“Dağlıq Qarabağdakı separatçı rejimə yardım göstərmək diplomatik qaydalara ziddir”

-dagliq-qarabagdaki-separatci-rejime-yardim-gostermek-diplomatik-qaydalara-ziddir
Oxunma sayı: 655

Xatırladaq ki, ABŞ Konqresi 1992-ci ildən Dağlıq Qarabağ münaqişəsi qurbanlarının humanitar ehtiyaclarını qarşılamaq üçün yardım ayırır. Burada yaşayan ermənilərin təzyiqi altında 2005-ci ildən etibarən yalnız Dağlıq Qarabağın erməni icmasına yardım edilir. Belədə, buradan qaçqın düşmüş 600 mindən çox azərbaycanlı isə yardımdan məhrum edilib. Halbuki, ermənilərdən fərqli olaraq, onlar öz dədə-baba yurdundan qovulub, indi didərgin həyatı yaşayır. Müraciət müəllifləri bildirir ki, son 6 ildə Dağlıq Qarabağın erməni icmasına yardımlar heç bir əsas olmadan 3 milyon dollardan 8 milyona qaldırılıb. ABŞ-ın Ermənistana yardım siyasətinin Cənubi Qafqazda inkişafa və sülhə əsas əngəl olduğu deyilən müraciətdə həmçinin vurğulanır ki, Ermənistanın işğalçı siyasəti genişlənərək ABŞ-ın maraqlarını şübhə altına alır: "ABŞ-ın Ermənistandakı səfirliyindən verilən məlumata görə, 2003-cü ildə o vaxtkı müdafiə naziri, indiki prezident Serj Sarkisyanın şəxsi nəzarəti altında İrəvan hökuməti İrana 1000 RPG-22M raketi və 260 pulemyot satıb. Sonradan bu silahlar İranın dəstəklədiyi "Hizbullah" qüvvələri tərəfindən İraqda istifadə olunub. Bunun nəticəsində 2008-ci il yanvarın 31-də amerikalı hərbçi Metyu Stroner öldürülüb. Ermənistan hökuməti bu məsələ ilə bağlı heç bir addım atmayıb, rəsmi olaraq üzr istəməyib, öldürülənin ailəsinə kompensasiya ödənilməyib". Məktubda o da qeyd olunur ki, ABŞ-da zəif iqtisadi artımın müşahidə olunduğu, ölkənin 14 trilyon dollar borcu yarandığı halda, onların Ermənistan və Dağlıq Qarabağın erməni icmasına yardımı artırması əsassızdır. Qeyd edək ki, ABŞ-dan gələn bu tip yardımlara göz dikən Ermənistan və Dağlıq Qarabağın separatçı rejimi artıq 20 ildən çoxdur ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Nəticədə 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu azmış kimi, Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan çıxmaqla bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə verilmiş 4 qətnaməsinin tələbləri də, hələ ki, yerinə yetirilməyib. Lakin bütün bunlara baxmayaraq, ABŞ Konqresi işğalçıya yardımı günü-gündən artırır.

ABŞ-dakı soydaşlarımızın apardığı kampaniyanı dəstəklədiyini söyləyən millət vəkili Fərəc Quliyev bu ölkədəki rəsmi qurumlarımızın və digər dövlətlərdəki diasporumuzun da onlara dəstək verməsinin vacib olduğunu dedi: "Parlamentdə bir məsələ qaldırmışdım ki, ATƏT-in Minsk Qrupunda dəyişiklik etmək lazımdır. Buradakı vasitəçilər dəyişdirilməlidir. Sonrakı mövqelərimdə də açıq şəkildə bildirmişdim ki, vasitəçilər qərəzli şəkildə, ikili standartlardan çıxış etdiyindən yenilərilə əvəz olunmalıdır. Amerika, Rusiya və Fransada yaşayan erməni diasporu dünyada ən çox olan diasporlardandır. Onların həmin üç dövlətə də təsirləri çoxdur. Bu yolla həmin ölkələrin siyasətinə təsir edirlər. Hesab edirəm ki, həmsədr dövlətlər Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ əhalisinə yardım etmək fikrində olanda, orada yaşayanlardan daha çox, həmin yerdən zorla qovulmuş, əmlakını itirmiş adamları nəzərdə tutmalıdır. Bu vəziyyətdə isə, hamı bilir ki, Azərbaycan türkləridir. Ermənistandan da azərbaycanlılar qovulub. Onlar nəzərə alınmırsa, deməli Dağlıq Qarabağda separatçılıqla məşğul olan rejimə yardım göstərirlər. Bu isə, fikrimcə, diplomatik qaydalara ziddir. Azərbaycan hökuməti, qeyri-hökumət təşkilatları, diasporu, bütün partiyalar belə mövqe tutan ölkələrə, o cümlədən Amerikaya öz mövqeyini sərgiləməlidir. ABŞ Konqresinin bu cür yanaşması doğru yanaşma deyil. Son zamanlar bizim diasporumuzda inkişaf tendensiyaları hiss olunur. Amma hesab edirəm ki, sözügedən məsələ ilə bağlı işi təkcə diasporun üzərinə buraxmaqla onu bitmiş hesab etmək doğru deyil.

Azərbaycan dövlətilə diasporu arasında qarşılıqlı himayə mexanizmi olmalıdır. Azərbaycan diasporu ilə səfirlikləri birgə fəaliyyət göstərmək haqda düşünməlidir. Bu mənada Amerikadakı soydaşlarımızı taleyin hökmünə buraxmaq olmaz. Onlara erməni yalanına qarşı apardıqları kampaniyada yardımçı olmaq gərəkdir. Həm buradakı rəsmi qurumlarımız, həm də dünyanın digər yerlərindəki diasporumuz onlara bu işdə dəstək verməlidir".


Rüfət SULTAN Bakı-Xəbər.