki, Serj Sarkisyan və Seyran Ohanyan Qarabağ klanının üzvləridir, onlar hakimiyyətə məhz Qarabağı işğal etdikləri üçün gəliblər. Əgər Ermənistanda aprel ayında keçiriləcək parlament seçkiləri ərəfəsində bir-birlərinə güzəştə getmirlərsə, deməli, hakimiyyətdə olmayacaqları təqdirdə, erməni xalqının onlardan baş verənlərin hesabını soruşacağını bilirlər. Ona görə də daxildəki qarşıdurmalardan diqqəti yayındırmaq üçün cəbhədə vəziyyəti gərginləşdirməyə cəhd edirlər”.

Ü. Cəfərov bildirib ki, ermənilər son zamanlar artilleriya mərmilərindən də istifadə edir: “Düşmən ön xətdə xeyli sayda ağır texnika cəmləşdirib və əsas məqsəd vəziyyəti gərginləşdirib, diqqəti daxili qarşıdurmalardan, həmçinin qondarma rejimdə keçirilmiş referendumdan yayındırmaqdır”.